“Bir araya gələnlərlə yola davam ediləcək” – Müxalifətin Zirvə toplantısı

“Toplantıya qatılmayanların bu davranışını müzakirə etməyə və onları suçlamağa ehtiyac görmürəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dekabrın 25-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında baş tutan müxalifətin Zirvə toplantısının nəticələrini dəyərləndirən Böyük Azərbaycan Partiyasının ((BAP) sədri Elşad Musayev deyib.

Partiya sədrinin sözlərinə görə, toplantının nəticələri qarşıya qoyulan məqsəd baxımından, müsbət qiymətləndirilməlidir:

“Hər halda, uzun fasilədən sonra çox sayda müxalifət partiyalarının və ictimai qurumların, ayrı-ayrı siyasi fəalların iştirakı ilə bir tədbirin keçirilməsi yüksək qiymətləndirilməlidir.

İyirmi üç müxalifət partiyası sədrinin, o cümlədən tanınmış ictimai xadimlərin iştirakı ilə aktual məsələlərin müzakirəsi, bir araya gəlmək imkanlarının axtarılması müsbət haldır.

Tədbirə dəvət olunsalar da, iştirak etməyən müxalifət partiyalarının bu davranışlarını müzakirə etməyə və onları suçlamağa ehtiyac görmürəm. Yəqin ki, onlar da zaman-zaman bu prosesə qoşularlar. Çünki müxalifət qüvvələrinin hamısının bir arada olması sosial sifarişdir. Hələlik bu gün Bir araya gələnlərlə yola davam ediləcək”.

A.Zeynalov

COP29