“Bir çoxları İranın Azərbaycana hücumunu gözləyir”.
Yenicag.az xəbər verir ki, bu sözləri mövcud vəziyyətdə İranla Azərbaycan arasında yaşanan diplomatik gərginliyi şərh edən siyasi şərhçi Rauf Mirqədirov deyib.
Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyində yaşanan son hadisədən sonra əksər dövlətlər İran-Azərbaycan savaşının başlayacağını ehtimal edirlər, lakin yanılırlar:
“Bir ölkədə olan diplomatların hamısının təxliyyə olunması tarixdə yaşanan nadir hadisələrdən biridir. Bu, dövlətlərarası münasibətlərin son gərginlik həddinə çatdığını göstərir. Ümumiyyətlə, son dövrlər İranın daxilində çox ciddi hadisələr baş verirdi. Əgər bir ölkədə daxili problemlər yaşanırsa, bu halda digər ölkələrin səfirlikləri daha ciddi müdafiə olunmalıdır. İran isə Azərbaycan səfirliyini yetərincə müdafiə etmədi. Azərbaycan tərəfinin reaksiyasından görünür ki, ölkə başçısı İlham Əliyev son illər xarici siyasətdə çox ehtiyatlı davranır. İndiki məqamda İran Azərbaycana qarşı heç bir ciddi təhlükəli addım ata bilməz. Halbuki uzun illər idi ki, Azərbaycan İranın bütün haqsızlıqlarına göz yumurdu. Son hadisə Azərbaycan tərəfinin İranın sərgilədiyi mövqeyə münasibətinin hansı səviyyədə olduğunu açıq şəkildə göstərdi. Əslində, bir çoxları İranın Azərbaycana hücumunu gözləyir. Lakin bu hücum baş verməyəcək”.
Gülşən Şərif