Son vaxtlar ölkədə 2013-cü ildə tədavülə buraxılmış bir dolların 100, 1000, 3000 manata satın alınacağı ilə bağlı elanlara rast gəlinir. İddialara görə, həmin əsginasların kütləvi satışa çıxarılmasına səbəb məşhur iş adamı İlon Maskın “Twitter”dəki paylaşımı olub. O, 2013-cü ildə tədavülə buraxılmış bir dolları məşhur kriptovalyuta olan “Bitcoin”lə dəyişəcəyini bildirib.
Mövzu ilə bağlı İqtisad Universitetinin professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, bir dollarlıq əsginasla bağlı yayılan elanlara inanmamaq daha məqsədəuyğundur, çünki bu cür ajiotaj yaradan hallarda investorların aldanması ehtimalı yüksək olur:
“Hazırda dollar əsginasları üzərindən yaşanan ajiotaj daha çox spekulyativ amillərlə bağlıdır. Yəni mövcud tələb böyük kapital yığımı həyata keçirmək üçün atılan bir addımdır. Təəssüf ki, bu cür addımlar bir çox hallarda təcrübəli investorları da çaşdırır və onlar da müəyyən yatırımlar qoyurlar. Demək olar ki, bu gün maliyyə və fond bazarları şişmiş vəziyyətdədir. Bəzən bu tip investisiyaların həyata keçirilməsi nəticəsində böyük mənfəətlər əldə etmək mümkün olsa da, risklər olduqca çoxdur. Çünki hər an real olaraq bir dəyərə malik olmayan investisiya alətlərinin qiymətləri xeyli dərəcədə aşağı düşə bilər və nəticədə böyük məbləğli vəsait itkiləri yaşana bilər. Ona görə də investorlar ehtiyatlı olmalıdır. Aktivlər nöqteyi-nəzərdən 2013-cü ildə tədavülə buraxılmış bir dolların digər bir dollarlıq əsginaslarla müqayisədə heç bir real fərqi yoxdur. Bu baxımdan, məlum ajiotajın məqsədi bazarda tələbin süni şəkildə şişirdilməsi ilə böyük vəsaitlər əldə etməkdir. İnvestorlar bu cür investisiyalara yatırım edərkən çox diqqətli və realist olmalıdırlar”.
Gülşən Şərif