Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bir eranın sonu: dünyanın Lütfi Zadə möcüzəsi bitdi  

Müasir dünya elminin ən parlaq nümayəndələrindən biri, inanılmaz texnoloji nailiyyətlərə yol açan kəşfləri ilə adını tarixə yazdıran Lütfi Zadə haqq dünyasına qovuşdu.

Yenicag.az xəbər verir ki, dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluq və qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə ötən gün ABŞ-ın Kaliforniya ştatında vəfat edib.

1921-ci il fevralın 4-də Bakıda jurnalist Rəhim Ələsgərzadə və həkim-pediatr Feyqa (Fanya) Koremanın ailəsində dünyaya gələn Lütfi Zadə ibtidai təhsilini 16 saylı orta məktəbdə alıb.

Lakin 1932-ci ildə ailəsi ilə birlikdə İrana köçməli olan Lütfi Zadə təhsilini Tehrandakı amerikan missioner məktəbində davam etdirib.

Daha sonra Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olan gələcəyin böyük alimi oranı bitirdikdən sonra təhsilini davam etdirmək üçün 1944-cü ildə ABŞ-a yollanır və 1946-cı ildə Massaçusets Texnologiya İnstitutunu magistr dərəcəsi üzrə başa vurur.

Qabiliyyəti və istedadı sayəsində yüksələn Lütfi Zadə elm sahəsində əldə etdiyi uğurlara görə, 1957-ci ildə Kolumbiya Universitetinin professoru seçilir.

Gənc alimin texnologiya sahəsindəki nailiyyətlərini diqqətdən qaçırtmayan dövrün böyük alimi, kibernetika üzrə nəhəng mütəxəssis hesab olunan Norbert Viner onu Kaliforniya ştatındakı Berkli Universitetinə dəvət edir.

Ömrünün sonuna qədər orada elmi fəaliyyətini orada davam etdirən Lütfi Zadə Berkli Universitetində də professor dərəcəsi alır.

Alimi bütün dünyada məşhurlaşdıran əsas nailiyyətləri isə qeyri-səlis çoxluq və qeyri-səlis məntiq nəzəriyyələridir. Qısaca izah etsək, dünya süni intellektin yaradılmasına, kompüterləşməyə, ağlagəlməz texnoloji nailiyyətlərə görə məhz Lütfi Zadənin bu nəzəriyyələrinə borcludur.

Lütfi Zadəni elm fədaisi adlandırmaq üçün yetərli olan səbəblərdən biri isə onun öz kəşflərinə görə kommersiya maraqlarından imtina etməsidir. Böyük alim onun nəzəriyyələrinə əsaslanaraq, milyardlar qazanan transmilli şirkətlərdən külli miqdarda gəlir əldə etmək hüququndan heç vaxt yararlanmayıb.

Dövrün böyük alimi həyatının şüurlu hissəsini xaricdə yaşamasına baxmayaraq, Azərbaycanla bağlılığını heç vaxt unutmayıb. Sovetlərin mövcudluğu zamanında (1965) və müstəqilliyin bərpasından sonra (2008) Azərbaycana gələn Lütfi Zadə vətənlə əlaqə saxlamağa hər zaman vaxt tapıb. Alim Azərbaycan mediasına müsahibələrində bu məqamı xüsusi qeyd edib.

Lütfi Zadənin xəstəliyinin şiddətləndiyi və ölüm yatağına düşdüyü ərəfədə Azərbaycanda onun şəxsiyyəti ətrafında xoşagəlməz müzakirələr açmağa cəhd edənlər oldu. Psevdopatriotlar “Lütfi Zadə Azərbaycan üçün nə edib” məzmunlu kampaniya başladaraq, alimə qarşı əsassız hücuma keçdilər. Ancaq həqiqi vətənpərvərlər onları vaxtında yerlərində oturtdular.

Lütfi Zadənin Azərbaycan üçün nə etdiyinə gəldikdə isə, bu sual qlobal şəxsiyyətlər üçün keçərli deyil. Bəşəri insanlar bir ölkə, bir xalq üçün yox, dünya üçün yaşayıb-yaradırlar: öz zəkası ilə dünya elminə mühüm təkan verən Azərbaycanlı Lütfi Zadə kimi…

Allah rəhmət eləsin!

A. Zeynalov

www.yenicag.az

1374
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM