“Həmin vaxt rayonda olan Həsənə teleqram vurdular ki, tez gəl, səni filmə təsdiqləyiblər. Həsən həmin filmdən sonra bir günün içində məşhurlaşdı”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artisti, aktyor Rafiq Əzimov milli kinomuzda əvəzsiz xidmətləri olan məşhur aktyor Həsən Məmmədovun doğum günü ilə bağlı danışarkən deyib.
O, sənət dostu ilə bağlı xatirələrini bölüşüb.
“Həsən bizim instituta gələndə artıq tələbə idi. O, universitetin fizika-riyaziyyat fakültəsinin ikinci kursunu bitirmişdi. Sonradan öyrəndik ki, valideynləri onun aktyor olmasına qarşı çıxdığı üçün o, həmin fakültəyə qəbul olunubmuş. Amma içindəki sənət yanğısı onu İncəsənət İnstitutuna gətirib çıxardı. İstedadlı, eyni zamanda xaraktercə qaradinməz oğlan idi. Üçüncü kursda oxuyanda rejissor Həbib İsmayılov Həsəni diplom tamaşasında görüb bəyənir”.
“Onu “Böyük dayaq” filminin sınaq çəkilişlərinə dəvət edir. Həsənin ağlına da gəlmirdi ki, məşhur aktyorlar qala-qala onu belə bir filmə çəkərlər. Amma sınaq çəkilişlərinə qatıldı, sonra da tətildə çıxıb getdi Salyana. Elə oldu ki, Bədii Şura sınaq çəkilişlərində Qaraş obrazını təsdiqlədi. Bədii Şuranın üzvü Rza Əfqanlının qızı Bədurə Əfqanlı deyib ki, Həsən elə əsl Qaraşdır, o çəkilsin. Bundan sonra onun Qaraş roluna çəkiməsinə qərar verilib. Həmin vaxt rayonda olan Həsənə teleqram vurdular ki, tez gəl, səni filmə təsdiqləyiblər. Həsən həmin filmdən sonra bir günün içində məşhurlaşdı. Sonralar da onun bu istedadını görən rejissorlar onu bir-birindən gözəl filmlərdə baş rollara dəvət etdilər. O filmlər indi milli kinomuzun nadir sənət inciləri sayılır”.
Cəvahir