Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bir hovur dincliyi olmayan yarışmaların adamı – 51 yaşlı Rauf Arifoğlu

O, çiyindaşlarını mənzil başına apararkən divarı dəlib keçə bilməyəcəyini biləndə də ruhdan düşmür, çıxış yolu tapır

O, ölkə mediasında adı ən çox hallanan, ən çox qınanan, söyülən, eyni zamanda ən çox sevilən, öyülən simadır. Sadəcə, bəzən onu öyənlərin və söyənlərin yeri dəyişir. Bir də görürsən ki, onu tərifləyib göyə qaldıranlar, əməyindən yararlananlar bir müddətdən sonra, şələləri bellərinə düz gələndə dəyişirlər, söyməyə başlayırlar, tanımaza-bilməzə söyənlər isə üzbəsurət olub tanıyandan sonra etiraf edirlər ki, onun haqqında yanlış fikirdə olublar, heç də deyildiyi kimi deyilmiş.

Bu da bir taledir və bu taleni yaşayan adam Rauf Arifoğludur.

Elə bu günlərdə, jurnalistlərə paylanılan mənzil xüsusunda qopan mərəkədə bir çox media quruluşlarında çalışan və indiyədək Rauf Arifoğluna dostyana münasibəti ilə seçilməyən, əksinə, harda gəldi, onu pisləyən həmkarlarımız əməkdaşlarımıza deyiblər: “Nə əcəb Rauf Arifoğlu da mənzil bölgüsündə öz qohum-əqrəbasını, qardaşını irəli vermədi?”.

Əməkdaşlarımızdan biri zarafat edib: “Niyə ki, o da qardaşını siyahıya saldı”. Adam duruxanda əməkdaşımız deyib: “İntəhası, bioloji qardaşı deyildi”.

Əslində bu fikri gündəlik toplantıların birində Rauf Arifoğlu özü demişdi. Demişdi ki, uzun illər bir yerdə çalışdığı adamlar onun bioloji də olmasa qardaşlarıdır və o, heç vaxt onların arasında ögey-doğma fərqi qoymayacaq.

Elə də oldu. Redaksiyamızdan 4 jurnalist ev aldı, amma onların heç birinin baş redaktorla qan bağı yoxdur, sadəcə, ortada uzun illər davam edən çiyindaşlıq var. Rauf Arifoğlu üçün önəmli olan budur və bu xüsusiyyət indiki madiyyat uğrunda gedən qapışma, çarpışma dolu günlərdə ciddi fərqdir.

Mənzil alacağı dəqiqləşən jurnalistlərin adları açıqlananda onlardan daha çox sevinən adam məhz Rauf Arifoğlu idi. Bu, sözlə ifadə olunmaz bir sevinc idi. İnsan belə sevinci övladı yüksək balla ali məktəbə daxil olanda, oğlu hərbi xidmətdən qayıdanda yaşaya, izhar edə bilər. Bəlkə də özü ev alanda o, bu cür sevinməyib.

Rauf Arifoğlu ədlalətli olmağa çalışan, özünün və başqalarının haqqı uğrunda çarpışan və sonunda onu əldə etməyi bacaran insandır. İllər keçdikcə onun bu xüsusiyyəti daha qabarıq şəkildə büruzə çıxır.

İllər keçdikcə….. İllər sürətlə keçir. Və bu gün, iyulun 23-də Rauf Arifoğlunun 51-ci doğum günüdür.

O 51 ilin 28-ni Rauf Arifoğlu ölkə xalqının gözü qabağında olub. Artıq ölkədə və ondan kənarda tanınan adamdır.
Onun həyatının son 30 ili çarpışmalarda, mübarizədə, iztirablı yollarda, iki dəfə də intizar dolu günlərlə keçən türmə həyatında əriyib. Burulğan kimi bir həyat. Nağıl kimi. Göz açmağa, bir hovur dincəlməyə imkan verilməyən bir idman yarışı kimi.

Bu yarışlarda, marafonda təngnəfəs olub yarıyolda qalanlar, mübarizədən bezikib həyatın dibinə çəkilənlər olub. Ancaq Rauf Arifoğlu qarşısına qoyduğu məqsədə addım-addım irəliləyib, bəzən önündəki divarı dəlib keçə bilməyəcəyini görəndə də, ruhdan düşməyib, arxasınca apardığı insanları nəyin bahasına olursa-olsun mənzil başına çatdırmağı bacarıb.

Mənzil deyəndə heç də jurnalistlərə paylanılan mənzil nəzərdə tutulmur. Hərçənd vaxtilə onun əməkdaşlarımıza ən çox verdiyi vədlərdən biri də beləydi: “Vaxt gələcək, hər birinizin rahat mənzili olacaq. Buna var qüvvəmlə çalışacam”. Belə görünür ki, o günə bir şey qalmayıb.

Rauf Arifoğlunun əsas arzularından biri də rəhbərik etdiyi media qrupunu inkişaf etdirmək, ən azı hazırkı öncüllüyünü qorumaqdır. O, bunun gündən-günə çətinləşdiyini aydın şəkildə anlayır, vaxtaşırı çətinliklərlə üz-üzə qalır, ancaq praqmatik adam olduğundan düşdüyü hər situasiyadan bir çıxış yolu tapır.

Bu gün, bu 51-ci doğum günündə Rauf Arifoğluna nə arzulamaq olar? Arzularının həyata keçməsini. Hər bir şəxs kimi onun da bitib-tükənməz arzuları var və o arzuların çoxu ictimai səciyyəlidir, şəxsi planda deyil.

Biz isə Rauf Arifoğluna həyatın ən qiymətli neməti olan cansağlığı və gümrahlıq arzu edirik. Onlar olandan sonra ömür də uzun olacaq, arzuları da həyata keçirmək imkanı yaranacaq.

Sağ ol, salamat ol, Rauf bəy. Doğum gününüz mübarək olsun.

Aqil Ələsgər və Yenicag.az kollektivi Rauf bəyi doğum günü münasibətiylə təbrik edir.

Yenicag.Az

www.yenicag.az

771
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM