Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Bir il öncə əsgərin maaşını kəsənlər bu gün..." - Hərbi ekspertdən REAKSİYA

Reklam: Sinerji Pro

“Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan məsələsi yox, beynəlxalq güclərin maraq dairəsində olan bir məsələdir”.

Bu fikirləri Zəngəzur dəhlizi ətrafındakı müzakirələr, ordudakı intizamsızlıq və sərhəddə baş verən olayları şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, sərhəddə baş verənlərin əsas səbəbi üçtərəfli bəyanatın üstündən bir il keçməsinə baxmayaraq, razılaşmaya əməl olunmamasıdır:

“Zəngəzur dəhlizinin açılmasında Rusiya daha çox maraqlıdır. Rusiyanın maraqlı olmasının səbəbi Azərbaycan və Türkiyəyə simpatiyasından irəli gəlmir. Putin dönəmində aparılan siyasət Rusiyanı Qərbin sanksiyaları ilə üzbəüz qoyub. Putinin 2007-ci ildə açıq-aşkar şəkildə söylədiyi dünyanın birqütblü ola bilməyəcəyi bəyanatından sonra dünya səksəkəyə düşdü. 2008-ci ildə Gürcüstan hadisəsi baş verdi. Daha sonra Ukraynada olan məlum hadisələr baş verdi və bu gün də davam etməkdədir. Rusiya açıq-aydın əlində olan vasitələrlə Qərbi təhdid edir. Qərb də Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Ona görə də Putinin Çinlə, Türkiyə ilə yaxınlaşması labüd olub. Zəngəzur dəhlizinin açılması Rusiya üçün nəfəslik rolu oynayır. Rusiyaya qarşı olanlar isə Ermənistanı işə salaraq bu dəhlizin açılmasına mane olmaq istəyirlər. Barışmaz düşmən olan İran, ABŞ, Fransa, Gürcüstan maraqlıdır ki, Zəngəzur dəhlizi açılmasın. Dəhliz Ermənistan üzərindən keçməklə Qərbə çıxış olsun. Göründüyü kimi, bu məsələ Azərbaycan və Ermənistanın maraqlarından böyük məsələdir.

Deyə bilərlər ki, İngiltərə həmişə Azərbaycanın tərəfində olub. Bu məsələ belə deyil. İngiltərə orta əsrlərdən bəri bütün oyunlardan qalib çıxıb. İngiltərə heç nə uduzmur. Zəngəzur dəhlizi açılacaqsa, Azərbaycan neft və qazı Türkiyə üzərindən Qərbə gedəcək. Zəngəzur dəhlizi açılmayacaqsa, İran neft və qazı Ermənistan və Gürcüstan üzərindən Avropaya gedəcək. Hansı tərəfin daha çevik davranmasından çox şey asılıdır. Burda Ermənistanın tərəfinin hərəkətlərindən çox şey asılı deyil”.

Hərbi ekspertin sözlərinə görə, Ermənistan müharibədən sonra sərhəd dəqiqləşmələri zamanı bu qədər aqressiv davranmırdı:

“Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin atıcı silahlarla silahlanmış döyüşçülərinə ağır artilleriyadan atəş açmaqla cavab verdi və bu da hər iki tərəfin itkisi ilə nəticələndi. Təbii ki, burada bizim səhvlərimiz olmamış deyil. Bəzən zor, bəzən də danışıq gücü ilə müəyyən mövqelər tuturduq. Bu dəfə göründüyü kimi, yenə də əvvəlkilərə arxayın olaraq intizamsızlıq edərək hərəsinin əlində bir telefon, deyə-gülə irəli getdilər, beləcə atəş altında qaldılar. Təbii ki, qarşı tərəfin cavabı verildi, çoxlu sayda itkiləri oldu. Ancaq 7 şəhidimizin həyatı geriyə qayıtmayacaq. Ordu rəhbərliyi müəyyən komandirlərə qarşı tədbirlər həyata keçirdi, ancaq bunlar gecikmiş tədbirlərdir. Ehtiyat tədbirləri əvvəldən olmalı idi ki, itkimiz minimum olsun.

Mübarizə bu gün də var, sabah da. Sadəcə olaraq mübarizə hərb müstəvisindən diplomatik müstəviyə keçdi. Son baş verən hadisələr göstərdi ki, hələ də əsgərə ehtiyac var. Düşünürəm ki, bu, siyasilər və diplomatların çox böyük səhvidir ki, əsgərin gördüyü işin ardından diplomatiyamız çox zəif və dişsiz hərəkət edir. Bir il öncə əsgərin maaşını kəsənlər, bu gün diplomatların ailə üzvlərinə maaş verilməsi məsələsini qoyur. Ehtiyatı əldən verməmiliyik. Ordumuzun yanında olmalıyıq”.

Səxavət Məmməd

www.yenicag.az

417
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100