Sabiq Vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasından sonra onun Azərbaycan Güləş Federasiyasının prezidenti postunda qalıb-qalmayacağı da sual altındadır.
Yenicag.az-a müsahibə verən federasiyanın vitse-prezidenti Elçin Cəfərov bu və digər sualları cavablandırıb.
– Fazil Məmmədovun nazir postundan uzaqlaşdırılmasından sonra onun Güləş Federasiyasına əvvəlki kimi dəstək verib-verməyəcəyi müzakirə olunan məsələlərdəndir. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı…
– Biz də sizin kimi gözləyirik. Hansı qərarın veriləcəyini bilmirik. Kim gələcəksə, işimizi davam etməliyik. Bizim üçün önəmli olan budur. Milli komandalar təlim-məşq toplanışlarını davam etdirir, yarışlara hazırlaşırıq.
– Məmmədovun işdən çıxarılmasından sonra federasiyada maliyyə problemi yaranıb?
– Belə bir problemlə üzləşməmişik. Gözləyirik ki, yaxın zamanda bu məsələ öz müsbət həllini tapacaq. Çünki hər məsələni nəzərə almalıyıq. Rəqiblərdən geri qalmamalıyıq. Yəqin ki, yaxın zamanda bununla bağlı açıqlama veriləcək. Bu yaxınlarda əməkhaqqımızı almışıq.
– Sizcə, real namizəd kimdir?
– Vallah, bunu ağlıma da gətirə bilmirəm. Kim cavabdehdirsə, o da qərar verəcək. Bunu heç kim deyə bilməz. Belə məsələlər vitse-prezidentin, baş məşqçinin istəyi ilə reallaşmır. Siyasi rəhbərlikdə həll olunan məsələdir. Biz də veriləcək qərarın nəticəsini gözləyirik.
– Yeni prezident gələcəyi halda, kadr dəyişikliyindən narahat deyilsiz ki?
– Xeyr. Məsləhət olunar qalaram, olmasa gedərəm. İslahatlar ola da bilər, olmaya da… Bu baxımdan heç bir narahatlığım yoxdur.
– Ümumiyyətlə, Fazil Məmmədovun federasiyaya rəhbərlik etdiyi dövrü necə dəyərləndirirsiz?
– Bu qiyməti mən vermirəm. Onun iş fəaliyyətini bir kəlmə ilə qeyd edə bilərəm ki, Fazil müəllimin dönəmində Azərbaycan güləşi çox yüksək səviyyədə inkişaf etdi. Nəinki ölkəmizdə, Avropada, dünyada sayılıb-seçilən səviyyəyə çatdıq. Fazil müəllim qalacaqsa və ya başqası gələcəksə, o səviyyəni qoruyub saxlamaq lazımdır.
– Bir müddət əvvəl güləşçilərin şəraitsizliklə üzləşməsi etiraz aksiyası ilə yadda qalmışdı. Düşünmürsüz ki, cavabsız qalan sualdan sonra etirazlar yenidən baş qaldıra bilər?
– Mən o vaxt da demişdim ki, hərə öz işi ilə məşğul olmalıdır. İdmançı gündəlik məşqini, beynəlxalq yarışı fikirləşməlidir. Maaş tez də verilə bilər, gec də. Bu kimi problemlər iş prosesinə mane olmamalıdır. Kiminsə etiraz etməsi ilə işlər bitmir axı. Rəqiblər məşq edir, yarışa hazırlaşır. Etirazla nə əldə etmək olar? İdmançının etirazı da, narazılığı və razılığı da onun nəticəsindən asılıdır. Şərait varsa, idmançı səhər-axşam zalda olmalıdır. Fikri digər məsələlərdə qalmamalıdır. Yaxın zamanlarda bu məsələlər yaxşı mənada öz həllini tapacaq.
– Fazil Məmmədov işdən çıxandan sonra federasiya ilə maraqlanıb?
– Əlbəttə, maraqlanıb.
– Özü ilə sonuncu dəfə nə vaxt danışmısız?
– Düzü, mənim birbaşa əlaqəm olmayıb. Arada vasitəçi şəxslər olub. Bizim fikrimizi ona, onun da fikrini bizə çatdırıblar.
– Sonuncu dəfə sabiq naziri federasiyada nə vaxt görmüsüz?
– Çoxdan, xeyli müddət olar.
– Bir il olar?
– Bəlkə də olar. Rio Olimpiadasından sonra federasiyada görüş olub, onda görmüşəm.
EMİN SƏFƏROV