Bir oyundan 4 milyon avro… – Azərbaycanlı məşqçi qazanc yollarından danışdı

Futbolumuzda azarkeş səviyyəsini yüksəltmək üçün nə etmək olar? İnsanları stadiona cəlb etməyin ən yaxşı yolu nədir? Ümumiyyətlə, Azərbaycan futbolunun inkişafı necə mümkündür?

Yeniçağ.az-ın bu suallarına tanınmış futbol mütəxəssisi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov cavablandırıb. O, suallara cavab verərkən iş adamı mübariz Mənsimovun adını çəkməyi unutmadı:

“Futbola yaxşı sponsorlar lazımdır. Məsələn “Xəzər Lənkəran”ın rəhbəri Mübariz Mənsimov Azərbaycan futboluna gələndə stadion tikdirdi, uşaq futbolunun inkişafı üçün çalışdı… Ən əsası sevgi lazımdır. Mənim pulum varsa, bununla iş bitmir. Futbolu daxildən sevməlisən. Bundan əlavə pul buraxan insan fikirləşməlidir ki, futboldan heç olmasa 5-10 faiz gəlir əldə edə bilsin ki, stadion işçilərinə, bazada çalışanlara normal maaş verə bilsin. Bunun üçün də infrastruktur düzəltməlidirlər. Məsələn stadion tikilir, onun ətrafı boş qalır. Niyə axı boş qalmalıdır? Ətrafda kluba aid bazar, dükan tikmək lazımdır. Bu “Real”da da belədir, “Barselona”da da… Mən “Barselona”da olanda görmüşdüm. Ofisləri stadionun içərisindədir, hətta stadionun yanında 3 mərtəbə dükanları vardı. Azarkeşlər oradan kluba aid nəsə bir simvolik əşya ala bilirdilər. Orda olanda uşaqlar üçün 250 avroluq suvenirlər almışdım.

Hətta 10 avro verirdin səni “Barselona”nın muzeyinə aparırdılar. Klub üçün hardansa gəlir olmalıdır. Oyun zamanı tum və su satılmalıdır. Kim istəyirsə alsın. Hansısa klub istəsə bunu edə bilər. Çünki pul xırda alış-verişdədir. Buna görə də həmin məsələylə bağlı şöbə yaradılmalı və bununla maraqlanmalıdırlar. “Barselona”da olanda hər gün bizə infrastruktur barədə birsaatlıq dərs keçirdilər. Deyirdilər ki, biz adi bir oyun zamanı stadiondan 4 milyon avroya yaxın pul qazanırıq. Necə? Şərf, simvolik əşyalar, şirələr satmaqla…. Orada sular da, sendviçlər də 1 avrodur.
Təsəvvür edin, 80 minlik azarkeşlərin ən azı 50 mini su və sendviç alır.

Komandanı saxlayan şəxsin pul maşını yoxdur ki, istənilən qədər pul kəsib, paylasın… Biz də bu sistemə qoşulmalıyıq ki, azarkeş gələndə maraq oyansın nəsə alsın. Hətta klubun simvolik əşyalarından ala-ala onun xüsusi azarkeşinə də çevrilmək olar. Övladıyla gəlirsə, uşağına su, yemək, tum ya da klubun şərfini alacaq. Amma elə etmək lazımdır, qiymətlər ucuz olsun. Beləcə, yaxşı gəlir əldə etmək mümkündür”.

Aygün İlqarqızı
Yeniçağ.az