Bir qərinənin QƏZETİ – “Yeni Müsavat” 33 yaşını qeyd edir – FİLM

10 noyabr ‘’Yeni Müsavat’’ qəzetinin mövlud tarixidir. 1989-cu ilin məhz bu günündə ‘’Yeni Müsavat’’ qəzeti eyni adlı partiyanın yayın orqanı kimi ilk sayını Azadlıq meydanında yayına çıxardıb. Qəzet AMDP ‘’Yeni Müsavat’’ın qurucu katiblərindən olan Rauf Arifoğlu tərəfindən yayın orqanı kimi qeyri-formal şəkildə yaradılıb. Azərbaycana istiqlal gətirmiş bir partiyanın adı ilə təşkilat və qəzet qurmaq həmin zaman böyük cəsarət istəyən addım idi.

Həmin tarix Azərbaycanda milli azadlıq uğrunda xalq hərəkatının ən qaynar zamanları idi. Demək olar ki, bütün xalq meydanlarda idi və SSRİ-dən ayrılmaq, müstəqil dövlət olmaq yolunda örnək bir mübarizə aparırdı.

1988-91-ci illərdəki Milli Azadlıq Hərəkatının sosial mediası da, yeni mediası da, televiziyası da, Telegramı, Tik-Toku da hamısı meydan idi. İnsanlar xəbərləşmək, fikirlərini ifadə etmək, etiraz və iddialarını hayqırmaq üçün şəhərlərin, rayonların baş meydanlarına toplanardılar. Buradan bir-biri ilə sosiallaşar, tribunalardakı natiqləri informasiya qaynağı kimi, həm də mötəbər mənbə qismində dinləyərdilər. Bütün bunlar ona görə idi ki, o zaman  ölkəmizdə Azərbaycanımızın, xalqımızın haqqını, davasını, sözünü ifadə edən müstəqil KİV-lər yox idi. Yalnız bir təşkilata-  hakimiyyətdəki kommunist partiyasına xidmət edən KİV-lər vardı, onlar da xalqdan, həqiqətdən və reallıqdan çox uzaq idilər. Ölkə də, ölkənin içindəki insanlar da faktiki olaraq, informasiya blokadasında idi. Müstəqil, samizdat xəbər yayıcıları, gizli qəzetlər  “Yeni Müsavat” da daxil olmaqla, o zaman məhz bu zərurətdən yarandı.

Məqsədimiz gerçəkləri xalqa çatdırmaq idi. Lakin həmin zamanlarda kommunist partiyasının iradəsinin kənarında qəzet buraxmaq bir cinayət əməli hesab olunurdu. Buna görə də ‘’Yeni Müsavat’’ın fəaliyyəti gizli qurulmuşdu və ilk nömrədən etibarən, sovet hakimiyyətinin Bakıdakı orqanları tərəfindən təqib altına alındı. Məsələni ciddiləşdirən ən önəmli məqamsa qurduğumuz qəzetin adında idi. “Müsavat” adı illərlə sovet təbliğat maşını tərəfindən vurulmuş, ictimaiyyətə düşmən və xain obrazlarda təqdim olunmuşdu. Azərbaycanda Müsavat adı hakim kommunist partiyasına qarşı meydan açmaq, onu devirmək, yeniləmək çağırışına bərabər idi. Təqib olunan redaksiyamız məhz Bakıdakı dözülməz mühit səbəbindən quruluşunun ilk ayında və 1-ci sayı dərc olunan kimi Gəncə şəhərinə köçdü. Qəzetin redaksiyası 1991-ci ilin ortalarına qədər Gəncə şəhərində, Bala Bağman bölgəsində fəaliyyət göstərdi.

1991-ci ilin dekabr ayında isə Elçibəyin AXC-nin Sahil Bağı ətrafındakı qərargahında ayırdığı iki otaqda redaksiya quraraq, fəaliyyətimizi paytaxtda davam etdirdik.

Elə həmin tarixlərdən –  qəzetimizin quruluşunun ilk dövrlərindən etibarən Azərbaycanda 1-ci Qarabağ müharibəsi başladı. ‘’Yeni Müsavat’’ qəzetinin və partiyasının üzvləri də Gəncə ətrafında gedən döyüşlərdə aktiv iştirak etdilər. Gəncənin ilk şəhidləri də məhz AMDP ‘’Yeni Müsavat’’ partiyasından oldu. Bəxtiyar Əliyev, Abbasqulu Məmmədov Ruzigar Qasımov AMDP ‘’Yeni Müsavat’’ın Gəncə təşkilatının qurucularından idilər.

‘’Yeni Müsavat’’ qəzetinin və onun yazarlarının taleyinə 28-29 il məğlubiyyət və milli faciələrin yazarlığı düşüb. Bütün qaynar nöqtələrdə olan ‘’Yeni Müsavat’’çılar könüllü döyüşçülərlə birlikdə döyüş meydanlarında, səngərlərdə olsalar da, o zamanın şərtləri altında elə həmin könüllülərlə birgə gerçəkilmələri və ağır məğlubiyyətləri yaşayıblar. Məsələn, qəzetin qurucu baş redaktoru Rauf Arifoğlu yazır ki, o 14 may 1992-ci ildə Laçından ən son çıxan jurnalistlərdən olub (bax). Zamanın bütün jurnalistləri məğlubiyyət acısını və ağrısını yaşayaraq, illərlə Qarabağ savaşının, milli revanşın başlamasını gözləyiblər

‘’Yeni Müsavat’’ qəzetinin kağız versiyası  bir zamanlar çox populyar idi. Azərbaycanda da, Rusiyada da, başqa yerlərdə də yayılardı. Amma necə yayılardı? Fiziki olaraq 2 gün boyunca yol gedər və Moskvadakı bazarlarda işləyən azərbaycanlı soydaşımıza 48 saat sonra yetişərdi. İndi isə biz fantastik dərəcədə böyük bir operativlik əldə etmişik. Nyu – media ilə inteqrə olunmamız sayəsində hal-hazırda əldə etdiyimiz və yaydığımız xəbərlər bir neçə saniyə sonra dünyanın hər yerində, eyni anda və eyni qaydada öz oxucusunu tapır. Biz artıq səhifələrimizdə dünyanı Azərbaycana, Azərbaycanı isə dünyaya daşımaqdayıq və buna nail olmuşuq. Bu, özü bir inqilabi dəyişiklikdir. Yeni Müsavat ölkəmizin yaxın keçmişində var idi, bugünündə var və gələcəyində olmaq üçün də həm iddiası, həm də bütün imkanları mövcuddur.

Biz sözün və millətimizin əsgərləriyik. Yer üstündə olduğumuz müddətcə, xidmətimiz davam edəcək.

Qəzetimizin həyatında iştirak etmiş, əziyyəti keçmiş hər kəsə təşəkkürümüzü bildiririk. Dünyasını dəyişən həmkarlarımıza Allahdan rəhmət diləyirik.

Biz də “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və kollektivi adından həmkarlarımızı təbrik edir, tarix olan deyil tarix yazan “Yeni Müsavat”ın yaradıcı heyətinin 33 yaşını təbrik edirik.

Sonda isə “Yeni Müsavat”ın 33 illik həyat yolundan bəhs edən “Bir qərinənin qəzeti” adlı filmini nəzərinizə çatdırırıq.