Bir qrup ictimai xadim prezidentə MÜRACİƏT ETDİ: “Ürəyi Laçın həsrətilə döyünən Əvəz Abbasova…”

Bir qrup ictimai xadim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Yenicag.az həmin müraciəti təqdim edir:

“Cənab Prezident!

Birinci Qarabağ müharibəsi zamanı evini satıb orduya və könüllü dəstələrə kömək edən qocaman jurnalist Əvəz Abbasov çətin vəziyyətdədir.

Məlumat üçün bildirək ki, Əvəz idris oğlu Abbasov 1948-ci ilin 29 iyununda Laçın şəhərində anadan olub. 1966-cı ildə Laçın rayon 1 saylı orta məktəbini, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsini bitirib. “Bakı”, “Azərbaycan gəncləri”, “Azərbaycan pioneri”, “Qobustan” jurnalı və bir çox mətbu orqanda publisistik yazıları dərc edilib, Dövlət Televiziyasında çalışıb və yayımlanan verilişlərin ssenari müəllifi olub, uzun müddət Texniki Unveristetin Nəşriyyatının direktoru vəzifəsində çalışıb.

Bir çox kitabların tərtibatçısı, müəllifi olan Əvəz Abbasov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 75 illiyi münasibətilə “Heydər  zirvəsi” fotoalbomunu ərsəyə gətirib, 2007-ci ildə “Qızıl əllər” mükafatına layiq görülüb.

Azərbaycan jurnalistikasının inkişafında xüsusi yeri olan Əvəz Abbasov Birinci Qarabağ müharibəsində 150 min manat vəsaiti ordu və könüllü dəstələrə kömək üçün sərf etmişdir.

Əvəz Abbasov müstəqillik, dövlət və dövlətçilik, azərbaycançılıq ideyalarını daim qoruyan vətənpərvər ziyalıdır.

Cənab Prezident!

Sizin rəhbərliyiniz altında 2020-ci ilin sentyabrında başlayan və Zəfərlə yekunlaşan Vətən müharibəsi nəticəsində çoxillik işğala son qoyuldu, düşmənə “Dəmir Yumruq” gücü göstərildi! Artıq bu gün Vətən həsrəti çəkən yurddaşlarımızın öz doğma toraqlarına qayıtmaları prosesinə başlanılıb.

İki ildir davam edən Zəfər sevincimizi avqustun 26-da daha da artırdınız! Düşünülmüş siyasətinizin nəticəsi olaraq Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi.

Möhtərəm Prezident!

Bütün bunların fonunda qeyd etmək istəyirik ki, daim ordumuzun yanında olan, Ümummilli lider Heydər Əliyevin və Sizin siyasətinizi dastəkləyən qocaman jurnalist Əvəz Abbasov bu gün çətin həyat şəraitində yaşayır.

Həyalı ömür sürən Əvəz Abbasov bu günə qədər heç bir fəxri ad üçün rəsmi müraciət etməyib. Lakin bizlər onun çətin durumunu görərək Əvəz Abbasovun jurnalistika, nəşriyyat tarixindəki xidmətlərinin qiymətləndirilməsi üçün Sizə müraciət etməyi qərarlaşdırdıq.

Ürəyi Laçın həsrətilə döyünən Əvəz Abbasova ən böyük hədiyyəni Laçın azad etməklə Siz verdiniz!

Sizdən Əvəz Abbasova Əməkdar jurnalist fəxri adının və Prezident təqaüdünün verilməsini rica edirik. Sizin bu qərarınızın azad Laçının da ruhunu oxşayacağından əminik.

Professor, Əməkdar jurnalist Qulu Məhərrəmli

İSBAM sədri Samir Adıgözəlli

Əməkdar jurnalist Əbülfət Mədətoğlu

Əməkdar jurnalist Yadigar Məmmədli

Əməkdar jurnalist Araz Qurbanlı 

Əməkdar jurnalist Elçin Mirzəbəyli

Əməkdar Mədəniyyət işçisi, “Olaylar” informasiya Agentliyinin direktoru Yunus Oğuz

Aznews.Az-ın Baş redaktoru Elçin Zahidoğlu

“Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu

Əməkdar jurnalist Ağacəfər Həsənli

Fəlsəfə üzrə elmlər doktoru Löğman Rəşidzadə

Hüquqi, İqtisadi, və Sosial Tədqiqatlar Mərkəzinin direktoru Əli Hacı Ağaevli

“Yeni Çağ” Media Qrupunun Baş redaktoru Aqil Ələsgər”