Naxçıvan Muxtar Respublikasında (MR) bir sıra qurumların internet səhifələrinə giriş məhdudlaşdırılıb.
Yenicag.az xəbər verir ki, Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərdən istifadənin asanlaşdırılması, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi və qurumlarda informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq nazirliyin mütəxəssisləri və aidiyyəti dövlət orqanları ilə birgə muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının internet informasiya ehtiyatlarının proqram təminatının, dizaynının, informasiya təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq qurumlarla monitorinqlər aparılıb.
Qurumların informasiya ehtiyatının rəqəmsallaşdırılması və texnoloji hazırlıq səviyyəsi ilə bağlı mövcud vəziyyət araşdırılıb. Nəticədə nazirliyin hostinq sistemində yerləşən, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2012-ci il tarixli Qərarındakı tələblərinə uyğun olmayan və SSL (təhlükəsizlik) sertifikatı mövcud olmayan 70-dən artıq veb-saytın fəaliyyəti ilə bağlı aidiyyəti qurumlara məlumatlar göndərilib.
Həmçinin nazirlik tərəfindən muxtar respublikada informasiya təhlükəsizliyi tələblərinə cavab verməyən dövlət orqanlarının rəsmi internet səhifələrinə girişlər mərhələli şəkildə məhdudlaşdırılıb. Bunlarla yanaşı, 40-dan artıq qurumun rəsmi internet səhifəsi isə tələblərə uyğunlaşdırılaraq “AzStateNet” hostinq zonasında yerləşdirilib, eləcə də, qurumların domen ünvanları da müvafiq qaydada yenilənməklə “GOV.AZ” domeninə bağlı e-poçt adresləri ilə təmin edilir.