!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir terrorun əks-sədası: Dövlət millət vəkillərini qoruyurmu?

!Reklam – Yazi

Ukraynada ötən gün millət vəkillərindən birinə qarşı təşkil olunan bombalı sui-qəsd deputatların təhlükəsizliyi məsələsini aktuallaşdırıb.

Yenicag.az xəbər verir ki, dünən Kiyevdə müxalifətçi Radikal Partiyadan olan deputat İqor Mosiyçuka qarşı törədilən sui-qəsd nəticəsində 1 nəfər ölüb, 3 nəfər, o cümlədən millət vəkilinin özü də yaralanıb.

Məlumata görə, partlayış zamanı həlak olan şəxs Mosiyçukun mühafizəçisidir. Qeyd olunur ki, Mosiyçuk və başqa bir neçə şəxs “Espreso” telekanalının binasından çıxarkən, deputatın avtomobilinin yanında saxlanılan motosikletə quraşdırılmış partlayıcı qurğu işə salınıb. İlkin təhqiqatdan sonra hadisənin sui-qəsd olduğu rəsmi səviyyədə təsdiqlənib.

Ukraynada baş vermiş bu hadisə Azərbaycan parlamenti üzvlərinin təhlükəsizlik məsələsini də gündəmə gətirib.

Doğrudur, Ukraynada və Azərbaycandakı mövcud siyasi vəziyyət kəskin fərqlənir.

Azərbaycandan fərqli olaraq, Ukraynada yarıhərbi siyasi partiyaların parlamentdə təmsil olunmaları siyasi rəqiblər arasında silahlı ayırdetmələri adi hala çevirib. Bununla belə, daşıdıqları status Azərbaycanın millət vəkillərinin mühafizəsinin necə təşkil olunmasını maraqlı edir.

Bu barədə Yenicag.az-a danışan deputat, Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə nə cangüdənlərin xidmətindən istifadə etdiyini, nə də dövlət tərəfindən millət vəkillərinə mühafizəçilərin ayrılmadığını deyir:

“Cangüdənim yoxdur və dövlət də biz deputatları qorumaq üçün mühafizəçi ayırmır. Buna normal baxıram. Ümumiyyətlə, Azərbaycanda deputatların həyatına xüsusi təhlükə olduğunu da düşünmürəm.

Ukraynaya gəldikdə isə orada siyasi mübarizə yox, faşistsayağı “razborka”lar baş verir. Şükür ki, Azərbaycanda belə dözülməz mühit yoxdur.

Bayaq da dedim, cangüdənim yoxdur. “Allaha pənah”, deyib yaşayırıq. Hesab edirəm ki, əgər kiməsə qarşı sui-qəsd planlaşdırılıbsa, cangüdənlərin buna mane olmaq imkanları minimumdur. Elə Ukraynadakı hadisədə də həlak olan yeganə şəxs məhz cangüdəndir.

Tarixə baxaq, Con Kennedi (ABŞ), İndira Qandi (Hindistan), Ulaf Palme (İsveç), İshaq Rabin (İsrail) kimi dövlət və hökumət başçıları da məhz sui-qəsd nəticəsində öldürülüblər. Bilirsiz ki, İsrail mühafizə xidməti dünyada ən yaxşısı hesab olunur. Ancaq oradakı cangüdənlər də Rabini ölümdən qoruya bilmədilər. Əsas məsələ sui-qəsdçilərin hədəfinə düşməməkdir”.

Xatırladaq ki, müstəqil Azərbaycanda indiyə kimi iki millət vəkili – Əli Ansuxski (1996) və Ziya Bünyadov (1997) terror hücumunun qurbanı olub.

A. Zeynalov

www.yenicag.az

3099
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv