Televiziyada işlədiyimiz vaxtlarda müxbirlərin ən çox dava elədikləri sənət sahibləri kinooperatorlar idi. Mübahisə mövzusu da bu idi ki, televiziyada əsas kimdir – operator, yoxsa müxbir. Bu vaxt mən deyirdim ki, əsas jurnalistdir. Onda operator çəkiliş vaxtı kameranı söndürüb otururdu zalın bir küncündə. Deyəndə ki, a bala, dur çək, niyə oturmusan? Onda cavab verirdi ki, “bəs demirdin ki, əsas sən müxbirsən, məni neyləyirsən? Əgər mənə möhtacsansa, əgər mən nəsə çəkməsəm sənin yazdıqların eləcə kağız üzərində qalacaqsa, deməli burda, televiziyada əsas operatorlardır, yəni ki, mənəm”.
Bu zaman uşaqlıqdan bir sual ətrafında baş sındırdığım, həllini tapmadığım məsələ gəlib dayanırdı göz önümdə: görəsən hansı birinci əmələ gəlib – toyuq, yoxsa yumurta? İşə qayıdırdıq. Rejissorlar bu mübahisəmizi eşidəndə belə cavab verirdilər: “İkiniz də qələt eləyirsiz. Televiziyada əsas vəzifə rejissordur”. Amma hamımız gözəl bilirdik ki, hər üç vəzifə televiziyanın dayaq nöqtələridir. Ancaq düzünü desəm, tamaşaçı sonda rejissorun işini görür, onu qiymətləndirir. Çoxları televiziyanı düzgün olaraq “rejissor televiziyası” adlandırırlar.
Mən kino sahəsini də belə sanırdım. Kollektiv məhsulu hesab edirdim. Ssenarist – televiziya dilində jurnalist – ssenarini yazır. Bu müzakirə olunur, təsdiq edilir, daha sonra baş rejissor öz vəzifəsinin icrasına başlayır. Əlbəttə ki, quruluşçu operator həmişə rejissorun yanında olmaq şərtiylə.
Mən əsasən xarici telekanalları izləyirəm. Yox, milli kanallarımıza heç bir pritenziyam yoxdur. Sadəcə bir qənaətimə görə. İndi deyəcəksiniz ki, yəqin Mahir on bir il üç ay su içdiyi quyuya tüpürmək istəmir. Söhbət on bir il işlədiyim AzTV-dən, üç ay çalışdığım Speysdən getmir. Bu öz yerində. Amma mən ümumilikdə götürürəm Azərbaycanın televiziya məkanını. Xaricini gördüyünüz televiziyaların indiki daxilini olduğu kimi sizə göstərsəm, iki dənə dəsmal götürüb ağlayar, halına acıyarsınız. Bir ümumi söz deyim, bununla da qurtarım. Nə vaxtsa əlavə, xırdaçılıq kimi dəyərləndirilən şeylər, indi televiziya işini, yaradıcılığı tam kölgədə qoyub. Açması? – Pul. Reytinq. Sponsor.
Bayaq nədə qaldım? Hə, xarici televiziyalarda. Bu yaxınlarda Rusiyanın “Vremya” kanalında demək olar ki, hamının sevimli kinosu olan, xalq arasında Ştirlits kimi tanınan “Baharın 17 anı” filmi haqqında verilişə baxırdım. O günə kimi bu çoxseriyalı filmə dəfələrlə baxmışdım. Ssenari müəllifinin Yulian Semyonov olduğunu bilirdim. Baş rollarda çəkilənlərin adlarını da əzbər bilirdim. Amma bilmirdim ki, bu filmin baş rejissoru, balaca boylu, incə-mincə qadın xeylağı, SSRİ Xalq artisti Tatyana Lioznovadır. Özü də ki, bu film SSRİ Dövlət mükafatına irəli sürülsə də, layiq görülməyib. Respublika səviyyəli başqa bir mükafatı alanda isə laureatlar arasında ssenari müəllifi Yulian Semyonovun adı olmayıb. Bax, bu verilişdə çox mətləblərə aydınlıq gətirildi. Demə Lioznova “Baharın 17 anı” filmini çəkməyə başlayanda Yulian Semyonova təklif edib ki, onun adını ssenari müəllifi sırasına salsın. Amma yazıçı razılaşmayıb. Nəticədə isə rejissor onu mükafata namizədlər sırasından çıxarıb. Deməli, kinoda əsas adam kimdir? Əlbəttə ki, quruluşçu rejissor. Əsər ssenari müəllifinin təxəyyülüdür. Amma kino quruluşçu rejissorun təxəyyülünün məhsuludur. Hətta, lazım olsa, romanda sağ qalan baş qəhrəmanı kinoda qətlə də yetirə bilər – kinonun daha təsirli, güclü alınması naminə.
HAŞİYƏ: Xalq yazıçısı İsmayıl Şıxlıyla qonşu idik. Fəsildən asılı olmayaraq hərdən atamla Abşeron çimərliklərinə hava almağa gedirdilər. Mən də maşında arxada oturub böyüklərin söhbətinə qulaq asırdım. Neyləyim, qulaq asmayaydım? Qışın günündə başımı pəncərədən çölə çıxardaydım ki, nədi-nədi, balaca böyüklərin söhbətinə qulaq asmaz? Donardım ki… Danışmayaydılar mənim yanımda hər şeyi. Nəzərə alaydılar ki, mən də nə vaxtsa yaza bilərəm. Xülasə, İsmayıl əmi nə desə yaxşıdır? Dedi ki, “Dəli Kür” filmi böyük uğur qazanandan sonra görkəmli rejissorlardan biri yaxınlaşdı mənə ki, bəs sənin başqa bir əsərini də çəkmək istəyirəm. Amma yazacağın ssenariyə mənim də adımı müəllif kimi salmalısan. Bu razılaşma yox, şərt idi. Mən isə razı olmadım. O da gedib başqasının əsərini ekranlaşdırdı. Özü də həm ssenari müəlliflərindən biri, həm də quruluşçu rejissor olmaqla. (SON)
Yuxarıdakı iki haşiyəni oxudunuz. Bəs onda əsas kimdir? Ssenarist, yoxsa quruluşçu rejissor? Niyə axı rejissorlar ssenari müəlliflərinin haqqına girmək istəyirlər? Qonorara görəmi? İnanmıram. Ssenari müəllifinin adının titrdə birinci yazıldığına görəmi? Yəqin ona görə ki, yağışın, qarın, günün altında filmi çəkən rejissor olur. Aktyorların kaprizinə dözüb, əsəbləşən, qışqırıb-bağıran o olur. Filmi montaj edən o olur. Filmi təhvil verən o olur. Film yenidən montaja qaytarılanda əziyyətini o çəkir. Filmi brak elan olunub (qadağa qoyulanda) arxivə göndəriləndə “dəvəsi ölmüş ərəb” və ya “övladını itirən” o olur… Ssenarist isə bu zaman ərzində evdə oturub limonlu pürrəngi çay içir. Kabinetində rahat oturub bir qələminin işarəsiylə, istəyir qar yağdırır, istəyir zəlzələ törədir. İstəyir qəhrəmanı qətlə yetirir, istəyir at belində doğuzdurur… Yazıq rejissor isə bütün bu cizgiləri canlandırmaq üçün dəridən-qabıqdan çıxmalıdır. Yox, Xalq yazıçısı Anar kimi yazıçımız da var ki, ssenari müəllifi olduğu “Üzeyir ömrü” filmində özünü həm də rejissor kimi sınayıb. Məncə uğurlu da alınıb. (Görəsən, nə qədər qonorar alıb?)
Son illər gəldiyim bu qənaətlərə əsasən sovet dövründə çəkilən filmlərə yeni gözlə yenidən baxmağa başlamışam. Niyə məhz sovet dövründə çəkilən Azərbaycan filmlərinə?
HAŞİYƏ: Sovetin “Jiquli” maşınını heç kim sovet maşını kimi qəbul etmirdi. Onu italyan maşını adlandırırdılar. Amma “Volqa”, “Moskviç” və “Zaporojets” doğma maşın sayılırdı. “Volqa” əla idi. “Moskviç” isə çox pis çıxırdı. Amma ikisini də sovet buraxırdı. Sual meydana çıxırdı ki, bəs niyə hər iki maşını keyfiyyətli buraxmırlar? Bu suala qohumumuz, atamın dayısı oğlu Şamil gözəl cavab tapdı:
“Bax, Qabil, “Moskviç”in mühərriki güclüdür, amma korobkası və başqa hissələri gücsüz. Ona görə də güclü motor hamısını sıradan çıxarır. Yaxud da zəif hissələr bu gücün qabağında tab gətirə bilmirlər. Nəticədə isə maşın təmirə dayanır, səni yarı yolda qoyur. “Volqa”nın isə həm mühərriki, həm də digər hissələri güclüdür. Hər şey bərabər paylanır. Ona görə də gec-gec xarab olur”. (SON)
Sovet dövrü filmlərində bütün heyət güclü olurdu. Sıravi işçiyə qədər. Əlbəttə ki, başda quruluşçu rejissor olmaq şərtiylə. Amma indi rejissor lap güclü olsun, çifayda. Broyler fabrikləri bir kiloluq cücəyə şpritslə xüsusi maye vurub üç kiloluq toyuq kimi camaata sırıdıqları kimi, rejissorlarımız da sponsorlu bir ssenarini (sponsoru ssenarist tapır əsasən) öz istedadları gücünə, qəşəng model qızlar və ya keçmişin tanınmış Xalq artistlərinin gücünə …dan konfet düzəldərək, tamaşaçıya büllur qabda təqdim edirlər. Serialın bir seriyasına bir saat baxırsan. Sonda isə görürsən ki, mahiyyəti cəmi beş dəqiqə imiş.
Bu gün televiziyalarımız və kinomuz, ümumilikdə incəsənətimiz xalqa xidmət etmir. “Bu haqda az sonra! ŞOK! DANQ!” anonsuna və “Sponsorun cibi uğrunda”, “Lağlağı” şüarlarına xidmət edir. Pul hər şeyi üstələyib, top halına salıb, varlı reklamçı da topu təpik vuraraq istədiyi tora salır. Nəticədə də “üstü bəzək, içi təzək” adlı bir incəsənət dünyaya gəlir. Amma istəyir milyardı olsun, varlı heç vaxt elita sayılmayıb. Varlı bütün zəmanələrdə qızıl yığan siçovula bənzədilib. Siçovulu da təpiklə vurub, sonda qızılını əlindən alıblar. İndi isə “siçovul” meydan sulayır. Təhqirmi etdim və ya təhqirmi saydınız? Bəs onda, kinostudiyanın həyətində novostroyka tikiləndə, sauna açılanda hardaydınız? Yazıçılar Birliyinin 1-ci mərtəbəsindəki qədimi kitabxananın kitabları harasa vızıldadılanda, yerində bank, restoran, gecə klubu (26-lar adı hələ qalsın bir yana) açılanda hardaydınız? Rəssamlar İttifaqının Azərbaycan prospektindəki sərgi salonunun yeri Türk Hava Yollarına ofis kimi veriləndə hara baxırdınız? Kitabxanalar, kinoteatrlar… Siyahını uzadım? Uzadımmı, ey dövlət büdcəsindən maliyyələşib, yenə də gözləri doymayan mədəniyyət və incəsənət birlikləri? Bu mövzuya nəvaxtsa yenə də qayıdacağam. Sadəcə, “Vaqif Mustafayev kimdir?” yazıma keçid üçün bu giriş mənə lazım idi. Axı, o başqa sələflərin xələfidir. İndiki … yox!
– Nə? Üç saatdır danışırsan, hələ mətləbə keçməmisən?
–Yox. Axı, sovet vaxtı kinoteatrlarda kinoların əvvəlində “kinojurnal” göstərirdilər. Bu da kinorejissor haqqında yazı olduğu üçün bütün lazımi qaydalara əməl etdim. Məhz Jurnalla başladım.
İLK TANIŞLIQ
Çox qəliz adamdır. Qəlizliyi isə əsl sənətkar olmağından irəli gəlir. Çılğındır. Çılğınlığı isə Bakının yuxarı məhlələrində böyüyüb başa-çatmasından irəli gəlir. Öz sənətində nadinc uşaq təsəvvürü bağışlayır. Çünki yaratdıqları ssenari qəlibinə sığmır (Böyük Vətən müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülənlərin çoxu məhlələrinin şuluq uşaqları olublar). Səmimi insandır. Vəzifəli oldun, səmimi, açıq oldunsa, vay o adamın halına. Çatışmayan cəhəti: “Rəhbərlik etdiyi televiziyada Azərbaycan filmlərinə geniş yer ayırır”. Təki bütün çatışmayan cəhətlər belə olaydı. Cəsarətli sənətkardır. Sovet dövründə “Mozalan” kino-jurnalında çalışıb. Bu sadəcə qısa giriş idi.
TANIŞLIQ
Tanışlıq iki cür olur: qiyabi və şəxsi. Vaqif Mustafayevi qiyabi olaraq “Yaramaz” filminə görə tanımışam. Atam Qabil bu filmə baxandan sonra bircə iradını bildirdi: “Merzavets” “yaramaz” deyil, “yaramaz” isə “merzavets”. Sadəcə, bilmirəm hansı birinci yaranıb – adın rus variantı, yoxsa tərcümə? Yaxud da ki, əksinə. Lap Dostoyevskinin “İdiot” romanının adının tərcüməsinə döndü”.
HAŞİYƏ: Əvvəllər hər hansı bir əsər meydana gələndə Yazıçılar Birliyinin “Natəvan” klubunda geniş müzakirəsi keçirilirdi. Belə iclaslardan biri də Dostoyevskinin məşhur “İdiot” əsərinin azərbaycancaya tərcüməsinə həsr olunur. Tərcümədəki incəliklər müzakirə olunduqdan, fikir ayrılıqları öz həllini tapdıqdan sonra növbə çatır əsərin adının tərçüməsinə. Biri deyir ki, “Axmaq” qoyaq, biri deyir ki, “yox, “Sərsəm” yaxşıdır”…
Bu minvalla müzakirələr uzanır. Lakin ortaq ad tapa bilmirlər ki, bilmirlər. Axırda bu müzakirələrdən bezən məşhur alim-tənqidçilərdən biri ayağa qalxıb deyir:
– Ay yazıçılar, bu “İdiot”un bircə tərçüməsi var – “Gic….aq”. Hünəriniz varsa, belə yazın. Bacarmırsınızsa, elə “İdiot” da qalsın.
Elə də olur. Bununla da müzakirələrə son qoyulur. (SON)
Amma atam kino haqqında heç nə demədi. Xoşuna gəlmişdi. Gəlməsəydi, o saat fikrini bildirərdi. Qəribə zövqü vardı. “O olmasın, bu olsun” filminə yüz dəfə baxmışdı. Hər baxanda da yeni bir şey icad edirdi. Məndə də bu xasiyyət formalaşmışdı. “Yaramaz” və “Bəyin oğurlanması”na hər dəfə baxanda kadraltı-sətiraltı yatan neçə-neçə mətləblər üzə çıxır. Daha doğrusu, demə üzdəymiş, mən görməmişəm.
Sonralar “Yaramaz” bədii filminin – çox da məşhur olmayan Vaqif Mustafayev adlı rejissorun filminin – sədası beynəlxalq festivallardan gəlməyə başladı. Ödüllərə layiq görüldü. Mənim necə, “Yaramaz” filmi xoşuma gəlmişdimi? Başa düşməkçün adama vaxt lazımdır. Yəni o qədər qəliz film idimi ki, çətin də başa düşülə? Axı, necə başa düşəydim? Orda zərfdə pul varıydı. Hətəmin xoşladığı bir qadın gedib vəzifəli adamlardan yığırmış. Mən indi bilmişəm ki, bunun adına “paket” deyirlər. (Heç filmin qəhrəmanı Hətəm də bunu başa düşmürdü. Qızın zərfdə pul saxladığını, zərfdən pul çıxardığını görüb, onun üçün portmone almağa qərar verir) Prorablar – tikinti sahəsinə məsullar – böyük ailələrini saxlamaq üçün dövlətin tikinti materiallarını oğurlayıb satırlarmış. Nazirin sürücüsü çox böyük işlər görməyə qadirmiş. Vəzifəyə adam qoydurmağa qədər. İclaslarda müdirlər ikiüzlülüklərini nümayiş etdirərək özlərini yaxşı kimi gözə soxurlarmış. “Dovşana qaç, tazıya tut” deyirlərmiş. Vəzifədə qalmaq naminə insan özünə “yaramaz” (əslində “alçaq, əclaf”) deyə də bilərmiş. Özü də ki, rəqs edə-edə. Mən – halal şair çörəyi yemiş bir gənc bunları hardan biləydim ki, hələ bir başa da düşəydim? İndinin özündə də, 51 yaşında da bir gözüm görür, o biri yox, bir qulağım eşidir, o biri yox, bir dilim… yox, bunu ağ elədim. Axı dilim bir dənədir, hələ ki, yerindədir.
HAŞİYƏ: 1988-də – Perestroykanın ilk illərində Maksim Qorki adına Moskva kinostudiyasında “Malenkaya Vera” (“Balaca Vera”) adlı film çəkilmişdi. Bu film kinoteatrlarda nümayiş etdirilirdi. Sovetin köhnə, təmiz adamları filmin başa çatmasını gözləmədən, zalı yarımçıq tərk edirlərmiş. Günlərin bir günü isə onlardan biri dözməyib qışqırır: “Bu nə biabırçılıqdır. Bu, sovet hökumətinə ləkə və böhtandır”. (SON)
“Yaramaz” filmi də 1988-ci ildə çəkilmişdi. Və bu film də sovet hökumətinə “böhtan və ləkə” idi, reallıq olsa da. Əsgəri xidmətdən təzə qayıdan, bir il idi ki, Kommunist Partiyasının üzvü olan, Xəlil Rzanın “Yest takaya partiya” və Səməd Vurğunun “Partiyamızdır” şeirlərini əzbərdən deyən, S.M.Kirov adına ADU-nun 3-cü kurs tələbəsi, 22 yaşlı Mahir, axı bu filmi necə başa düşəydi və ya necə başa düşməliydi? Nə yaxşı ki, klassik film imiş.
“Yaramaz” tarixiliyini qoruyan real filmdir. Burdakı obrazlar həm rusca, həm də azərbaycanca danışırlar. Axı, sovet vaxtı əksər ailələrdə azərbaycanlılar yarı-rusca, yarı-azərbaycanca danışırdılar.
EPİZOD: Onu ərindən – Hətəmdən ayırıb cehizini daşıtdıran ana və atasına baş qəhrəman Hətəmin arvadı belə deyir:
– Elə demə. O məni Dezdemona deyə çağırırdı.
Ana:
– Boğmaq istəyirdi səni?
Ata:
– Qələt eləyirdi atabaatasıynan. Otello köpəyoğlu əvvəlcə Dezdamonasını geyindirib-kecindirib, adam arasına çıxarıb, sonra boğdu.
Ana:
– Bəs bu, bu nə edib səninçün?” (SON)
EPİZOD: “– Maşallah.
– Bəli, babacan.
– Camaatınız inqilabi şüurunu itirməyib ki, hələ?
– Yox, nə danışırsan. Əşşi, onu da itirsək, daha nəyimiz qaldı?” (SON)
Bəli, ötən əsrin 80-ci illərinin sonunda sadə insanlar sovetin uzun illər onlara təlqin etdiyi, onlar üçün nəzərdə tutulmuş “inqilabi şüur”larını itirdilər. Yenisini isə yaratmaq yaddan çıxdı. Heç lazım da olmadı. Kapitalizmdə bu, artıq bir şeymiş. Lap şüur olsa da, bu, heç nəyi həll etmir. Çünki süni intellekt meydan sulayır. Hər şeyi pul, pul, pul həll edir. Sovet vaxtı Hətəm kimi çekanka ustası, nənəsindən bu sənəti öyrənən birisi “İşəyən oğlan” lövhəsini bir-bir hazırlayırdı. Sonra bu qədim sənətin ustalarını başına yığıb sex təşkil etdi. Daha sonra məktəbini yaratdı. Qiyməti – mətaha çevrilməsi də malın əl işi olmağında idi. Amma nazir bundan xəbər tutanda və fabrikin direktorundan “haqq” istəyən kimi bütün bu dəyərlər hamısı dəyərsizləşdi. Qəlib çıxarılıb, ştampovka üsulu ilə istehsalata keçildi. Lap indiki dövr yadıma düşdü. Hamının əlində telefon, hamı şəkil-selfi çəkdirir, hamı məktublaşır, hamı nəsə yaratmaq yox, yalnız qazanmaq barədə düşünür və sair, ilaxır. Elə bil hamını bir ata əkib, bir ana doğub. Görəsən, nə vaxtsa robotluqdan çıxıb, yaşamağa nə vaxt başlayacaqlar?
Görəsən, tualetin qapısına vurulmaq üçün nəzərdə tutulan “İşəyən oğlan” lövhəciyi niyə belə səs-küyə səbəb olur, bazarda mətaha çevrilir? Hətta “xodovoy” mal kimi sədası nazirə də gedib çıxır. Çünki ovaxtkı mühit üçün bu cür şəkil açıq-saçıqlıq sayılırdı. Necə yəni, işəyən uşaq şəklini də dövlət fabrikində istehsal edib, dövlət dükanlarında satmaq olar? Bəs indi? Gülməlidir, elə deyilmi?
Hətəm hamıya əl tutur. Pulu olmasa da, fiziki baxımdan – buyruq quludur. Amma qonşusu ona öyrədir ki, belə olma. “Kim səndən kömək istəsə, “başüstə” demə, de ki, “idi k çortu” (itil cəhənnəmə)”.
“Ya ne vor, ya prorab. U menya 9 detey i odna zarplata”. Əgər sovet dövrü prorab öz arvadının “Qəhrəman ana” medalı almaq məqsədilə doğduğu doqquz uşağı saxlamaq üçün tikintidən oğurluq edirdisə, bəs indi? Onda bunu görürdük, bilirdik, amma danışmırdıq. “Yaramaz” filmi isə göstərdi. İndi bilirik də, görürük də, çəkirik də, yazırıq da… çifayda, hər şey adiləşib. Pul qazanmayan, daş-başı olmayan kişiyə əyri baxır cəmiyyət. Təmiz olub, “asta-asta ləngərləyib keçən karvana” hürən itlərə isə heç kim əhəmiyyət vermir. Onlara atılan sümük də qəhətə çıxıb.
Babaya, böyüyə hörmət borcumuzdur. Amma bu filmdə 112 yaşlı baba ona görə hörmətlidir ki, mənzilə qeydiyyata düşəcək və Maşallahın ailəsi beş nəfər olacaq və o bir otaq da artıq ala biləcək. Bəs sonra? Sonra isə “Qocalar evi” babanın – babaların, nənələrin yolunu gözləyir. 112 yaşlı baba deyir: “İndi adamlar ürəyində bir şey fikirləşir, dili bir söz deyir, sözüylə də əməli düz gəlmir. Ölmək vaxtıdır. Yorulmuşam, bala, təngə gəlmişəm”. Və həmin gecə də ölür. Nəvəsi Maşallah isə qəmgindir. Babasının ölümünə yanmır. Əsla. Bunu gizlətmir də… “112 yaşında lapdan getdi. Bir il də yaşasaydı ev işimi düzəldərdim”. Sonra da babasının cənazəsi başında ağlayaraq “Baba, hara getdin, ay baba” deyə elin gözünə ağı söyləyən arvadına acıqlanır: “Babaya gic-gic suallar vermə!”
Südə su qatanlar eşitmişdik, bu kinoda limonada su qatanları tanıdıq. Baş qəhrəman Hətəm isə əvvəl işlədiyi limonad zavodunda bu əyintilərə qarşı mübarizə aparmaq üçün demokratik ab-hava yaratmaq istəyir. Bu ab-hava isə ilk olaraq da onun özünə tətbiq edilir. Onun başaparan fəaliyyəti iclasa çıxarılır və o, səsvermə yoluyla işdən azad edilir. Direktor guya ona tərəf çıxsa da… Çünki sovetdə olduğu ki, demokratik quruluşda da hər şeyi səs çoxluğu həll edir. Səs çoxluğu isə pislərin tərəfindədir. Hətəm isə iclasda heç nə demir. Direktorun simasızlığını başa düşsə də…. Etirazını isə zavod həyətindəki boş tara – plastmas yeşiklərinə təpik, yumruq atmaqla, onları dağıtmaqla bildirir (Təsadüfən taraların içində olan boş şüşə qabını isə sındırmır. Axı, dövlətin malıdır. Dövlətə ziyan vurmaq olmaz). Yel dəyirmanıyla vuruşan Don Kixotun varisi kimi.
Kinoda erməni məsələsinə üstüörtülü bir münasibət var. Kino boyu Xalq artisti Balayan direktor Qəzənfərə zəng edib, “İşəyən oğlan” lövhəsi istəyir. Qəzənfər isə vermir. Hətəm isə direktor olan kimi katibəyə “ürəyi nə qədər istəyir verin” tapşırığı verir. Heç erməniyə də “ürəyi nə qədər istəyir verin” deyərlər? Elə deyəndə, sonu da belə olur da…
Həmişə ön sıralarda gedən Komsomolçu, artıq qəbul otağında çürüyür. Ona iş verilmir. Çünki gənc mütəxəssisə cəmiyyətdə ehtiyac yoxdur. Dövran Hətəm kimi yaramazların, alçaqların və əclaflarındır.
Hətəm yaramazdır. Əlbəttə ki, filmin əvvəlində. Heç nəyə yaramır. Hətta arvadı da, qohumları da onu atıb gedir. İşdən çıxarılır. Cəmiyyət onu təkləyir. Bunu başa düşür. Ona görə də əlinə fürsət düşən kimi hamısının acığını çıxır. Cəmiyyət onu kəmfürsətə çevirir. Vəzifə pilləsində qalxdıqca alçaqlaşır, əclafa çevrilir. Nəticədə pulu çoxalır, cəmiyyətdə hörməti artır, direktoru olduğu zavod Birliyə çevrilir, Ali Sovetin deputatı seçilir. Bu məqamda atamın filmin adıyla bağlı dediyi iradını düzgün sayıram. Tərcümə və ya filmin azərbaycanca adı üç sözdən ibarət olmalıydı: “Yaramaz, Alcaq, Əclaf”. Filmin əvvəlində kimyaçı olan, laborant işləyən Hətəmin sonu istehsalçı olur. Yenə də cəmiyyətin üzləşdiyi bəla: “Qeyrətsiz oluruq biz, səhv düşəndə yerimiz”.
Hətəm tipik surətdir. Hətəm klassik surətdir. Vaqif Mustafayevin bu filmi klassik filmdir. Tarixilik baxımdan əhəmiyyəti böyükdür. Rusların məhz həmin ildə – 1988-də çəkdiyi “Malenkaya Vera” bədii filmi Sovetin tərbiyəsiz mühitini açıb ortalığa qoyurdusa, “Yaramaz” vəzifə kürsüsündə yüksələrək alçaqlaşanlar mühitinin əksi idi. Sənətşünasların təbirincə desək, gözəl ekran həlli. “Yaramaz”, toruna Qızıl balıq düşən Qoca balıqçının Qoca qarısının nəslinin davamçılarının ekran təsviri idi. O övladlar ki, heç nəyə qadir deyillər, bəxtləri üzlərinə güləndə isə qudururlar, sonda isə hər şeylərini itirirlər. O cümlədən mənəviyyatlarını, heysiyyətlərini, vicdanlarını. Bir də ki, niyə “İDİ” deyirəm axı? İndi belə hallar yoxdurmu? Forma dəyişib, mahiyyət qalıb. Əlbəttə ki, məhdud. Amma 1988-ci ildə, sovet rejimi dövründə bu təsvir, bu cür filmin ssenarisini yazmaq və çəkmək (ssenari müəlliflərindən biri də Ramiz Fətəliyevdir) böyük cəsarət tələb edirdi.
Sovet dövründə uzun müddət müxtəlif rayon, şəhər Partiya Komitələrinin 1-ci katibi işləmiş Sadıq Murtuzayev “Insanla, torpaqla üz-üzə” kitabında zamana uyğun yeni deyimlər, “atalar sözləri” icad edib. Məhz bu məqamda onlardan ikisini qeyd etmək yerinə düşərdi: “Kimә yaxşılıq elәdin, ozunu ondan qoru”. “… Әvvәl-әvvәl kimin evini yıxırsan? – Mәnә corәk verәnin”. Vaqif Mustafayevin yaratdığı Hətəm və Hətəmlər məhz bu cür adamlardan idi.
Sovet dövrü kinoteatrlara “festivalnı” kinolar gəlirdi. Yaponiya istehsalı olan “Qızıl canavar” filminə bilet çətin tapılırdı. Əldə 25 rubla satılırdı. Nədi-nədi, bir epizodda qadın qurşağacan lüt göstərilir və ona “əl uzadılır”. “Yaramaz” filmində də erotik səhnə var. Amma nədənsə buna o vaxt fikir verməmişdim. Çünki ikrah doğurmur. Sadəcə fikri tamamladığına görə.
Vaqif Mustafayev filmlərinə xas olan bir xüsusiyyət bu filmdə də özünü yaxşı tərəfdən büruzə verir. Aktyor olmayanların epizodlarda yer alması. Məsələn, o vaxt heç məşhur olmayan Milli Qəhrəman Çingiz Mustafayev (xuliqan), Xalq artisti Brilyant Dadaşova (qonşu qız), ağı deyən arvad öz rollarının ifasından layiqincə gəlirlər. Necə deyərlər, sənətdə böyük və kiçik rol olmur. Hələ dillər əzbəri olan bir ifadəni demirəm: “Tı moy rodnoy”. Görəsən, bu ifadə müğənni Cavan Zeynallıdan filmə keçib, yoxsa filmdən Cavan Zeynallının dilinə düşüb?
Üç şey qaldıqca köhnəlmir: bal, tütün və şərab. Əksinə, zaman keçdikcə qiyməti daha da artır. Əsl sənət əsərləri də belədir. Ona görə də 29 ildən sonra – 1988-ci ildə çəkilmiş – “Yaramaz” filminə müraciət edib, fikir söyləməyim, yəqin ki, sizə çox da qəribə gəlmədi. Bu həm də görkəmli rejissor, Azərbaycan kino sənətinin son mogikanlarından olan Vaqif Mustafayevin yaradıcılığına ani bir fanat baxışı idi. İndi soruşacaqsınız ki, axı başqa bədii və sənədli filmləri də var. Niyə məhz “Yaramaz”la başladın və bitirdin. Axı, əvvəldə də qeyd etmişdim… Vaqif müəllimlə ilk tanışlığım bu filmlə başlanıb. “Bəyin oğurlanması”yla (baxmayaraq ki, ondan əvvəl çəkilib) davam edib. Heydər Əliyevlə bağlı çəkdiyi 10 sənədli filmlə PİK nöqtəsinə çatıb.
Ötən yazılarımdan birində bu sənədli filmlərə ani də olsa, toxunub, tamaşaçı qiymətimi vermişəm – 2014-cü ildə yazdığım “Elmira Axundovayla Vaqif Mustafayevin səhvi” yazımda. Vaqif müəllimin səhvi də bilirsinizmi nədən ibarət idi?
SİTAT: Mayın 10-da əlimdə pult, adətim üzrə kanalları sayırdım. “Space” kanalında sevdiyim sənədli filmlə rastlaşdım – Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi sənədli filmlə. Birinə baxdım. Bitdi. Dərhal o biri başlandı. O da bitdi. Digəri başlandı. Hamısı da biri o birindən maraqlı. Sanki ilk dəfə idi ki, baxırdım. Səhv etmirəmsə, on sənədli film. Sənətşünas deyiləm. Amma adı sənədli filmdir. Yəqin ki, bu adı bu filmlərə Vaqif Mustafayev özü verib. Bununla da böyük yanlışlığa yol verib. Vaqif müəllim, sizin çəkdiyiniz bu inikal əsərlərin bircə adı var: KİNOEPOPEYA. (SON)
Kinoşünaslıqda debütüm bilmirəm necə alındı. Bunu zarafatla deyirəm. Kinoşünas deyiləm. Amma rejissor Vaqif Mustafayevin yaradıcılığının pərəstişkarıyam. Bu da yəqin ki, son yazım yox, onun haqqında ilk yazımdır. Çünki “Vaqif Mustafayev kimdir?” sualıma cavab belə qısa ola bilməz. Yarımçıqlığı isə heç kim sevmir. O cümlədən mən.
SON
Bu yazını isə təsadüfdən yazmadım. Axı, Vaqif müəllim “Space” kanalında mənim üç ay rəhbərim – sədrim olub. İşdən çıxmaq barədə yazdığım üçüncü xahişdən sonra, ərizəmi cırıb vəzifəmi yüksəldib. Məni “Xəbərlər xidməti”nin redaktoru vəzifəsindən Baş redaktorun müavini vəzifəsinə qaldırıb. İki həftə bu vəzifədə işləyib qaçmışam. Sadəcə, atamın ölümündən sonra əsəblərim pozulduğuna və işləyə bilmədiyimə görə. Vaqif müəllim isə xatirimdə qədirbilən, kadrı, qələmi qiymətləndirən sədr kimi qalıb. Bu günlərdə isə mənə doğma olan televiziyanın – “Space”-in 20 yaşı tamam oldu. Vaqif müəllim başda olmaqla bütün kollektivi, bu illər ərzində orda çalışmış bütün həmkarlarımı TƏBRİK EDİRƏM! YUBİLEYİNİZ MÜBARƏK! YUBİLEYİMİZ MÜBARƏK!