Bir videonun gündəmə gətirdiyi açıq suallar və ya erməni dəyirmanına su tökən kimdir? – Səxavət Məmməd yazır

Savaşlar hər nə qədər ölüb-öldürmək meydanı olsa da, müharibələrin də öz qanunları, əsirlərlə, meyitlərlə, mülki əhali ilə davranma qaydaları var.

Müharibələrdə əsirlər üç kateqoriyaya bölünür: Mülki əsirlər, hərbi əsirlər və kəşfiyyatçılar. Təbii ki, onlara qarşı davranış qaydaları da fərqlidir. Yeganə jurnalistlərdir ki, kəşfiyyatçılara necə davranırlarsa, onlara da elə davranırlar.

Dövlət sərhədində əməliyyat zamanı erməni əsirlərinin güllələnməsi ilə bağlı videonu erməni tərəfi dünya ilə bir edib. Məsələ ondadır ki, bir neçə saniyəlik videodan prosesin hansı səbəbdən baş verdiyini bilmək mümkün deyil. Ümumiyyətlə, döyüşdə hərbçiyə təmkinli olmağı öyrətmək ayıya velosiped sürməyi öyrətməkdən daha çətindir. Əsir düşmək başqa şeydir, təslim olmaq başqa şey, döyüş meydanında məğlub olaraq ortada qalmaq isə başqa. Videoda ağ bayraq görmədiyimizə görə ortada qalan erməni hərbçilərinin hansı statusda olması da məlum deyil. Əslində, döyüş meydanında məğlub olaraq qalanlar qılınc haqqıdır. Bunlar Azərbaycanı və həmin hərbçiləri müdafiə etmək üçün yazılmayıb. Bütün müharibələrdə belədir. Tarix boyu da belə olub.

Hadisə zamanı Azərbaycan ordusunun hansı mövqedə qalması müəyyən deyildi. Ordu əgər irəli və ya geri hərəkət edərsə, ortada qalan erməni hərbçiləri kim, hara daşıyacaqdı? Nəzərə alsaq ki, həmin döyüşlər zamanı təxliyədə ciddi problemlər olub, yaralıların belə ərazidən çıxarılması üçün şərait olmayıb, o zaman həmin hərbçiləri kim saxlayacaqdı? Bunlar açıq suallardır.

Dəfələrlə Rusiya-Ukrayna müharibəsində, xüsusilə Ukrayna tərəfinin rus əsirləri maşından düşürən kimi ayaqlarına güllə sıxmaları ilə bağlı kadrları görmüşük. Faktiki olaraq, daşınılması mümkün olan hərbçilərə qarşı bu addım atılırsa, döyüş meydanında nələr edilmir… Bir anlıq bunu düşünmək lazımdır.

Əslində, müharibə vaxtı da çirkin kadrlar yayılmışdı. Erməni hərbçilər azərbaycanlı əsirlərə, yaralılara və şəhidlərin nəşlərinə qarşı qeyri-etik hərəkətlər edirdi. Bəli, Azərbaycan tərəfdən də bu cür addımlar atılmışdı. Azərbaycan tərəfi həmin hərbçiləri cəzalandırdı. Sual olunur, erməni tərəfi o şəxsləri cəzalandırdı? Bu barədə erməni mətbuatında bir cümlə belə keçməyib.

Xocalı soyqırımı isə başlı-başına biabırçılıqdır. Ortada videolar, fotolar və canlı şahidlər var. Azərbaycan tərəfi bundan lazımi qədər istifadə edə bilmədi. Yalnız ağlaşmalar, kanallarda da faciəvi filmlər…

Deyir, yeməyənin payını yeyərlər. Azərbaycan Qarabağı azad edəndən sonra işğal altındakı ərazilərin necə xarabalığa çevirdiklərini hər birimiz gördük. İnsanlar doğulduqları, böyüdükləri evlərin yerini belə tapa bilmirlər. Müharibədən bir qədər sonra Azərbaycan tərəfi təzminat tələb edəcəyini, hətta xarici hüquq firmaları ilə bu məsələni işləyəcəyini bildirmişdi. Üstündən iki ilə yaxın vaxt keçib, ancaq ortada heç nə yoxdur. Həmişəki kimi ləng davranış, çevik olmayan siyasət ölkəni fakt qarşısında qoyur.

Açıq şəkildə demək lazımdır ki, erməni tərəfi informasiya müharibəsində son dərəcə güclüdür və kompakt işləyirlər. Azərbaycan tərəfi həm çevik deyil, həm də bunu bacaracaq kadrlar yoxdur, olanlardan da istifadə etmir. Erməni tərəfi məlum kadrları yayanda, Azərbaycan tərəfi yalnız “köhnə kadrlardır”, “onlar da bizə qarşı eyni davranıb” deməklə ötüşdürdü. Bəli, əks zərbə vura bilmədi, məhz ötüşdürdü.

Faktiki olaraq, Azərbaycan tərəfinin əlində erməni tərəfinə aid daha böyük faktlar mövcuddur. Ancaq bir neçə saniyəlik videonun əlində, loru dildə desək, girinc qalıb.

Beynəlxalq təşkilatlar, qurumlar Azərbaycana qarşı hansısa addımlar atacaqmış. Quantanamo həbsxanasındakı əsirlərə verilən işgəncələrin kadrlarının bir çoxu hələ də internetdə durmaqdadır. Bəzilərini silə biliblər. Ümumiyyətlə, beynəlxalq hüquq var? BMT-nin özünün fəaliyyəti belə sual altındadır, hansı beynəlxalq hüquqdan danışılır?

Gələk məsələnin digər tərəfinə. Döyüş vaxtı meydanda qalanların güllələnməsinin videosunun çəkilməsini bu məsələdən ayırmaq istərdim. Həmin videonun çəkilməsi açıq şəkildə nizam-intizamın səviyyəsini göstirir. Orduda smartfon telefonların qadağan olunmasını hər kəs bilir. Ancaq heç kim buna əməl etmir. Son dərəcə ciddi boşluq olduğu aşikardır. Bu problemi aradan qaldırmaq üçün demək olar ki, heç bir addım atılmır. Hər bir hərbçinin cibində demək olar iki telefon var. Biri kamerasız, digəri isə smartfon. Məntiqlə bir çox şeyləri anlamaq olur. Ailələrini görə bilmirlər, onlarla görüntülü danışırlar. Ancaq döyüş meydanına telefon aparmaq nə deməkdir?

Azərbaycanda bütün qurumlar ictimai nəzarət sözünü eşidəndə cin vurmuşa dönür. Məsələ ondadır ki, ictimai nəzarət mütləq şəkildə təmin edilməlidir. Hər qurumun yanında “Şura hökuməti” qurmaq yox, konkret ictimai nəzarətdən gedir söhbət. Müharibə vaxtı dəfələrlə olurdu ki, mövqelərə girərkən hərbçilər dərhal smartfon telefonlarını yığışdırırdı. Özlərində yoxmuş kimi deyirdilər, bizi də çəkin. Bir jurnalist belə onlara məsuliyyət yükləyirdi. Hesab edək ki, təhlükəsizliklə bağlı döyüş meydanına jurnalist aparmaq olmur. Heç olmasa, arxaya aparmağa nə söz? Etmək olar, çox şey etmək olar. Sadəcə bunun üçün istəmək lazımdır.

İndi o kadrı çəkənin də, o gülləni atanların da, komandir heyətinin də karyerası məhv olacaq. Bunu önləmək üçün nəyə görə addımlar atılmayıb? Köhnə söhbətləri açmaq istəmirəm, ancaq məhz həmin istiqamətlə, nizam-intizamla bağlı çoxlu sayda şikayətlər vardı. Niyə vaxtında addım atılmadı?

Həmişəki kimi nəticə müzakirə ediləcək, ancaq o nəticəyə gətirib çıxaracaq səbəblərdən danışan olmayacaq.

Səxavət Məmməd