Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bir yanda insanlar, o biri yanda heyvanlar kəsilir - Agentlik acizliyini etiraf etdi - FOTOLAR

Paytaxtın Yasamal rayonu, Milli Onkologiya Mərkəzinə bitişik küçədə fəaliyyət göstərən onlarla ət kəsim yerlərində antisanitar vəziyyət hökm sürür.

Yenicag.az xəbər verir ki, Demokrat.az-ın həmin ərazidən çəkdiyi fotolardan da göründüyü kimi, sözügedən ət kəsim yerlərində elementar təmizlik qaydalarına belə əməl olunmur.

Burada bəzi ət kəsim yerlərinə təmizlik aparmaq üçün su və kanalizasiya belə çəkilməyib. Heç bir standrtlara uyğun olmayan sallaqxanaları bir yana, ət satılan yerlərin yanında heyvan leşləri belə saxlnılır.

Açıq və örtüksüz şəkildə asılan ətlərin üzərində isə milçək və digər həşəratları görmək olur. Burada insanlara satılan ətlərin normal keyfiyyətindən söhbət belə gedə bilməz. Ətlərin natəmiz şəraitdə kəsilərək satılması ilə yanaşı, ət kəsim yerlərinin Milli Onkologiya Mərkəzinin yanında yerləşməsi əlavə xəstəlik mənbəyinə çevrilib.

Təsəvvür edin ki, bir yanda onkoloji xəstəlikləri olan insanlar əməliyyat edilir, digər yanda isə heyvanlar natəmiz şəraitdə kəsilir. Ən əsası, bütün bunlar müvafiq qurumların gözü qarşısında baş verir.

Ərazidə post-patrul polis əməkdaşları gözə dəysə də, ancaq mövcud vəziyyətlə maraqlanan yoxdur.

Burada ət satan qəssablara yaxınlaşıb, natəmiz vəziyyətdə ətləri nə üçün satmaları barədə soruşuram. Onlar bunu ailələrini dolandırmaq üçün etdiklərini əsas gətirirlər.

Məcburi köçkün olduğunu deyən bir qəssab isə mənə bildirir ki, buradakı şəraitdən həm Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, həm də Yasamal rayon İcra Hakimiyyətinin məlumatı var.

Daha sonra bir neçə qəssab “onlar icazə verəndən sonra axı siz kimsiniz ki, bizi sorğu-sual edirsiniz?” deyə mənə hücum çəkir. Onlara öz vəzifəmi izah etməyə çalışsam da, məni anlamaq istəmirlər. Hətta, məni polislə hədələyərək, ərazidən getməyimi tələb edirlər.

Ərazidən gizlincə bir neçə foto çəkib, dərhal oradan uzaqlaşıram. Sonra bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə sorğu ilə müraciət edirəm.

Qida Təhlükəsizliyi Agentliyinin sorğumuza cavabını da təqdim edirik:

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti qurumlar ilə birlikdə qanunsuz heyvan kəsimi fəaliyyətinə nəzarət tədbirlərini davam etdirir. Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınmsı üçün qanunla müəyyən olunmuş qaydada ciddi tədbirlər görülür. Bu istiqamətdə indiyədək bir sıra qanunsuz heyvan kəsimi məntəqələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlər keçirilib. Bu zaman qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə bildirişlər paylanılıb, qanunvericiliyin tələbləri barədə məlumatlar verilib, onlara ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Qeyd etdiyiniz ərazidə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Yasamal rayon polis idarəsi və rayon icra hakimiyəətinin əməkdaşları ilə birlikdə dəfələrlə reyd keçirilib. Bu zaman qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərə maarifləndirici məlumatlar verilib, bildirişlər paylanıb. Onlara fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaqla bağlı xəbərdarlıqlar edilib, bəzi şəxslər isə inzibati məsuliyyətə cəlb olunub. Bütün bunlara baxmayaraq həmin ərazidə qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslər xəbərdarlıqlara məhəl qoymayaraq öz qanunsuz fəaliyyətlərini davam etdirirlər.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin tədbirlər planına uyğun olaraq həmin ərazidə yenidən reydlərin həyata keçirilməsi nəzərdə tutulur. Reydlər zamanı qanuna əməl etməyən şəxslər barədə ciddi tədbirlər həyata keçiriləcək.

Qeyd edtdiyiniz ərazidə istehlakçı və sahibkarlar hər hansı qanun pozuntusu və neqativ hallarla rastlaşdıqda bununla bağlı aidiyyəti orqanlar və Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə zəng edib məlumat verə bilərlər”.

Çox təəssüf ki, Yasamal rayon İcra Hakimiyyəti sözügedən ərazidəki ət kəsim yerlərində mövcud olan antisanitar vəziyyətlə bağlı suallarımıza hələ də cavab verməyib. Mövzunu diqqətdə saxlayacağıq.

Xatırladaq ki, bu yaxınlarda “Haqqin.az” və “Virtualaz.org” saytlarının rəhbəri olan tanınmış jurnalist Eynulla Fətullayev də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətini kəskin şəkildə tənqid etmişdi.

Jurnalist soasial şəbəkədə yazdığı statusunda sözügedən agentliyi korrupsiyaya ən çox bulaşmış dövlət orqanı hesab etdiyini bildirmişdi:

“Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı – Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır.

Hər səhər, təxminən saat 5.00-dan – 8.00-a qədər Təzə Bazarda ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu qara nöqtənin əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu qara bazardan rüşvət alır və belə cinayətlərə göz yumur… Məncə, bu Agentliyinin fəaliyyəti ciddi nəzarətə götürülməlidir.

Tanış olun: Qoşqar Təhməzli, Agentliyin rəhbəri, faktiki olaraq özümüzə və balalarımıza qarşı çirkin əməllərin iştirakçısı”.

www.yenicag.az

3654