“Qazaxıstan parlamenti tərəfindən birdəfəlik istifadə edilən siqaretlərin qadağan edilməsi ilə bağlı qanun layihəsi qəbul edilib. Rusiyada da qanun təşəbbüsünü deputatlar tərəfindən irəli sürülüb”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib.
Onun sözlərinə görə, bir çox hallarda belə siqaretlər zərərsiz tütün məmulatı kimi təqdim edilir: “Hesab edirəm ki, AQTA bu məsələ ilə bağlı ciddi işlər aparmalı, onun tərkibi haqqında maarifləndirici işlər görülməlidir. İdxal edilən birdəfəlik siqaretlərlə bağlı tələblər qoyulmalıdır. Çünki onun tərkibində zərərli maddələr olmasaydı, bir çox dövlət bununla bağlı qərar qəbul etməzdi. Bu bizdə də bir mesajdır ki, bu haqda düşünməliyik”.
E.Hacıyev qeyd edib ki, arağın istehsalı ilə bağlı keyfiyyət qaldırılmalıdır: “Dünyada arağın istehsalında bir neçə növ spirtdən istifadə edilir. Burada bir çox şərtlər var. Rəqabət qabiliyyətli məhsulun istehsalı üçün yaxşı olardı ki, qanun layihəsində idxal ediləcək spirtlərin növlərini də qeyd edərdik. Gələcəkdə yerli istehsalçıların istehsal etdikləri məhsulların keyfiyyətini artırmaq üçün idxal ediləcək spirt növləri ilə bağlı şərtlərin qoyulması məqsədəuyğun olardı”.