“Birgəyaşayışın Azərbaycan modeli” – Dəyirmi masa keçirildi

deyirmi_masa_230716_12“Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Birgəyaşayışın Azərbaycan modeli” layihəsi çərçivəsində “dəyirmi masa” təşkil edib.

Millət vəkilləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini, QHT-lərin təmsilçiləri, ictimayyət və media nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizdəki multikulturalizm ənənələrindən söhbət açılıb.

İctimai Birliyin sədri Anar Yusifoğlu layihə haqqında məlumat verib. Bildirib ki, layihə Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncamından sonra “Azərbaycanda birgəyaşayış modeli”nin ictimai müzakirəsinin aparılması məqsədilə icra edilir. Layihə çərçivəsində İsmayıllı şəhərində 2 günlük, Lənkəran şəhərində isə bir günlük təlim təşkil edilib. A.Yusifoğlu bildirib ki, Azərbaycanın birgəyaşayış modeli bir çox xarici təhsil ocaqlarında tədris olunur. Bu da ölkəmiz üçün çox vacibdir.

Tədbirdə birgəyaşayışın Azərbaycan modeli ilə bağlı fikir mubadiləsi aparılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, millət vəkilləri Fəzail İbrahimli, Sahib Alıyev, Çingiz Qənizadə, Aydın Hüseynov, Elşən Musayev, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əlməmməd Nuriyev, siyasi elmlər doktoru Cümşüd Nuriyev, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi Yadigar Məmmədli, Trend İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, jurnalist İbrahim Rüstəmli çıxışlarında Azərbaycanın multikultural dəyərlərə sahib çıxan və bunu dövlət siyasətinə çevirən nadir ölkələrdən biri olduğunu xüsusi vurgulayıblar. Bildirilib ki, dünyada baş verən siyasi proseslər xalqımızı daha çox düşündürməyə və dövlətin taleyi ilə bağlı məsələlərdə mövqeyini ortaya qoymağı tələb edir.

Qeyd olunub ki, ölkəmizdə müxtəlif din və mədəniyyətlərin nümayəndələri arasında tarixən dostluq, qardaşlıq münasibətləri olub. Azərbaycanda yaşayan hər bir fərdin, azsaylı xalqların münasibətlərinin tənzimlənməsində bu mövzu maarifləndirici xarakter daşıyır.

G.İsmayılov qeyd edib ki, multikulturalizmin formalaşması üçün çoxsaylı xalqların, dinlərin birlikdə yaşaması ilə yanaşı, həm də bu siyasəti dəstəkləyən dövlətin mövqeyi zəruridir.

Tədbirdə millətlərarası münasibət, din, dil və mədəniyyətlərin, multikulturalizm ənənələrinin inkişafı sahəsində dövlət siyasətinin təqdir olunduğu qeyd edilib. Bildirilib ki, Azərbaycanın bu prosesin önündə olması üçün beynəlxalq nüfuzu və güclü iqtisadi imkanları var. Azərbaycanda din dövlətdən ayrı olsa da, dövlət dindən ayrıla bilməz və daim bu münasibət yaxşı tənzimlənir.

Tədbirdə o da vurgulanıb ki, multikultralizm Azərbaycanı dünyada tanıtmaq üçün çox əhəmiyyətli modeldir və bu tipli layihələrin beynəlxalq statusda icra edilməsinə ehtiyac var.

COP29