“Birinci bu İranı susdurmaq lazımdır” – Keçmiş dövlət müşavirindən TƏKLİF

“Rusiya ilə heç olmasa müəyyən danışıqlar aparmaq olur, bu müzakirələrdə onlar bəzi məsələləri inkar, bəzi şeyləri isə etiraf edirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın hələ də işğal altında qalan ərazilərində pozuculuq fəaliyyətinə ara verməyən İrana qarşı zəruri tədbirlərin görülməsini vacib sayan keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan bu istiqamətdə müəyyən təsirli addımlar atmalıdır:

“Rusiya ilə İran Ermənistanın silah və yanacaq, ərzaq təminatını üzərlərinə götürməklə, pozuculuq fəaliyyətlərinə ara vermirlər. Xüsusilə, İranın yük maşınlarının Xankəndinə müntəzəm reysləri xeyli intensivləşib.

O baxımdan, hesab edirəm ki, birinci bu İranı susdurmaq lazımdır və bu, elə də çətin deyil. İranla bağlı televiziya və radioların açılmasını təmin etmək lazımdır ki, orada yaşayan azərbaycanlıların ayağa qalxmas, yeri gələndə, hakimiyyətə təzyiq etmələri üçün o KİV-lərdən istifadə olunmalıdır.

Rusiya ilə heç olmasa müəyyən danışıqlar aparmaq olur, bu müzakirələrdə onlar bəzi məsələləri inkar, bəzi şeyləri isə etiraf edirlər. Amma İrana göz qabağında olan faktı da sübut etmək olmur. Təsəvvür edin, İranın yük maşınları Ermənistana daxil olan kimi nömrələrini dəyişib erməni nömrələri taxırlar, sonra da hər şeyi boyunlarından atırlar”.

A.Zeynalov