!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Birlik olsaydı tarixin inkişafı tamam başqa cür olardı”

!Reklam – Yazi

2cd3e61b23ced2faff8d6d8b886b7f48Həbib Ələkbərsoy: ““21 Azər” millətin milli dövlətçilik düşüncəsini yenidən formalaşdırdı və möhkəmləndirdi”

Dekabr (december) ayının 12-də “21 Azər” Hərəkatının qələbəsindən 69 il ötdü. Bu tarixi milli hərəkatı və onun süqutunu milli və siyasi-ideoloji aspektdən müzakirə etmək üçün, Milli Dirçəliş Hərəkatı Partiyasının ideoloji işlər üzrə sədr müavini, Türk Hərəkatı İctimai Birliyini sədri Həbib Ələkbərsoydan müsahibə götürdük. Həmin müsahibəni təqdim edir.

-Həbib bəy, Sizcə, “21 Azər” hökumətini qoruyub saxlamaq mümkün idimi?

-Elnur bəy, mən düşünürəm ki, bir türk dövlətinin qorunub saxlanması və inkişafının yolu iki prinsipə bağlıdır: milli gücün ortaya qoyulması və Türk Birliyi.

Bildiyiniz kimi, 1945-ci il dekabrin 12-də “21 Azər” Hərəkatinin qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Güney Azərbaycan Milli Məclisinin qərari ilə Seyid Cəfər Pishəvəri Azərbaycan Milli Hökumətinin baş naziri təyin edildi. Pişəvəri dövlət başçısı olaraq, milli siyasət yürütdü və milli gücün ortaya qoyulmasını təmin etdi. O, eyni zamanda milli birlikdə maraqlı bir lider idi. Pişəvərinin hədəflərindən biri də heç şübhəsiz ki, Azərbaycanın bütövlüyü idi. Lakin milli gücə söykənən və bütövləşmək arzusunda olan bir Türk dövlətinin mövcudluğu dünya güclərinin marağında deyildi. Güney Azərbaycan Milli Hökumətinin süqutunda bütün qeyri-türk dövlətləri maraqlı idi. Eyni taleni tarixdən bu günə mövcud olmuş bütün Türk dövlətləri yaşayıb. Bu dövlətlərimizin bəziləri bütün dünyaya qarşı döyüşərək, milyonlarla şəhidlərin qanı ilə bayrağını boyayıb göylərə ucaldıb, bəziləri də həmin şəhidlərin qanında boğulub məhv edilib. Siz təsəvvür edin ki, BMT (Birləşmiş Millətlər Təşkilatı) artıq 1945-ci ildə yaranmış və bütün prinsipləri müəyyən olunmuşdur. Lakin 1946-cı ildə Azərbaycan Milli Hökumətinin məhv edilməsi üçün bütövlükdə Güney Azərbaycanın qan içində boğulmasına rəğmən heç bir reaksiya verməmişdir. Ona görə də Əlirza Amanbəyli BMT nümayəndələri ilə hər görüşündə deyir ki, “BMT-nin ilk verməli olduğu qərar Güney Azərbaycan soyqırımı ilə bağlı olmalı idi, siz onu etmədinizsə bizim sizə ehtimadımız sıfırdır!”

Lakin, həmin vaxt Türk dövlətləri mövcud olsaydı və onlar arasında bir birlik olsaydı tarixin inkişafı tamam başqa cür olardı. Təəssüf ki, həmin dönəmdə Türkiyədən başqa bütün Türk xalqları işğalda idi, Türkiyənin də durumu elə idi ki, dəstək verəcək gücdə deyildi.

Bir daha qeyd edirəm, təkcə Azərbaycanla bağlı deyil, bütün Türk dünyası ilə bağlı birmənalı şəkildə demək olar ki, Türk dövlətlərinin qorunub saxlanmasının və inkişafının tək yolu Türk Birliyi və milli gücün ortaya qoyulmasından keçir. Tarixin sınağından o da çıxmışdır ki, Türkün bir güc mərkəzi kimi formalaşması həm də dünyada ədalətin qarantıdır.

Lakin qeyd edim ki, mənə görə əsas olan odur ki, “21 Azər” Hərəkatı və onun lideri Seyid Cəfər Pişəvəri yaranmış tarixi-siyasi şəraitdən milli maraqlar naminə maksimum şəkildə yararlanmağa çalışdı və bacardığı qədər də olduqca ciddi nəticələr əldə edə bilmişdir.

-Ümumiyyətlə, hökumətin süqutunda Amerika-Qərb faktoru nə qədər rol oynayıb?

-Məlum olduğu kimi, Güney Azərbaycan Milli Hərəkatı mövcud idi və şah rejimi tərəfindən ciddi təqib altında idi. Lakin Rza Şah Pəhləvinin Hitler Almaniyası ilə hərbi müttəfiqliyə girməsi və 3000 alman zabitinin İrana göndərilməsi və burada Nasist Hərəkatını yaratmağa cəhd nəticəsində, Sovet İmperiyası İrana qoşun yeritdi və şahi devirib, sürgünə göndərdi. Onun yerinə formal olaraq oğlunu təyin etdi. Yaranmış bu vəziyyət, rejimin Azərbaycan Milli Hərəkatına qarşı yürütdüyü repressiv təzyiqləri azaltdı və Hərəkatın yüksəlişi vüsət aldı. Nəticədə, Milli Hərəkat Qələbə çaldı və bayaq qeyd etdiyimiz kimi, 1945-ci ilin 12 dekabrında, yəni 21 Azərində Hökumət formalaşdı.

Lakin, 1946-cı ildə SSRİ (Şurəvi), qoşunlarını müəmmalı şəkildə İrandan geri çəkdi və Azərbaycan SSR rəhbərliyinə Milli Hökumətə hər hansı bir dəstəyin verilməsini qadağan etdi. Nəticədə, SSRİ-nin dolayısıyla və Qərbin birbaşa dəstəyi ilə şah qoşunları bütün gücüylə Milli Hökumətə və əhaliyə qarşı hücuma keçdi. Güney Azərbaycan qan çanağına döndü. Hökumət dağıdıldı, millət soyqırıma məruz qaldı, hətda bir çox kəndlər şəhərlər yerinə yeksan edildi. Bayaq qeyd etdiyimiz kimi, dünyanın gözü önündə baş verən bu vandalizmə dünya susdu, hətda dönəminin ən nüfuzli beynəlxalq təşkilatı olan BMT-də.

O dönəmdə, əhali üçün olduqca müəmmalı və sirli görünən bu hadisələrin səbəbləri illər sonar açılır ki, bəs müttəfiqləri olan ABŞ prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın baş naziri Uinston Çörçill əslən gürcü olan Sovet diktatoru İosif Stalini inandıra bilmişlər ki, Güney Azərbaycanın istər müstəqilliyi, istər də SSRİ-nın tərkibinə qatılması hər iki halda Qafqazda gürcülər üçün təhdiddir və gələcəkdə onların sıxışdırılmasına səbəb olacaqdır.

Avropa ədəbiyyatının mahir tərcüməçisi və Avropa mənbələri ilə faydalı şəkildə işləməyi bacaran, dəyərli alimimiz filosof Əlisa Nicat müəyyən etmişdir ki, Çörçillin sonrakı söhbətlərindən belə aydın olur ki, əslidə onları Qafqazda gürcülərin taleyi narahat etmirmış ki, ciddi cəhdlə Stalini razı salmağa çalışsınlar. Çörçill, SSRİ-nın qısa zamanda dağılacağına əmin olduğundan, bu imperiya dağılanda Türkiyədən sonra, həm də qonşuluğunda, ikinci güclü türk dövlətinin yaranmasından narahat olduğu üçün Azərbaycanın bütövləşməsinin qarşısını alan siyasət yürüdürmüş. Lakin Stalinə bunu açıq şəkildə deməyin mümkünsüzlüyündən dolayı, gürcü kartından mahircəsinə istifadə edə bilib.

Bu da Milli Hökumətin süqutunda Qərb faktorunun oynadığı ən mühüm rol.

-“21 Azər” hərəkatı Güney Azərbaycan Milli Hərəkatının inkişafında nə kimi öz təsirlərini buraxdı?

-Bir illik Milli Hökumət Qərb dövlətlərinin yüz ilə keçə bilmədiyi yolu keçmişdi. Hökumət azərbaycan türkcəsini dövlət dili etdi, ana dilində məktəblər univerisitetlər açıldı, kütləvi şəkildə kitabların nəşrilərinə başlanıldı, onlarla qəzet və dərgilər fəaliyyətə başladı, ən yüksək səviyyədə mədəniyyət ocaqları yaradıldı, Milli Ordu yaradıldı, iri banklar milliləşdirildi, bütün şəhər və kəndlərdə xəstəxanalar yaradıldı, rüşvət tamamiylə aradan qaldırıldı, ciddi sosial, siyasi, iqtisadi, mədəni islahatlar həyata keçirildi və s. Bütün bunlar isə, millətin milli dövlətçilik düşüncəsini yenidən formalaşdırdı və möhkəmləndirdi. Demokratiya, insan haqları, maarifləndirmə və s. bu kimi məslələrdə Milli Hökumət artıq nümunə göstəriləcək bir sistem qurmuşdu. Bütün bunlar Milli Hərəkatın dəyişməz tələblərinin bir hissəsidir. Onlardan əlavə isə, “21 Azər” Hərəkatı milli gücü ortaya qoyan bir hökumət formalaşdırmışdır. Bu Hərəkat və yaranmış dövlət modeli milli düşüncənin formalaşmasında müstəsna rol oynadı. Milli-demokratik quruluşu təqdim etməklə kütləni milli məfkurədən çox zamanın ayırmasının qarşısını aldı. Tariximizə “31 Dekabr – Həmrəylik Gününü” yazmış Sərhəd Hərəkatının liderlərindən olan, Fərəc Quliyev həmişə deyir ki, “Azərbaycanın Milli Hərəkatı Azərbaycan bölünən bir gündən başlayıb və bu Hərəkatın da Güneyi-Quzeyi yoxdur, Bütöv Azərbaycan Milli Hərəkatı var ki, bu Hərəkat da Vətənin kiçik bir hissəsinin azadlığına nail olub, Bütöv Azərbaycanın Azadlığı və inkişafı üçün isə, Milli Hərəkat davam edir”. Yəni, istər Quzey Azərbaycanda qurulmuş dövlətlər olsun, istər də Güneydə, bunlar Azərbaycan Milli Hərəkatının əldə etdiyi nəticələrdir və hamısının da əsas məqsədləri bir olub. O cümlədən də “21 Azər” Hərəkatı və onun formalaşdırdığı Milli Hökumətin(günAz TV).

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv