Bişkekdə Respublika Günü ilə bağlı möhtəşəm tədbir keçirilib-Foto

2016-cı ilin may ayının 25-də Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi Respublika Günü münasibətilə “Damas” otelinin ziyafət salonunda rəsmi qəbul keçirib.
Qırğız Respublikası Prezidenti Aparatının, Hökumətin üzvləri, Jokorku Keneşin (Parlamentin) deputatları, digər yüksək vəzifəli şəxslər, ölkədə akkreditə olunmuş səfirlər, ziyalılar, diaspora fəalları, kütləvi informasiya vasitələrinin rəhbərləri və əməkdaşlarının iştirak etdikləri qəbulda əvvəlcə Azərbaycan və Qırğızstan dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycanın Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov çıxış etdi.

Səfir Hidayət Orucov çıxışında bildirib ki, 98 il əvvəl, 28 may 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi, demokratik respublika yaranmışdır. Lakin XX əsrin əvvəllərində dünyada və regionda yaranan çətin siyasi vəziyyət ölkəmizin müstəqilliyinin saxlanmasına imkan verməmiş və cəmi 23 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti yeni yaranmış Sovet dövlətinin tərkibinə daxil olmuşdur.
Qısa tarixinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti bütün region üçün dünyəvi və demokratik dövlətinin nümunəvi məktəbi olmuşdur. SSRİ dağılandan sonra, 1991-ci ildə Azərbaycan öz Dövlət müstəqilliyini bərpa etmişdir. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək, Xalq Cümhuriyyətinin bayrağını, gerbini və himni qəbul etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti – bizim milli sərvətimizdir, Azərbaycanın tarixinin ən parlaq səhifələrindəndir. Cümhuriyyətin yaradılması və fəaliyyəti Azərbaycanın müstəqillik əzminin, xalqımızın öz dövlətçilik ənənələrinə sədaqətini və azadlıq mücadiləsinin həyata keçirilməsinin göstəricisidir.

Azərbaycan müstəqilliyinin bərpasından sonra Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə qarşılaşmış, ərazimizin 20% işğal edilmiş və 1 milyon insan öz doğma torpağında qaçqın və məcburi köçkün olmuşdur.

Aprel ayının əvvəllərində Ermənistan böyük həcmli silahlardan istifadə edərək Ermənistan-Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində yerləşən ərazilərimizi, dinc əhalimizi intensiv atəşə tutmuşdur.

Ordumuz ermənilərin layiqli cavabını vermiş, 2000 hektardan çox ərazimiz, 21 strateji yüksəklik işğaldan azad olumuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan cənab İlham Əliyev Ermənistanın siyasi və hərbi işğalçı rejiminin rəhbərliyindən fərqli olaraq, hər zaman ki kimi böyük humanizm göstərərək işğal olunmuş ərazilərimizdə yaşayan Ermənistan vətəndaşlarına atəş açmamağı əmr etmişdir.

Hələ 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz dərhal çıxarılması ilə bağlı dörd Qətnamə qəbul etmişdir. Həmçinin BMT-nin Baş Assambleyası, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı digər nüfuzlu beynəlxalq təşkilatlar analoji qərarlar qəbul etmişlər. Onlar Azərbaycan ərazisinin bütövlüyünü və işğal edilmiş ərazilərin azad olunmasının vacibliyini təsdiq etmişdirlər.

Təəssüf ki, bu günədək belə böyük beynəlxalq təşkilatların qərarları icra olunmur.
Hal-hazırda Prezident İlham Əliyev tərəfindən aparılan siyasət – Ulu Öndər Heydər Əliyevin başladığı böyük işlərin davamı kimi, ölkədə demokratik islahatların həyata keçirilməsi, ölkənin sosial-iqtisadi inkişafı, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edir.

Azərbaycanda bütün sahələrdə – siyasətdə, iqtisadi-sosial sahədə, demokratikləşmənin uğurlu inkişafında, dövlət və ordu quruculuğunda uzun illərdir ki, müşahidə olunan inkişaf uğurların gözlə görünən bariz nümunəsidir.

Bu müvəffəqiyyətlər elmin, mədəniyyətin, təhsilin və idmanın bütün sahələrini əhatə edir. 2015-ci ildə Bakıda Birinci Avropa Oyunları yüksək səviyyədə keçirilmişdir. Hal-hazırda Bakıda keçiriləcək Formula-1 Avropa Qran Pri yarışlarının tamamlama işdəri gedir. Həmçinin, 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir.

Azərbaycan və Qırğızstan arasında əməkdaşlıq qarşılıqlı etibar, dostluq və qardaşlıq prinsipi ilə siyasi, ticari-iqtisadi, mədəni, humanitar və digər sahələrdə inkişaf edir.
Bizim ölkələrin potensialı, ölkələr arasındakı iqtisadi əlaqələri və mal dövriyyəsini dəfələrlə artırmağa imkan verir.

Bir çox beynəlxalq və regional məsələlər də bizim mövqelərimiz tam üst-üstə düşür.
Azərbaycan ilə Qırğızstan arasında bütün sahələrdə möhkəmlənən əməkdaşlıq əlaqələri iki qardaş xalqların başçıları – Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayevin həyata keçirdikləri uğurlu siyasətin prioritet istiqamətləridir.

Azərbaycanın və Qırğızstanın dostluğu, qardaşlığı və müstəqilliyi sarsılmaz və əbədidir.
Sonra Qırğız Respublikasının Xarici işlər nazirinin müavini Emil Kaykiyev çıxış etmişdir.
Nazir müavini çıxışında 90-ci illərdə Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında Ümummilli lider Heydər Əliyevin rolunu xüsusilə qeyd etmiş və onun siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin nailiyyətləri haqqında danışmışdır.

Prezident Almazbek Atambayev və Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasi kurs nəticəsində Qırğızstan-Azərbaycan münasibətləri, strateji əməkdaşlıq mərhələsinə qədəm qoymuşdur.

Nazir müavini Qırğızstanın bu gün ki Azərbaycanın nailiyyətlərini və beynəlxalq arenada nüfuzunu qürur ilə müşahidə etdiyini bildirmişdir.

Emi Kaykiyev demişdir: “Biz, bir-birimizin ərazi bütövlüyünün və suverenliyin tanınması, dostluq və qarşılıqlı rəğbət əsasında inkişaf edən Qırğızstan-Azərbaycan münasibətlərin pozitiv dinamikasını yüksək qiymətlədiririk.”

Qəbulda iştirakçılar Azərbaycanın tarixi, bu günü, sürətli inkişafını əks etdirən, Bakıda keçirilən Birinci Avropa Oyunları və həmçinin keçiriləcək Formula- Avropa Qran Pri haqqında video materiallara maraqla baxdılar, görkəmli incəsənət ustalarının canlı ifasında ecazkar Azərbaycan təranələrini dinlədilər, Azərbaycan mətbəxinin nəfis təamlarından daddılar.