Bitməyən tıxac problemində metronun ROLU: “Bu illərdə cəmi 26 stansiya istifadəyə verilib” – İqtisadçıdan ETİRAZ
“Günümüzün 1-2 saatını tıxaclarda keçiririk. Tıxacların aradan qaldırılması üçün hər dəfə müxtəlif təkliflər verilir. Onlardan biri də Bakı metropoliteninin stansiyalarının sayının artırılmasıdır”.
Yenicag.az xəbər verir ki, bunu metropolitenin fəaliyyətindən danışarkən iqtisadçı Samir Əliyev bildirib.
O qeyd edib ki, Bakı metro nəqliyyat vasitəsi qismində ilk dəfə 1967-ci ildə istifadəyə verilib və bu il 55 ili tamam olub:
“55 ildə cəmi-cümlətanı 26 metrostansiya istifadəyə verilib. Yəni 2 ildə cəmi 1 stansiya işə düşüb. Məlumat üçün qeyd edim ki, Bakıda metropolitenin tikintisinə 1949-cu ildə başlanıb və 1967-ci il noyabrın 6-da 5 stansiyadan ibarət – “Bakı Soveti”, “Sahil”, “28 Aprel”, “Gənclik” və “Nərimanov” istifadəyə verilib.
1989-cu ildə isə “Xalqlar Dostluğu” və “Əhmədli” stansiyaları açılmaqla ümumi stansiyaların sayı 18-ə çatdırılıb. Bu, məhz Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrdür. Bu o dövrdür ki, pulumuzun böyük hissəsi “İttifaq ehtiyacları” üçün əlimizdən alınırdı və bizə cüzi hissəsi saxlanılırdı. Həmin cüzi pulla 43 ildə 18 metrostansiya tikilib. Yəni hər 5 ildə 2 stansiya. Nəzərə alaq ki, başlanğıc işlər üçün zaman daha çox tələb olunur. Üstəgəl bu işlər həmin dövrün texnikası ilə görülüb”.
Müstəqillik dövründə isə cəmi 8 stansiya istifadəyə verilib. Onun 2-si köməkçi (“Cəfər Cabbarlı” və “Memar Əcəmi”) stansiyalardır. Yəni hər 4 ildə 1 stansiya tikilib”.
Ekspert vurğulayıb ki, müstəqillik dövründə tikilən metropoliten xətlərinin uzunluğu 13 km-dir: “Hazırda xətlərin uzunluğu 38,8 km-dir. Bakı metropoliteni Dövlət Proqramı çərçivəsində yollarının ümumi uzunluğunu 119,1 km-ə, stansiyaların sayını isə 76-ya çatdırmağı planlaşdırır. Yəni 73 ilə tikdiyi 38,8 km-lik yolun uzunluğunu və 26 stansiyanın sayını 3 dəfə artırmalıdır. Bu işlərin hansı müddətə görülə biləcəyi isə müəmmalıdır.
Belə getsə, uzun illər tıxaclarda qalacağıq…”