Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"13 il əvvəl ailə qurduq, amma dünən bizi cənab Prezident "ev"ləndirdi - tanınmış jurnalist cütlükdən MİNNƏTDARLIQ

Ölkə Prezidentinin mənzillə təmin etdiyi qələm sahibləri arasında jurnalist cütlüklər də var. Tanınmış jurnalistlər Elçin Bayramlı (“Azadinform”, redaktor) və Lalə Mehralı (müstəqil jurnalist) da belələrindəndir.

Sevincinin həddi-hüdudu olmayan cütlük təəssüratlarını Yenicag.az-la bölüşüb.

Elçin Bayramlı:

“Azərbaycan televiziya və mətbuatında işlədiyim 20 ilə yaxın müddətdə həmişə vicdanlı olmağa çalışmışam. Nə dövlətdən, nə cəmiyyətdən nəinki hansısa mükafat, heç adi “sağ ol” belə gözləməmişəm. Həyat yoldaşım, 16 ilə yaxın televiziya və mətbuatda çalışan Lalə Mehralı da eynilə mənim kimi düşünüb.

Anadan olandan bu günə kimi 40 il kirayələrdə yaşayan biri kimi çox çətinliklər gördüm, evsizliyin ucbatından 30 yaşadək subay yaşadım, ailə qurduqdan sonra da “evliyəm” deyə bilmədik, çünki evimiz yox idi. Beləliklə, iki jurnalist olaraq, 12 il kirayələrdə süründük, Bakının az qala hər yerində yaşadıq, min bir zəhmətlə 2 övlad böyütdük. Bunun nə demək olduğunu ancaq uzun illər kirayədə yaşayanlar bilər.

Bir vətəndaş olaraq, vətənimizə, xalqımıza xidmət üçün əvəz gözləmədən bacardığımız hər şeyi etmişik. O zamanlar heç ev məsələsi də yox idi, bilirdik ki, bu sahədə işləməklə heç vaxt yaxşı yaşaya, ev sahibi ola bilməyəcəyik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin jurnalistlər üçün bina tikilməsi haqda sərəncamı bu ümidsizliyə son qoydu. İlk bina tikilərkən biz də müraciət etdik, lakin o binada ev sayı nisbətən az olduğundan, mətbuatımızda böyük xidməti, onillərlə stajı və ehtiyacı olanların sayı çox olduğundan bizim ailə o binada ev ala bilmədi. Bunu normal qarşıladıq və 156 həmkarımızın mənzillə təmin edilməsinə görə dövlətimizə təşəkkürümüzü bildirdik. İnanırdıq ki, 2-ci binada bizim ailə də mənzillə təmin olunacaq.

Həm elan olunan kriteriyalar, həm namizədlərin seçilməsi, həm sənədlərin qəbulundakı ciddi yanaşma, həm də bu işin başında duranlar tərəfindən verilən qətiyyətli açıqlamalar göstərirdi ki, hər şey tam ədalətli olacaq, burada heç bir kənar faktor rol oynamayacaq. Belə də oldu.

Çox xoşbəxtik. Hətta ev almasaydıq da belə prinsiplərimiz, fəaliyyət kriteriyalarımız dəyişəsi deyildi. Dəyişənlər olacaq təbii ki… Öz evimizdə yaşayarkən kirayə verəcəyimiz pulu Vətən üçün 2 nümunəvi, sağlam övlad böyütməyə, onların yaxşı təhsil almasına sərf edə biləcəyik. Yazdığımız yazılar keyfiyyəti ilə fərqlənəcək, informasiya müharibəsində düşmənlərimizə beynəlxalq arenada layiqli cavab vermək, başqa ölkələrin ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması üçün daha çox vaxtımız və enerjimiz olacaq. Problemlərdən azad olan beynimiz bütün enerjisini dövlətimizin maraq və mənafelərinin qorunmasına, xalqımızın maariflənməsinə sərf edəcək. Bax, həyatımızda dəyişən bunlar olacaq.

Bütün ev alanları təbrik edir, arzusunda olanların da növbəti binada mənzillə təmin olunmasını diləyirəm”.

Lalə Mehralı:

“Bilirsiniz ki, biz uzun illərdir kirayədə yaşayırıq. Ailə qurduqdan sonra kirayədə yaşamaq daha çətin olur, üstəlik uşaqlar da varsa, ikiqat çətindir. Yoldaşım da, mən də jurnalistik, bu peşə nə qədər məsuliyyətli və ağırdırsa, bir o qədər də məhdud gəlirli işdir, bunu siz də bilirsiniz. Jurnalist maaşı ilə kirayədə yaşamaq bizə çox çətin idi.

Biz 13 il əvvəl ailə qurmuşduq, amma dünən evləndik. Bizi cənab Prezident evləndirdi. İndi həyatımızın ən əhəmiyyətli tarixi 20 iyundur. Həmin gün hörmətli cənab Prezidentimizin jurnalistlər üçün inşa etdirdiyi 2-ci binadan evlərin paylanması mərasimində bizim ailə də o xoşbəxt anları yaşadı, hörmətli prezidentin diqqəti və qayğısı sayəsində ailəmiz 3 otaqlı mənzillə təmin olundu.

Jurnalist ailəsi olaraq, ev almazdan öncə də vicdanla, heç bir təmənna güdmədən işləmişik. Ev məsələsindən çox-çox illər əvvəl biz öz işimizlə milli dövlətçiliyimizə, xalqımızın maariflənməsinə öz töhfəmizi verməyə çalışmışıq. Bunun dövlətimiz tərəfindən ən yüksək səviyyədə qiymətləndirilməsi təkcə bizə yox, yüzlərlə həmkarıma da dövlətimizin, cənab Prezidentimizin diqqət və qayğısının hansı səviyyədə olduğunu aydın ifadə edir.

Mənzillərin paylanması mərasimində dövlət başçımızın bütün jurnalistlərlə mehriban söhbətləşməsi, bizimlə bir-bir xatirə şəkili çəkdirməsi də həyatımızın ən böyük anları idi. Bu, elə bir hissdir ki, hətta peşəkar jurnalist belə onu ifadə etməkdə çətinlik çəkir.

Artıq övladlarımızın “bizim niyə evimiz yoxdur, niyə başqa adamın evində qalırıq, niyə pulumuzun çoxunu ona veririk” kimi suallarına cavab axtarmaqda çətinlik çəkməyəcəyik. İndi onlara ürəklə “dövlətimiz və cənab Prezidentimiz sizin nümunəvi vətəndaş kimi formalaşmağınızı, vətənə və xalqa layiqli övlad olmağınız üçün bu geniş və işıqlı evdə sağlam böyüməyinizi istədi” deyə biləcəyik. Hər ay kirayəyə ödədiyimiz 200 manatı övladlarımın təhsilinə sərf edəcəyik.

Artıq dostlarımı, qohumlarımı ürəklə öz evimə dəvət edə, tam normal insan kimi yaşaya biləcəm. Beynim məişət problemlərindən təmizləndi, ən böyük maneəm həll olundu. Bu səbəbdən də xalqımızın maarifləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, informasiya müharibəsində daha yaxşı mübarizə apara bilməmiz mümkün olacaq. Dövlətimizin, onun rəhbərinin əsas məqsədi də budur.

Başda cənab Prezidentimiz olmaqla bu bölgünü obyektiv və ədalətli şəkildə aparanlara, haqqı və ehtiyacı daha çox olanların düzgün seçilməsinə görə çox sağ olun deyirəm. Tanrı həmişə köməyiniz olsun”.

Cəvahir
Yenicag.az

www.yenicag.az

1003
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM