“Biz Azərbaycanla müstəmləkəçiliyə qarşı mübarizədə böyük işlər görəcəyik” – Kemi Seba

Afrika ölkələrinin müstəqilliyi və suverenliyi uğrunda, eləcə də neokolonializmə qarşı hərəkatın liderlərindən biri Kemi Seba bildirib ki, Bakı Təşəbbüs Qrupu Fransanın Afrikada və digər regionlarda müstəmləkə siyasətinə qarşı mübarizədə çox işlər görür.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu Bakıda jurnalistlərə QHT rəhbəri Kemi Seba deyib.

“Biz bura ona görə gəlmişik ki, Qərbin zülmündən bezmişik. Biz burada, Azərbaycandayıq, çünki dəstək axtarırıq və inanıram ki, Bakı müəyyən müddət və ya uzunmüddətli əsasda bizi dəstəkləyəcək. Biz burada səmimi dostlar axtarırıq və Bakı Təşəbbüs Qrupunda səmimi dost görürük”, – o bildirib.

K.Seba əlavə edib ki, Avropadakı dörd böyük köləlik sistemi, daha doğrusu, müstəmləkə sistemi bu gün də öz təsirini nümayiş etdirir.

“Mən Bakıdayam, çünki Bakının bizim üçün nə edə biləcəyini bilirəm və inanıram ki, biz birlikdə böyük işlər görəcəyik. Bununla yanaşı, Fransa Ermənistanı dəstəklədiyi üçün biz də təbii olaraq Azərbaycanı dəstəkləyirik”, – QHT rəhbəri vurğulayıb.

O, həmçinin 25 ildir imperializmlə mübarizə apardığını və bu müddət ərzində qaradərililərə qarşı ayrı-seçkiliyin şahidi olduğunu bildirib.

“Fransa rejimi iki dəfə məni həbs edib. İki dəfə Fransada, iki dəfə isə Afrikada saxlanılmışam. Bəxtim gətirdi ki, azadlığa çıxa bildim. Fransa bu günlərdə də Afrikanın qaradərili əhalisinə təsir göstərə bilir, onu öz əlində saxlamaq üçün Qərbin mövcudluğuna ehtiyac olduğunu bəyan edir və diasporları vasitəsilə fəaliyyətini davam etdirir”, – K.Seba qeyd edib.

COP29