“Biz bunların qarşısını almağa çalışırıq”

71b4f0bd6ddc98c7fef30ed1b4a6a3fb“Görüşlər iki aydan bir keçiriləcək”

“Bugünkü görüşdə tərəfləri maraqlandıran bütün mövzuları müzakirə elədik, partiya sədrləri öz fikirlərini səsləndirdilər. Əlbəttə, fərqli fikirlər də səsləndi, amma ümumi razılaşma ondan ibarət oldu ki, Prezident Administrasiyasının nümayəndəsi – yəni siyasi partiyalarla işləyən strukturun rəhbəri olan mənimlə partiya rəhbərlərinin görüşü aktual hesab olunsun və davam etsin”.

Bunu Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün bir sıra müxalifət partiyasının rəhbərləri ilə görüşün nəticələrini şərh edərkən deyib.

Şöbə müdiri qeyd edib ki, bundan sonra iki aydan bir bu formatda görüş keçiriləcək: “Xalqı, hakimiyyəti, daxili və xarici institutları narahat edən məsələləri əvvəldən razılaşdırılmış şəkildə müzakirə edəcəyik”.

Ə. Həsənov deyib ki, görüşün formatı məsələsi də müzakirə olunub: “Qərara gəldik ki, aktiv siyasi fəaliyyət göstərən hər bir partiya bu görüşdə iştirak edə bilər. Bura təşrif buyuranlar elə aktiv siyasi fəaliyyət göstərənlərdır. Bir neçəsi gəlməyib, halbuki onlara da dəvət göndərilmişdi. Yəqin bəlli səbəblərdən bu dəfə qatıla bilməyiblər, gələcəkdə qatılacaqlar. Qapılarımız onlara da açıqdır. Ümumilikdə, bu görüşlərdə partiyaların sayı 16-20 arasında dəyişir”.

PA rəsmisinin sözlərinə görə, razılıq əldə olunan digər məsələ ondan ibarət olub ki, müzakirəyə çıxarılacaq tematikalar əvvəlcədən müəyyən edilsin: “Qərara gəlindi ki, hansı məsələlərin müzakirə olunacağına dair siyahı hazırlansın, siyahı bütün partiyalara göndərilsin, partiyaların seçimi əsasında mövzu müəyyənləşdirilərək növbəti görüşdə müzakirəyə çıxarılsın. Xocalı soyqırımından tutmuş, seçkilərə qədər ən müxtəlif mövzular təklif olundu. Bütün ictimai-siyasi mahiyyətli mövzuların görüşlərdə müzakirəyə çıxarılması tövsiyə edildi. Digər razılaşdırdığımız məqam odur ki, görüşdə müzakirə olunan məsələlərin cəmiyyətdə də müzakirəsini təmin edək. Azərbaycan hakimiyyətinin, prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, QHT-lər, siyasi təşkilatlar, mətbuat orqanları dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etsin, Azərbaycan şəffaf cəmiyyətə malik olsun, siyasi islahatlar davam etdirilsin. Bunun üçün belə görüşlər, müzakirələr vacibdir”.

***

“Bəzi dairələr iki ölkə arasında münasibətləri kəskinləşdirməyə çalışır”

“Biz Azərbaycanla ABŞ arasında gərgin münasibət müşahidə etmirik”.

Bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi bildirib ki, ayrı ayrı-ayrı ekspertlər, hüquq müdafiə təşkilatları nələrsə müşahidə edə bilər, amma Azərbaycanla ABŞ arasında beynəlxalq sülhyaratma proseslərində, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində, beynəlxalq enerji təhlükəsizliyi, Xəzər dənizi və Cənubi Qafqazın transmilli nəqliyyat kommunikasiya xətlərinin birgə formalaşması, texniki istismarında və digər məsələlərlə bağlı əməkdaşlıq davam edir: “O cümlədən Azərbaycanla ABŞ arasında iqtisadi, siyasi, sosial və digər sahələrdə də əlaqələr davam edir. Bəzi dairələr var ki, bu münasibətləri kəskinləşdirməyə çalışır, ABŞ mətbuatında ara-sıra neqativ yazılar dərc etdirir. Həmin yazılar bir qayda olaraq real gerçəklikləri əks etdirmir, münasibətləri korlamaq istəyən ayrı-ayrı mərkəzlərin sifarişləri əsasında hazırlanır. Biz bunların qarşısını almağa çalışırıq və düşünürük ki, ABŞ hökuməti də buna çalışır”.

ABŞ-da Azərbaycanla bağlı müxtəlif dinləmələrin keçirilməsinə münasibət bildirən Ə. Həsənov bunun normal olduğunu deyib: “Bizim parlament də, QHT-lər də ABŞ-dakı proseslər barədə dinləmələr keçirir. Lazım olsa, biz də hökumət olaraq keçirə bilərik. Müasir, demokratik, siyasi, plüralist normaların hökm sürdüyü dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. Qoy, ABŞ-da Azərbaycanın həyatını olduğu kimi təhlil etsinlər. Biz də orda olan prosesləri olduğu kimi təhlil edib, münasibət bildiririk.

Sadəcə olaraq, belə müzakirələr keçirməyin prinsipial məqamları var. Müzakirələrə təkcə anti-Azərbaycan qüvvələri deyil, Azərbaycandakı mövcud vəziyyəti doğrudan bilən insanları da dəvət etmək lazımdır. Müzakirələr birtərəfli yox, neytral qaydada təşkil olunmalıdır”.

***

“Biz QHT-ləri qərbyönümlü, şərqyönümlü olmalarına görə təsnif etmirik. Azərbaycanda qeydiyyatdan keçmiş, qeydiyyatdan keçməmiş, eyni zamanda şəffaf və qeyri-şəffaf fəaliyyət göstərən qeyri-hökumət təşkilatları var. Bununla yanaşı, fəaliyyətlərində QHT haqqında qanunvericiliyi rəhbər tutan QHT, eyni zamanda sifarişlə işləyən QHT mövcuddur. Bizim təsnifat bu şkala üzrə aparılır və onların hər birinə yanaşma da buna uyğun formalaşır”.

Bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənovun sözlərinə görə, Azərbaycan hökuməti istəyir ki, ölkədə hər bir təşkilatın fəaliyyəti şəffaf olsun, hər bir təşkilatın fəaliyyətində qanunlara sayğı, hörmət göstərilsin.

Şöbə müdiri əfv prosesinə də münasibət bildirərək, bunun davamlı olacağını qeyd edib: “Əfv mütəmadi davam edən prosesdir, Əfv Komissiyası da mütəmadi fəaliyyət göstərən bir qurumdur. Əfv prosesi bundan sonra da davam edəcək”.