“Biz bütün hallarda Azərbaycanın yanında olmaq məcburiyyətindəyik” – İlkər Başbuğ

ilker-basbug-emri-ben-verdimjpg“Sürix protokolları imzalananda Azərbaycan müdafiə nazirini Ankaraya dəvət edib türk ordusunun mövqeyini izah etdim”

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının 26-cı rəisi, istefada olan ordu generalı İlkər Başbuğun APA-ya müsahibəsi

 – Bu gün burada “Unudulan ada – Kıbrıs” adlı son kitabınızla bağlı mətbuata brifinq verdiniz. Kıbrıs məsələsi gündəmə gəlincə, Qərbdəki yunan lobbisi ilə erməni lobbisi öz güclərini Türkiyəyə qarşı birləşdirir. Hətta Türkiyə işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün Ermənistana müraciət edincə, o lobbilər Kıbrısı gündəmə gətirir. Bununla bağlı nə demək istərdiniz?

– Müştərək hərəkət etdikləri açıq-aşkardır, burada bir tərəddüd yoxdur. Erməni terroru bitmiş, PKK terroru başlamışdır. Və PKK terroruna ən böyük dəstəyi verən ölkələrdən biri də Yunanıstandır. Abdullah Öcalan Keniyada yaxalananda üstündə hansı ölkənin pasportu vardı?

 – Yunanıstanın.

– Yunan pasportu vardı. Birlikdə hərəkət edirlər, koordinasiya ilə.

 – Türkiyəyə qarşı yaradılan bu cəbhənin mühasirəsinə qarşı hüquq sahəsində mübarizə aparıldı, hörmətli Perinçek AİHM-də zəfər qazandı. Bu cür lobbilərin zəiflədilməsi üçün daha hansı metodlar dövriyyəyə daxil olmalıdır?

– Təfərrüatlı cavabım keçən il yazdığım kitabda var. Bilirsiniz ki, keçən il bu vaxt “Erməni iddiaları və gerçəklər” adlı kitabım çıxdı. O kitabda məsələni təfərrüatlı şəkildə analiz etdim. Ancaq təəssüf ki, Türkiyə hadisələr olandan sonra reaksiya verir, hadisə olmadan əvvəl proaktiv hərəkət edə bilmirik.

 – Həm ən yüksək rütbəli general, həm də yazar kimi bunun səbəbini nədə görürsünüz?

– Bəlkə gündəmimiz çox dolu olur, ona görə vaxt ayıra bilmirik. Gerçəkdən gündəm çox dolu olur. İndi terror hadisələri gündəmimizi çox məşğul edir, Türkiyə haqlı olaraq tamamilə o məsələ ilə məşğuldur. İkincisi isə, biz proaktivdən çox reaktiv, yəni hadisə olandan sonra reaksiya göstərmə şəklində davranırıq.

– Terror təşkilatı üzvlərinin Şimali İraqdan Ermənistana, oradan da işğal altıdakı Azərbaycan torpaqlarına getmələrinə dair məlumatlar yayılırdı. Bu barədə Baş Qərargaha kəşfiyyat məlumatları gəlirdimi?

– Bəli, bəli. Bizə məlumatlar gəlirdi. Ermənistanda bəzi düşərgələri olduğuna və Şərqi Anadolu bölgəsindən qaçan terrorçuların oraya getdiklərinə dair məlumatlar daxil olurdu.

 – 2004-cü ilin iyununda Bakıdan Şimali Kiprin paytaxtı Lefkoşaya ilk birbaşa təyyarə uçdu. Mərhum Denktaş bundan çox razı qalmışdı. Bu hadisə o vaxt Baş Qərargahda necə qarşılanmışdı?

– Mən həmişə bunu deyirəm: Azərbaycan bizim üçün çox önəmlidir. İstər Baş Qərargah rəisinin müavini, istərsə də Baş Qərargah rəisi olduğum dönəmdə mən Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə  çox önəm vermişəm. Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan Sürix protokollarına görə bir az incik düşmüşdülər, bir az gərginlik olmuşdu. O vaxt mən Azərbaycanın müdafiə nazirini Ankaraya dəvət etdim, danışdıq, ona vəziyyəti və ordumuzun mövqeyini izah etdim. O vaxt hörmətli Ərdoğan baş nazir idi, ona da demişdim ki, Azərbaycana getməyi düşünürsünüzmü? Getdi və Məclisdə çıxış etdi. Azərbaycan bizim üçün önəmlidir, fövqəladə dərəcədə önəmlidir. Biz həmişə Azərbaycanın yanında olmaq məcburiyyətindəyik, bütün hallarda.

COP29