İnsan hansı yaşda olursa olsun dünyanın bütün gözəlliklərini görməyə can atır, həyatın hər anının dadını çıxartmağa çalışır. Amma yaşa dolduqca orqanizm zəifləyir, müxtəlif xəstəliklərlə üzləşirik. Göz fizioloji yaşı olmayan yeganə orqandır. Yəni gözlə bağlı problemlər istənilən yaşda üzə çıxa bilər. Görəsən gözlə bağlı son vaxtlar mütəxəssislərə daha çox hansı problemlərlə müraciət olunur və bu, necə aradan qaldırılır? Suallarımızı peşəkar cərrah-oftalmoloq, tibb elmləri doktoru, dosent, Universal Hospitalın baş həkimi Aytən xanım Sultanova cavablandırır:
“Allah insan gözünü cox mükəmməl yaratmışdır.
İlk baxışda çox sadə görünən göz əslində çox mürəkkəb quruluşa malikdir. Çünki gözlər bir-biri ilə bağlı olan ayrı-ayrı hissələrdən ibarətdir.
Görmədə iştirak edən əsas hissə gözün torlu qişasıdır ki, bu qişa da əslində beyində yerləşən görmə mərkəzinin periferik hissəsidir. Yəni biz əslində gözümüzlə deyil, beynimizlə görürük. Son vaxtlar pasiyentlər bizə daha çox yaxını yaxşı, uzağı zəif gördükləri ilə bağlı şikayətlərlə daxil olurlar. Bu nədir? Yaxındangörmə ametropiyanın bir növüdür. Defekt ondan ibarətdir ki, reflaksiya anomaliyaları səbəbindən şəkil torlu qişada deyil, onun önündə fokuslanır. Bu problemin həlli üçün mənfi işarəli eynəkdən və ya kontakt linzalardan istifadə etmək olar ki, Universal Hospitalda bütün dünyada məşhur olan ən keyfiyyətli kontakt linzalar var. Çox vaxt xəstələr nə kontakt linza, nə də eynək taxmaq istəmir. Bu zaman ən yaxşı çıxış yolu eksimer lazer əməliyyatıdır ki, bunu da çox effektli şəkildə həyata keçirdirik.
Eksimer lazer gözün refraktiv cərrahiyyəsində istifadə olunan lazer texnologiyasıdır. Bu əməliyyat miyopiya (uzağı görmə problemi), hipermetropiya (yaxını görmə problemi) və astiqmatizm (həm yaxını, həm də uzağı görmədə problem) kimi göz xəstəliklərini müalicə edir. Lazer göz əməliyyatından sonra eynək və ya kontakt linza taxmağa ehtiyac qalmır.
Bir nüansı da mütləq qeyd edim ki, lazer tətbiqi tamamilə ağrısızdır. Bunun üçün gözə damcılarla anesteziya verilir. Çox həyəcanlı və əsəbi xəstələrdə prosedurun sakit və rahat keçməsini təmin etmək üçün sakitləşdirici dərmanlardan da istifadə olunur. Lazer müalicəsi başa çatdıqdan sonra gözləri bağlamağa ehtiyac qalmır, xəstə özü qalxıb yeriyə bilir, ancaq maşın sürməməlidir.
Bilirsiniz, bir cərrah-oftalmoloq kimi deyim ki, hər bir görmə pozğunluqları zamanı vaxtında həkimə müraciət olunarsa, zəifliyi daha tez aradan götürmək mümkündür. Çünki bəzi hallarda əlimizdən alınan görmə geri qaytarılmır.