!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Biz Şuşanı ona görə itirdik ki... " - İşğaldan 25 il ötür...

!Reklam – Yazi

Şuşanın ermənilər tərəfindən işğalından 25 il ötür. 1992-ci il mayın 8-də işğalçı Ermənistanın quldur dəstələri Azərbaycanın gözəl guşəsi olan Şuşa şəhərini zəbt etdilər.

Yenicag.az-a açıqlamasında həmin dövrü xatırlayan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının fikrincə, Şuşanın işğalına səbəb olan başlıca amil vahid komandanlığın olmaması idi:

“Artıq 25 ildir ki, Şuşa şəhəri işğal altındadır. 25 ildir ki, bu gözəl diyara gedə bilmirik. Onu yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir, müəyyən tədbirlər keçiririk. Qarabağ müharibəsinin tədqiqatı ilə məşğul oluram. O dövr çox mürəkkəb bir ərəfə idi. Necə oldu ki, Şuşanın işğalı baş verdi? Prosesdə iştirak edən batalyon komandirləri, döyüşçülər həmin hadisə barədə müxtəlif fikirlər səsləndirirlər. Hansı ki, bunların hamısı da subyektiv fikirlərdir. Bu məsələdə ortaq məxrəcə gəlmək də çətindir. Həmin dövrdə Şuşanın müdafiə olunmaq üçün kifayət qədər qüvvəsi vardı. Hardasa 1500 nəfərlik hərbi qüvvə mövcud idi. Onun içində polis qüvvələri və müəyyən silahlı dəstələr də olub. Amma əksəriyyəti yerli və müxtəlif bölgələrdən gələn özünümüdafiə batalyonlarından ibarət olub. Həmin dövrdə ərazidəki bütün hərbi qüvvələri vahid komandanlıq altında birləşdirmək üçün zabit Elbrus Orucov da Şuşaya göndərilmişdi. O da hərbi dəstələri vahid komandanlıq altında birləşdirməyə cəhd edir, lakin buna nail olmur. Hər kəs özünə komandir idi. Şəhəri hətta az qüvvə ilə də müdafiə etmək mümkün idi. Çeçenlərin məşhur səhra komandiri Şamil Basayev həmin ərəfədə Şuşada olub və o da qeyd etmişdi ki, coğrafi mövqeyinə görə şəhəri kiçik qüvvə ilə də müdafiə etmək olardı. Lakin ATƏT nümayəndələrinin şəhərə gələcəyi adı ilə bir gün ərzində yolların minalardan təmizlənməsi prosesi getdi. Amma xarici nümayəndələrin gələcəyinin doğru, yoxsa təxribat olması da bilinmir. Bu sualların heç bir cavabı yoxdur. O zaman aparıcı qüvvələrdən olan OMON isə Rövşən Cavadovun rəhbərliyi altında Şuşa yaxınlığındakı Turşsu deyilən ərazidə yerləşmişdi. Onun nə üçün Şuşaya daxil olmadığı barədə məhkəmədə müxtəlif fikirlər səsləndirildi. Yəni qüvvə olsa da, idarəetmə prosesinin olmaması şəhərin işğalına gətirib çıxartdı. Bakıdan Müdafiə Nazirliyinin ya əmrini eşitmirdilər, ya da onun dəqiq məlumatı olmadığından düzgün qərarlar verə bilmirdi. Belə bir vəziyyətdə Şuşa işğal edildi. Orada olan qüvvələr fədakarlıqla sona qədər döyüşdülər. Həmin döyüşdə 140-dan artıq şəhid verdik. Tar sexi deyilən yerlərdə hətta ciddi ölüm-dirim mübarizəsi getmişdi. Amma müdafiə düzgün təşkil olunmadığına görə, Şuşanı qorumaq mümkün olmadı. Həmin hadisə ilə bağlı bu nəticəyə gəlməyə məcburuq”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv