“Biz təxribata yol vermərik” – Vitse-prezidentdən AÇIQLAMA

İddialara görə, Azərbaycan Kikboks Federasiyası güləşçilərimizin Kirmanşahda qarşılaşdığı bayraq təxribatının qisasını alıb.

Belə ki, Peşəkar kikboks üzrə VIII Heydər Əliyev Kubokunda iştirak etmək üçün İran idmançıları ölkəmizə dəvət olunub. Yarış zamanı İran İslam Respublikasının himni səsləndirilərkən yarıda kəsilib. Bunun Kirmanaşahdakı güləş üzrə Dünya kubokunda bayrağımızın fərqli göstərilməsinin intiqamı kimi göstəriblər.

Məsələ ilə bağlı Azərbaycan Kikboks Federasiyasınn vitse-prezidenti Güloğlan Cabbarovla əlaqə saxladıq. Yeniçağ.az-a danışan klub rəsmisi heç bir qisas alınmadığını deyib. Həmçinin o, qarşıdakı yarışlardan da danışıb:

“Doğrudur bir yanlışlıq olub. Amma deyilən iddia səhvdir. Heç vaxt belə bir şeyi qəsdən etmərik. Bildiyiniz kimi, bu yarış ümummmilli liderimiz Heydər Əliyevin adına keçirilən VIII yarışdır. Artıq ənənə halına çevrilib.
Bu yarışda məqsədimiz idmançılarımızın uğurlu çıxış etməsi idi. Bildirim ki, bu cür yarışların keçirilməsi kikboksçularımızın daha böyük uğur qazanmasına bir təkandır. Qarşımıza qoyulan tələblərdən biri də belə peşəkar turnirlərin ölkəmizdə daha çox təşkil olunmasıdır.

Himnin kəsilməsi zamanı yanlışlıq olub. Bu səhvi də aradan qaldırmaq üçün qonşu ölkənin himni yenidən səsləndirildi. Və bu məsələdə heç bir siyası məqsədimiz olmayıb. Biz idman adamlarıyıq, kimsənin bu məsələni başqa tərəflərə çəkməməsini xahiş edirəm. Qonşu dövlətdir, onlara qarşı belə bir təxribat törətmək fikrimiz olmayıb.
Hər il daha da bu cür peşəkar yarışların sayını artırırıq, onları ölkəmizə dəvət edirik. Hamı görür ki, federasiyamız hər il daha da güclənir, bundan sonrakı məqsədimiz də beynəlxalq turnirlərdə zəfərlər qazanmaqdır.

Sevinirik ki, VIII Heydər Əliyev Kubokunda idmançılarımız özlərini yaxşı tərəfdən göstərə bildi. 6:1 hesabla İran komandasına qalib gəldik. Kikboksçularımız daha güclü komanda olduğunu bir daha sübut etdilər. Bundan sonra keçirəcəyimiz peşəkar turnirlərdən birində Fransanın kikboksçuları ilə döyüşmək istəyirik. Yəni Azərbaycan-Fransa qarşılaşması keçirymək niyyətindəyik”.

Qeyd edək ki, peşəkar kikboks üzrə VIII Heydər Əliyev Kubokunda Azərbaycan və İran yığmaları qarşılaşıb. Yarışda 7 idmançı üz-üzə gəlib. Azərbaycan bu yarışda İrana 6:1 hesabı ilə qalib gəlib.

Aygün İlqarqızı
Yeniçağ.az