“Biz YAP-ın əsgərləriyik, istənilən qərara tabeyik” – Elman Nəsirovla MÜSAHİBƏ

“Onların içərisində parlamentin nüfuzunu qaldıran deputatlar da var, eyni zamanda, tənqid edilənlər də var”.

Yenicag.az-a fəaliyyətinə xitam verilmiş Milli Məclisin deputatı Elman Nəsirovla müsahibəni təqdim edir.

– Yeni Azərbaycan Partiyasının namizədlər siyahısı niyə açıqlanmır? Bu, cəmiyyətdə birmənalı qarşılanmır…

– Namizədlər məsələsi ilə bağlı YAP-ın katibliyi məlumat yayıb. Məlumat da belədir ki, yaxın zamanda siyahı ictimaiyyətə açıqlanacaq. Siyahı ilə bağlı işlər yekunlaşıb. YAP Cənubi Qafqazın ən böyük partiyasıdır, Azərbaycanın aparıcı siyasi qüvvəsidir. Cəmiyyətimizin də, müxalifətin də eyni zamanda həmin siyahını səbirsizliklə gözləməsi onu göstərir ki, YAP çox ciddi siyasi təsir imkanına malik olan partiyadır. Bu gözləmənin özü də bir daha onu təsdiqləyir. Konkret siyahı nə zaman açıqlanacaq, bunu YAP-ın ali rəhbərliyi bilir. Bizdə olan məlumat budur ki, işlər yekunlaşıb, ən yaxın zamanda siyahı açıqlanacaq.

– Bilmirsiniz, siyahıda var, ya yox?

– Bunu heç kim bilmir. YAP-ın deputatlarından heç kim bilmir ki, o siyahıda adı var, yoxsa yox. Məsələ ondadır ki, bu, bizim istəyimizlə deyil. Bizim gördüyümüz fəaliyyətə görə YAP-ın ali rəhbərliyi onu müəyyən edir.

– Parlament buraxılan zaman canfəşanlıq edən deputatlar, yenidən namizədliklərini irəli sürürlər. Bu, nə qədər məntiqlidir, həm parlamenti buraxmağı doğru addım hesab elə, həm də yenidən namizədliyini ver…

– Görünür ki, onlar hesab edirlər, tənqid edilənlər sırasında özlərini hiss etmirlər. Məntiqlə baxanda belə çıxır. Milli Məclis üzvlərinin sayı 125-dir. Müəyyən təyinatlara görə onların sayı azalmışdı. Bütövlükdə parlamentin bütün deputatlarını tənqid etmək düzgün olmazdı. Təbii ki, onların içərisində parlamentin nüfuzunu qaldıran deputatlar da var, eyni zamanda, tənqid edilənlər də var. Hesab edirəm ki, kimlər namizdəliklərini yenidən veribsə, onların məntiqinə görə, o şəxslər yenilənən, müasirləşən Azərbaycanda adekvat deputat ola bilərlər. Bu məntiqlə də addım atırlar.

– Siz özünüzü hansı siyahıda görürsünüz? Parlamentin nüfuzunu qaldıranlar, yoxsa tənqid olunanlar…

– Hesab edirəm ki, bu qiyməti YAP-ın rəhbərliyi verəcək. Onu bilirəm ki, hakim partiyanın təmsilçisi olaraq, kifayət qədər fəal olmuşam. Dövlətin siyasətini öz müsahibələrimlə, çıxışlarımla, yazılarımla təbliğ etmişəm. Ancaq yenə də son qərarı partiyanın rəhbərliyi verəcək. Biz əsgərlərik, istənilən qərara tabeyik.

– İqbal Ağazadə ilə debatınızdan bir hissə ölkədə çox geniş müzakirəyə səbəb oldu. Bununla bağlı da fikirinizi bilmək istərdim.

– Bununla bağlı onu deyim ki, mənim müxalifət təmsilçiləri ilə iştirak etdiyim debatlara baxış sayı kifayət qədər çox olub. Hər zaman faktlarla, arqumentlərlə dövlətimizin rəhbərliyinin, prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin təbliği və təşviqi üçün iş aparmışam. Hər şey fakt və arqumentlə olub. İqbal Ağazadə isə cığal bir addım atıb. Həmin çəkiliş hazırda internetdə durur. İqbal Ağazadə isə öz çıxışlarından hissələr kəsir və yayır. Əgər doğrudan da, ədalətli insansansa, niyə mənim mövqeyimə yer ayırmamısan? İqbal Ağazadə ilə debatdan çıxdıqdan sonra o debat necə olubsa, elə də qalıb, heç bir müdaxilə etməmişəm. Ancaq o, bunu etdi. Bu səbədən də onların heç bir ictimai nüfuzu və reytinqi yoxdur.

– “Erməni əsgərinin səngərdə əyilə-əyilə gəzməsi” məsələsinə cavab vermədiniz…

– Mən orada cavab vermişəm axı… Yəqin tam baxmamısınız.

– Nə yalan deyim, yox, tam baxmamışam.

– Sizin özünüzü də aldadıblar. Kiçik rolikləri paylaşırlar, hamı onun dediyini görüb-eşidir. Əgər düz adamdırsa, ədalətli adamdırsa, mənim də mövqeyimi həmin roliklərdə versin də… Mənim fikrim, niyyətim odur ki, erməni əsgəri hər zaman əyilə-əyilə yeriməlidir. Bəli, səngərdə təbii ki, əyilə-əyilə yeriyirlər. Məsələnin mahiyyətini dərk etmək lazımdır. Aprel döyüşlərindən sonra, erməni ordusuna həm də elə bir psixoloji zərbə endirildi ki, əyilə-əyilə yeriyən əsgərin ruhu da öldü. Ona deyəndə ki, sən qalx ayağa, heç bir təhlükə yoxdur, şax yeri, o qorxur, çəkinir. Kadrlar var, aprel döyüşlərindən sonra erməni əsgəri yıxılıb səngərin küncünə, ona deyirlər ki, qalx ayağa, o qalxa bilmir. Bunun əsasında deyirəm ki, erməni əsgərinin beli bükük olmalıdır. O, səngərdən çıxıb çöldə gəzəndə də əyilə-əyilə gəzməlidir. Belə çıxır ki, mən deməliydim, erməni əsgəri qoy düz yerisin, şux yerisin, qoy günəşə baxsın, fəxr eləsin? Mən belə desəydim, sapı özümüzdən olan ermənipərəstləri sevindirmiş olacaqdım. İnanırsınız, ilk dəfə o fikiri deyəndə, mənə elə gəldi ki, ermənilər saxta profillər açaraq, mənə qarşı mövqe bildirdilər. İnanmadım ki, onlar azərbaycanlılardır. İqbal Ağazadənin və onun kimilərinin məsələyə münasibətini görəndə, mənə çox pis təsir etdi ki, Azərbaycanda özünü siyasətçi adlandıran adamlar ermənisayaq addımlar atırlar. Bəzi hallarda isə onları üstələmək istəyirlər.

Səxavət Məmməd

COP29