“Bizdə saxta yolla hərbi bilet alanların olub-olmadığını bilmirəm” – Aqil Abbas

Azərbaycanda vətəndaşlara qanunsuz yolla hərbi bilet verilməsi halları araşdırıla bilər?

Yenicag.az Türkmənistanın müstəqil informasiya mənbələrinə istinadən xəbər verir ki, adıçəkilən ölkədə ordunun komplektləşdirilməsində problemlərin yaranması səbəbindən ehtiyatda olan hərbi mükəlləfiyyətli vətəndaşlara verilmiş hərbi biletlərin ekspertizasına başlanılıb.

Qeyd olunur ki, Türkmənistanda 30-35 hərbi qulluqçunun xidmət etməli olduğu orduda say baxımından, ciddi çatışmazlıqlar yaranıb. Bunu nəzərə alan ölkə rəhbərliyi hərbi xidmətdən qanunsuz yayınma hallarını aşkara çıxarmaq üçün kişilərə öz hərbi biletlərini Müdafiə Nazirliyinin Kadrlar Şöbəsinə təhvil vermələri tapşırılıb.

Müharibə vəziyyətində olan Azərbaycanda da hərbi biletlərin araşdırılmasının mümkünlüyü ilə bağlı fikirlərini öyrəndiyimiz millət vəkili Aqil Abbas isə Yenicag.az-a açıqlamasında buna ehtiyac olmadığını deyib.

Aqil Abbasın fikrincə, bu məsələdə vaxtilə hansısa qanunsuzluq olubsa, o halların indi üzə çıxarılması artıq mümkünsüzdür:
“Mən bu barədə nəsə deyə bilmərəm. Çünki bizdə saxta yolla hərbi bilet alanların olub-olmadığı haqda məlumatım yoxdur. Bu məsələni hərbi çağırışla məşğul olan qurumlar bilər…

Ola bilər ki, bizdə də vaxtilə kimsə alıb. Amma inanmıram ki, indi kiməsə saxta sənəd verən ola. Əvvəllər, yəni müharibənin şiddətli vaxtında belə halların olması mümkün idi.

Ona görə də, mənim fikrimcə, indi o məsələlərin araşdırılmasına ehtiyac yoxdur. Təzədən nə araşdırma aparılasıdır? İndi də köhnə məsələləri qurdalamağa başlayaq?

Üzü sabaha getmək lazımdır. İyirmi beş il əvvəl baş verənləri necə sübut edəcəksən? O vaxt xəstə olub, sonra sağalıb…”

A.Zeynalov

COP29