“Bizdən bilet istəyirlər” – Maksim Medvedev

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Kopenhagen” matçı Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yenicag.az xəbər verir ki, ağdamlıları kapitan kimi meydana çıxaran Maksim Medveden matçdan sonra sözügedən qələbəni şərh etməklə yanaşı, jurnalistlərin suallarını cavablandırıb:

– Bizim üçün ağır oyun keçdi. Rəqib səviyyəli komanda idi. Əlimizdən gələni etdik ki, sona qədər mübarizə aparaq. “Kopenhagen”i 3 gün ardıcıl analiz etdik. Bizim üçün tarixi şansdır və bunu əldən vermək istəmirdik. Bu gün 11 nəfər deyil, bütün Azərbaycan xalqı oynayırdı. Azarkeşlərimiz möhtəşəm idi. Çempionlar Liqasının himni səslənəndə tüklərimiz biz-biz durmuşdu. Hər kəsə təşəkkür edirəm. Cavab oyunu ağır olacaq.

– İknici hissədə də “Qarabağ”ın qol vuracağınız gözlənilirdi. Lakin, sakit davrandınız.

– Əlbəttə, 1:0 hesabı yaxşı nəticədir. Qol da buraxmadıq. Qol imkanlarımız da çox oldu. Rəqib qolkiper 3 əla seyvlə yadda qaldı. Nə demək olar…

– Rəqib futbolçular “Qarabağ”ın oyunçularını təxribata çəkərək, hakim tərəfindən cəzalanmağınıza çalışırdılar. Hətta sən də “Kopenhagen”li futbolçu ilə gərginlik yaşadınız…

– Rəqib təcrübəlidir. Biz də emosional oyunçularıq. Baş məşqçimiz tapşırmışdı ki, diqqətli olun. Skandinaviya ölkələrinin klubları belə oyun sərgiləyirlər.

– Kopenhagendəki oyunda bu azarkeşlər olmayacaq. Skandinaviyalı azarkeşlərin önündə “Qarabağ” uğurun davamını gətirə bilərmi?

– İnşallah. Öz əziyyətimizlə, gücümüzlə göstərəcəyik ki, biz ora mübarizə üçün gedirik. Avropada azarkeşlərimiz var. Onlar bizi tək buraxmayacaqlar. Sosial şəbəkələrdə bizdən bilet də istəyirlər.

– Qrup mərhələsinin sevincini Bakıda qeyd etmək də maraqlı olardı…

– Hər oyunçunun arzusu ÇL-in qrupunda oynamaqdır. Ancaq tur iki oyundan ibarətdir. Cavab matçı çətin olacaq. ÇL-in himni səslənibsə, yaxşı olacaq.

Yenicag.az

COP29