Əziz ƏLİBƏYLİ
Gözəlim, Asiya!!!
Böyük Turan sevdasının izi ilə Bakıdan Aşqabada yolçuluğumuz başladı.
Orta Asiyanın qədim və spesifik ölkəsi Türkmənistan…
Haqqında məlumatlar o qədər az və yanlış idi ki, Vikimənbədən aşkarladığımız bilgilər reallığı gördükdən sonra anlamsız qaldı.
Bakıdan eşq, sevda şəhərinə bir saatlıq zaman itkisindən sonra yetişdik.
Ayağımızın tozu ilə gəzməyə çıxdığımız şəhər hansısa səhrada boş qalmış, yovşan, saksaul, yurtlardan ibarət deyil, səmalara baş tutan göydələnlər və Avropa müasirliyinə dərs keçəcək gözəllik oldu.
İnsan zəhməti və iradəsi boz və quru torpaqda əsl cənnət yaradıb.
Qədim Aşqabadın keçmiş Sovet şəhərlərinə xas özəlliyi artıq kölgədən boylanmaqdadır.
Şəhərin yeni hissəsi geniş və gözəlliklərin harmoniyasına sahib olmaqla böyüyür.
Aşqabadı eşqimiz kimi sevdirən isə insanlarının Azərbaycan sevgisi və eyni dili danışmağımız oldu.
Bura Türkmənistanın başkəndi Aşqabad idi.
Addımbaşı rast gəldiyimiz məkan adları Azərbaycanın hər yerini xatırladırdı.
Ərçəbil, Laçın, Türkmənçay…
Şəhərin aurası iqtisadi tərəqqiyə rəğmən, sakit ruhunu və mülayimliyini pozmur.
Tıxacsız, polissiz və təkdənbir gözə dəyən xarici markalı sadə maşınlar.
Yeri gəlmişkən onu da deyim ki, dayanacaqlar Bakıdakı gül dükanları qədər gözəldir.
İçərisində divan, stullar, HD plazma televizorlar və güllər. Sanki bu, sıradan bir marşrut dayanacağı deyil.
Şəhərin ümumi görünüşünü iki rəng təşkil edir. Ağ mərmərdən tikililər və yaşıl türkmən ornamentli abidələr.
Şəhərin bütün uca binalarının damında ölkənin bayrağı dalğalanır. Ümimiyyətlə, bu ölkəni başdan-başa bayrağa bürünmüş insan kimi təsəvvür etmək olar.
Maraqlıdır ki, Şərqə xas olan aktiv kriminal mühit burda yox dərəcəsindədir. İnsan ölümü, cinayətlər, oğurluqlar minimum həddədir.
Polisin əsas funksiyasını böyük ayarlı videokameralar yerinə yetirir.
Və daha maraqlı bir fakt: Türkmənistan musiqi və idman ölkəsidir. Ölkədə bu iki sahə inanılmaz uğurlara imza atır və dövlət siyasəti ilə dəstəklənir.
Müasir Aşqabadı Asiyanın incisinə çevirən türk mühəndisləridir.
Dəyəri milyardlarla ölçülən layihələrin əsas icraçıları türk firmalarıdır.
Kopetdağın ağrısı
Qaraqum çölü ilə əhatələnən Aşqabadın yeganə zirvəsi İranla sərhəddə yerləşən və qismən də Əfqanıstanla sərhəddə malik olan Kopetdağ silsiləsidir.
Qədim türkmən yaşayışının əsas atributu olan yurtlar bu yaxınlara qədər Kopetdağda mövcud olsa da, gündən –günə güclənən Taliban, İŞİD qorxusu bu ölkəni ciddi şəkildə təhdid etməkdədir.
Ola bilsin ki, bu an üçün dövləti təhlükə miqyası yoxdur. Amma əfqan sərhəddinə toplaşan radikal islamçıların arzularına müqabil gələndə sərhəddi keçib türkmən əsgərlərinin başını kəsməsi adi hala çevrilib.
Yazıqlar olsun ki, sərhədd xətləri təbii relyefə uyğun tənzimləmək mümkün olmur, səhrada hər-hansı möhkəmlənmə və müdafiə işini qurmaq mümkün olmadığından əsas istiqamətini bitərəflik olduğunu elan edən ölkənin bakiliyi pozulur.
Elə ona görə, Kopetdağa daha kimsə köçmək fikrində deyil, ona görə türkmən yaşamının bir parçası olan yurtlar da tarixi eksponata dönüb.
Ata yurt – Türkmənistan
Bizdən və Türkiyə türklərindən fəqrli olaraq, türkmənlər ölkələrinə “Ata Yurt” deyirlər.
1881-ci ildə ruslar Aşqabadı işğal etsələr də, zərrə qədər olsa da, milli koloritini itirməyib.
Amma bununla yanaşı, türkmənlar öz dilləri kimi üç dili də istifadə edir.
Rus, türk və ingilis dilləri.
Və ölkədə ərəb dilini bilən olduqca xeyli adam var.
İslam dininə münasibəti türkmənbaşıları daha uğurla açıqlayıb. Əvvəl millət sonra ümmət.
Dini geyimli insanlar ümimiyyətlə yoxdur, insanların əsas geyimi, davranışı və bütün bu cür qaydalar milli foklora, incəsənətə və mədəniyyətə əsasən tənzimlənir.
Bir növ, türkmən adətləri ərəb adətlərini üstələyə bilib.
Bütün türk tarixi türkmənlərindir?
“Ana vətən Şöhrət Abidəsi”
Aşqabadı başdan-başa tarixi abidələr bəzəyir.
Bu dəfəki ünvanımız Şöhrət abidəsi oldu. Sözün əsl mənasında ucaldılan heykəlləri görəndə özümü Azərbaycan tarixi ilə iç-içə hiss etdim.
Şöhrət kompleksinin ətrafına muncuq kimi düzülən heykəllər bizim orta əsrlər tarixinin böyük simaları idi:
Uzun Həsən, Qara Yusif, Hacı Bayram…
Ağqoyunlu və Qaraqoyunlu sultanlarının heykəlləri. İlk baxışda çox təəccübümə səbəb oldu. Axı bizim tarixi qəhrəmanlarımızın türkmənlərlə oğuz olmaqdan başqa bir bağı yoxdur. Amma türkmən qardaşlarımızı bu məsələdə daha çox ümumtürk-mən kontekstində düşünərək bütün türk dünyasının igidlərini özlərininki hesab edirlərmiş.
Necəki, bu sırada Ata Qorqud, Koroğlu kimi qəhrəmanlar da dayanır.
Biz və yenə ermənilər
Qədim Nisa şəhəri uzqdan gil şəhərciyinə bənzəyən sivilizasiya beşiyidir.
Makedoniyalı İsgəndərin böyük imperiyası qırıq-qırıq zəncirə dönəndə, qopan halqalardan biri də Parfiya və Baktriya dövlətləri idi.
Parfiyadan qalan halqa isə Nisa şəhəridir.
Qədim Nisanın qalıqları hazırda yalnız, Aşqabadla İran arasında yerləşən Kopetdağın ətəklərində qalıb.
Və biz əsas açılış tədbiri (Asiya oyunlarının açılışına 500 gün qalması ilə əlaqədar) Nisanın qala divarlarının önündə yığışası olduq.
Türkmənistan prezidentinin və Asiya OŞ-nun rəhbərinin, minlərlə yerli sakinin və xarici nümayəndələrin iştirakı ilə baş tutan tədbir sonrası tarixin bir parçasının yadigarlarını ziyarətə çıxdıq.
Xarici ölkə səfirlərinin toplaşdığı sərgi çardaqlarının altında müxətlif tarixi eksponatlar yığılıb və orda tapılan nümunlərin təqdimatı üçün bələdçi fəaliyyətləri təşkil edilmişdi.
Nisayla tanışlıq qum sandığı üzərində gildən yapılmış kiçik modelinə baxış oldu.
Burda isə bizi böyük bir təsssüf hissi bürüdü.
Türkmənistanın və bölgənin qədim tarixinə aid xəritələri başdan –başa erməni rəzaləti ilə dolu idi.
Kaspi sahillərinə doğru kiçik hərflərlə yer alan İberiya, Albaniya sözləri ilə yanaşı böyük və gözəgirən hərflərlə çizilmiş “Velikaya Armeniya” adı xoşagəlməz durum yaratdı.
Türkiyəli həmkarlar da daxil olmaqla, türkmən tərəfdaşlarımızla uzun bir diskussiya aparası olduq.
Məlum oldu ki, Türkmənistanda vacib, strateji və dəqiq elmlərə aid sahələrdə, çoxlusayda ermənilər var. Onların da bu hiyləsi xəritədə öz “yerini” tutub.
Biz ermənilərlə bağlı müzakirələrin duzunu artırdıqca “Rossiya 1”-in erməni müxbiri və Türkmənistandan olan erməni media işçisi Kristina qeyd-şərtsiz özlərini erməni kimi yox, “həmişə olduğu kimi” aparmağa başladılar.
Bu məsələni də türkmən rəsmilərinə çatdırdıq.
Burda bir haşiyəyə çıxım.
Türkmən qadınları ictimai iaşə müəssisələrində işləımir. Bu, bir növ ayağı sürüşkənlik sayılır deyə, bütün otellərdə rus və erməni qadınları işləyir.
Səfərimizin son günü Türkmənistan Teleradio binasını ziyarət etdik.
İki mikroavtobusla getmişdik, dönəndə bir böyük avtobusla qayıdası olduq.
İlk dəfə olaraq, bütün ölkələrdən olan media nümayəndələri bir yerdə səfər edirdi.
Türkmən TV-nin əməkdaşı Murad bəyin təklifi göydəndüşmə oldu.
“Gəlin, Azərabycan mahnısı oxuyaq”.
Biz ağzımızı açmamış türkmənlər başladılar, nə başladılar.
Sən demə, türkmən toylarının ən prestijli müğənnisi Azərbaycan əsilli Nasir Həbibov imiş.
Türkəmnistanda isə ən çox sevilən azərbaycanlı müğənnilər nə qədər qəribə olsa da, Uzeyir Mehdizadə, Ədalət Şükürov və Nuri Sərinləndirici imiş.
Meydanı kimsəyə verməyən türkmən qardaşlarımızı quruluşçu operatorumuz Pərviz Novruzun, dostumuz Turab bəyin səsi pozdu.
“Anadır arzulara hər zaman Qarabağ” mahnısı səslənəndə üç xalqın hayqırtısı bir-birinə qarışdı.
Türkmənlər, türkiyəlilər və bizim, bizə qoşulan pakistanlı Xanın səsi erməni nümayəndələri çıxılmaz duruma saldı.
40 dəqiqəlik yolun zamanını onlara haram etdik.
Qaraqorumun bəyaz gözəlləri
Türkmən qadınları şübhəsiz dünyanın 10 ən gözəl qadını sırasında yer tutur.
Olduqca gözəl, arıq və sanki obezitə problemindən xəbərsiz həyata davam edirlər. Uzun xalatları milli ornamentlərlə bəzənir və başlarında qəribə papağa bənzər ipək parçalı başlıq olur. Bu, başlıq hansı qadında varsa, o ya evlidir, ya da nişanlıdır.
Türkmən qadınları saçını açıb, tökmür, baş hissədə yığırlar.
Kiçik və ya boyca böyük və kök qadına rast gəlmək nadir hadisəyə dönüb.
Milli geyimlərlə bağlı güman ki, qanun mövcuddur, yoxsa, nadir halda müasir geyimli qadınlara rast gəlməzsən.
Davamı var…