“Bizə dolğun informasiya vermirlər…” – Qabil Hüseynli

“Son olaraq deyildi ki, qəzanın səbəbi “qara qutu” tapılıb oxunduqdan sonra bilinəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MİQ-29 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində itkin düşmüş pilot polkovnik-leytenant Rəşad Atakişiyevin axtarış tədbirlərinin gedişatı haqda danışan hərbiçinin qaynatası, sabiq dövlət katibi Qabil Hüseyinli deyib.

Qabil Hüseyinli bildirib ki, onlara dünən verilən məlumata görə, qəzaya uğrayan hərbi təyyarənin axtarış bölgəsi daralıb:

“Dünən bizə dedilər ki, obyektə yaxınlaşıblar. Heç bir məlumat yoxdur, bizə dolğun informasiya vermirlər. Məncə, heç onlar da dəqiq məlumata malik deyillər. Bizə son olaraq deyildi ki, qəzanın səbəbini “qara qutu” tapılıb oxunduqdan sonra bilinəcək. Bildirdilər ki, indi deyə biləcəkləri hər bir variant sadəcə, versiya olacaq”.

Qeyd edək ki, 5 gün əvvəl qəzaya uğrayan MiQ-29 hərbi təyyarəsinin və pilot polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışı davam etdirilir.

Səxavət Məmməd