Sən demə, insanların 6 deyil, bir-birindən fərqli 27 emosiyası varmış.
Yenicag.az “Proceedings of the National Academy of Sciences” jurnalına istinadən xəbər verir ki, belə bir qənaətə Kaliforniya Universitetinin araşdırmaçıları gəliblər.
Ənənəvi xoşbəxtlik, kədər, qəzəb, təəccüb, qorxu və nifrətə alimlər utanmaq, nostalji, seksual meyl və digər emosiyaları da əlavə ediblər.
Araşdırma zamanı alimlər 800 könüllüdən 30 videoya baxmasını və müddəti 5-10 saniyə olan bu görüntüləri izləyərkən hansı hisslər keçirdiyini təsvir etməsini istəyiblər.
Həmin videolarda doğum və ölüm, toy, cinsi münasibət, yöndəmsiz əlsıxma, təbii fəlakətlər əks olunub.
Sorğu nəticəsində könüllülərin təsvirlərini diqqətlə nəzərdən keçirən araşdırmaçılar 27 emosiya müəyyən ediblər.
Eyni videonu izləmək əksər insanlarda elə eyni emosiyaların yaranmasına səbəb olub. Şimal şəfəqini izləyərkən 75% insan estetik məmnunluq, 58% insan ehtiram hissi keçirib, 29% insan gördüyü mənzərəyə heyran qalıb, 25% insan isə rahatlıq hissi keçirib. Qayalıqlar arasında tarıma çəkilmiş kəndir üzərində gəzən birinin videosuna baxmaq 55% iştirakçıda qorxu, 45% -ində isə həyəcan hissinin yaranmasına səbəb olub.
Araşdırmaçılar qeyd ediblər ki, bəzən emosiyaları bir-birindən ayırmaq mümkün olmur. Belə ki, çox zaman dəhşət kədərlə, şadlıq heyranlıqla, ehtiram isə əmin-amanlıqla “qonşu” olur.