Bizi gələcəyə bağlayan ən etibarlı körpü – Azərbaycan dilini necə qoruyuruq?

“Dil xalqın keçmişini, məişətini, tarixini özündə əks etdirən canlı bir varlıqdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü mübasibətilə Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədr müavini Gülyaz Əliyeva deyib.

Onun sözlərinə görə, dil təkcə ünsiyyət vasitəsi deyil, o həm də gerçəklik, mədəni ənənələr, xalqın tarixi, milli özünüdərki haqda biliklərin qorunması və gələcək nəsillərə ötürülməsi missiyasını həyata keçirir.

“Dil xalqın keçmişini, məişətini, tarixini özündə əks etdirən canlı bir varlıqdır. Dünyanın hansı guşəsində, hansı dövlətin ərazisində, öz tarixi torpaqlarımızda və ya özgə torpaqlarında yaşamağımızdan asılı olmayaraq, bizim bir millət, bir ata-ananın övladları olmağımızı sübut edən ən birinci dəyər dilimizdir. Ona görə də bu dəyəri göz bəbəyi kimi qorumalıyıq. Hətta dil işğalı torpaq işğalından daha təhlükəlidir. Alınmış torpağı geri qaytarmaq olar. Bunu 44 gün ərzində bacaran qalib ordumuz bütün dünyaya sübut etdi. Amma dil işğal olunarsa, işləkliyini itirərsə, onun geri qayıdışı yoxdur. Azərbaycan dili türk dilləri ailəsinə mənsub ən zəngin və öz kökünə bağlı dillərdəndir”, – deyə o əlavə edib.

O qeyd edib ki, Azərbaycan dili dünyanın ən musiqili, ən ahəngdar, ən mənalı, qulağa xoş gələn ən gözəl dillərindən biridir.

“Bəs bu gün dilimizin qədrini bilirikmi? Baxmayaraq ki, dövlət tərəfindən Azərbaycan dili ilə bağlı mühüm qanun və fərmanlar qəbul olunur, amma bu gün deyə bilmərik ki, dilimiz Azərbaycanda tam mənası ilə işləkdir. Hələ də azərbaycanlı uşaqların kütləvi rus məktəblərinə axını var. Axı uşaq hansı dildə dil açıb danışırsa, öyrəndiyi dilin təsirində olur, öz xalqının ədəbiyyatından, mədəniyyətindən uzaq düşür”, – deyə o bildirib.

G.Əliyeva qeyd edib ki, dilə hörmət ilk növbədə insanın qanında olmalıdır:

“Müstəqillik qazanmağımızdan 33 il keçsə də, biz paytaxtımızda və eləcə də bölgələrimizdə küçələrə çıxanda Azərbaycan dilinin hegemonluğunu görmürük. Haraya, hansı obyektə baxırsan, adları əcnəbicə yazılıb. Axı bu obyektlərin sahibləri də, işlədənlər də, alıcıları da əcnəbilər deyil. 2020 -ci ildə Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadiqlinin Bakı şəhərin mərkəzi küçələrində apardığı monitorinqin nəticələrindən məlum oldu ki, müəssisə və obyekt adlarından 98 faizə qədəri əcnəbicədir, ana dilindən ya heç istifadə olunmayıb, ya da bunlar: “endirim, açıqdır, bağlıdır” kimi sözlərdən ibarətdir. Doğrudur, qloballaşmadır, amma bu dərəcədə də acınacaqlı vəziyyət heç Sovet dövründə Rusiyanın işğalı altında olduğumuz vaxtlarda da olmayıb…”

Filoloq əlavə edib ki, Əlifba bizim ən yaralı yerimizdir:

“Əlifbanın, orfoqrafiyanın tez-tez dəyişməsi dili geri atır. Dilin inkişafını ləngidir. Gəlin razılaşaq ki, dilimizin mövcudluğunu qorumağa, inkişafını təmin etməyə ilk növbədə özümüzdən başlamalıyıq.

Ana dilimiz əcdadlarımızla bizi bağlayan ən etibarlı körpüdür. Əlifbamız – yazımız isə bizdən gələcəyə ən etibarlı körpüdür. Dünyada yaşayan, Azərbaycan dilində danışan bütün soydaşlarımızı 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü mübasibətilə ürəkdən təbrik edir, xalqımıza milli birliklə yanaşı, həm də dil birliyi arzulayıram!

İsmayıl Bakuvi

COP29