“Az qala otuz ildir fəaliyyət göstərdiklərini deyən neçə partiya beş min üzvün siyahısını nazirliyə göndərə bilmədi”.
Bu fikirləri Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydiyyatdan keçmiş Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədri bildirib ki, rəhbəri olduğu partiyanın təkrar qeydiyyatdan keçməsinə kinayə ilə yanaşanların özləri ortaya real iş qoya bilməyənlərdir:
“Bu prosesdə hər kəs gördü ki, Ədliyyə Nazirliyi çatışmazlıqları aradan qaldırmaları üçün partiyaların əksəriyyətinin sənədlərini geri qaytardı. Bizim təqdim etdiyimiz siyahıda da müəyyən texniki xarakterli nöqsanlar olduğu üçün heç bir irad bildirmədik. Əksinə, hava şəraitinə baxmayaraq, bütün işimizi siyahımızın dəqiqləşdirilməsinə yönəltdik.
Nəticədə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıq. Bildiyim qədər, qeydiyyatına müsbət cavab verilmiş digər partiyalarda vəziyyət belə olub. Bizm qeydiyyatdan keçməyimizi şübhə altına almaq istəyənlərin özləri nə iş görüblər? Az qala otuz ildir fəaliyyət göstərdiklərini deyən neçə partiya beş min üzvün siyahısını nazirliyə göndərə bilmədi.
Bildiyiniz kimi, bizim partiya 2007-ci ildə təsis olunsa da, 2020-ci ildə – 13 il sonra qeydiyyata alınmışdı. Ancaq yeni qanun qəbul edildikdən sonra da bizim heç bir narahatlığımız yox idi. Çünki üzvlərimizin sayı kifayət qədərdir. Hətta üzvlərin sayı on min nəfər tələb edilsəydi belə, bizim üçün yenə problem olmayacaqdı. Odur ki, bizim təkrar qeydiyyata alınmağımızı həzm edə bilməyənlər öz fəaliyyətlərinə nəzər yetirsinlər”.
A.Zeynalov