“Bizim siyasətimiz ədalətlidir” – İlham Əliyev

“Bizim siyasətimiz ədalətlidir və sözümüzlə əməlimiz arasında fərq yoxdur”.

Yenicag.az-iın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

Dövlət başçısı deyib:

“Biz keçən il Türk Şurasına sədrliyi öz üzərimizə götürmüşük və deyə bilərəm ki, türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Bütün digər beynəlxalq təmaslarda biz Avropa İttifaqı ilə indi saziş üzərində işləyirik, Avropa İttifaqına üzv doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədlərimiz vardır. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində böyük nüfuzumuz var. Budur, bizim beynəlxalq mövqelərimiz. Ona görə bizə hörmət edirlər, ona görə bizim sözümüz keçir və eyni zamanda, ona görə ki, bizim siyasətimiz birmənalıdır. Bizim siyasətimiz situativ deyil. Bizim siyasətimiz ədalətlidir və sözümüzlə əməlimiz arasında fərq yoxdur. Mən öz sözümü bütün auditoriyalarda deyirəm. Mənim üçün bir mövzu Azərbaycanda, bir mövzu xaricdə anlayışı yoxdur. Hər bir məsələ ilə bağlı mövqe var, mövqe olmalıdır və mən bu mövqeni müdafiə edirəm. Kimin xoşuna gəlir, gəlir, kimin xoşuna gəlmir, özü bilər. Bizi istəməyə bilərlər məhz bu hərəkətlərimizə görə, bu müstəqil siyasətimizə görə. Amma bizə hörmət edirlər. Bunu da mən dəfələrlə görmüşəm. Ona görə deputatlar da beynəlxalq təşkilatlarda elə fəaliyyət göstərməlidirlər ki, daim hörmət göstərilsin.

Son 16 il ərzində iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Əgər varsa, desinlər, götürsünlər statistikaya baxsınlar, hansı ölkə 16 il ərzində öz iqtisadiyyatını 3,4 dəfə artıra bilib. Ondan sonra yoxsulluq, 50 faizə yaxın idi, indi 4,8 faizdir və daha da aşağı düşəcək. Çünki maaşlar, pensiyalar artır və artırılacaq, müavinətlər də həmçinin. Xarici borc ümumi daxili məhsulun 17 faizinə bərabərdir. Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu, 100 faizdən çoxdur. Amma ondan daha önəmli məsələ odur ki, valyuta ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur. Yəni, istəsək, xarici borcumuzu bir ay ərzində sıfırlaya bilərik. Xarici borcu ödəmək üçün gərək bəzi ölkələrin valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun.

Bu illər ərzində iqtisadi sahədə bu uğurlar əldə edilib, sosial sahədə maaşlar, pensiyalar on dəfədən çox artıb. Məcburi köçkünlərin, şəhid ailələrinin problemləri öz həllini tapır. Biz kosmik dövlətə çevrilmişik, üç peykimiz var. Dünya Astronavtika Konqresi 2022-ci ildə Bakıda keçiriləcək və bu haqqı biz gərgin mübarizədə qazanmışıq. Bu müsabiqədə 4 şəhər iştirak edirdi – Dehli, Rio-de-Janeyro, Sinqapur və Bakı. Biz bunu qazandıq. Nəyə görə? Çünki orada da bizə hörmət edirlər.

Mən belə faktları çox sadalaya bilərəm. Təkcə enerji siyasətimizə baxmaq kifayətdir ki, xalqımız, dövlətimiz və qitə üçün nələr etdiyimizi görək. Neft-qaz kəmərləri – indi Cənub Qaz Dəhlizi başa çatmaq üzrədir. Biz bunu çox çətin geosiyasi vəziyyətdə minimum itkilərlə etdik, demək olar ki, sıfır itkilərlə. Nəinki bunu etdik, hətta yeddi ölkə arasında uzunmüddətli beynəlxalq əməkdaşlıq formatı yaratdıq. Bu ölkələr artıq təbii dostlardır, müttəfiq olmasalar da, təbii dostlardır. Ona görə bu sahədə də bizim rolumuz danılmazdır və biz bu sahədə liderik.

Nəqliyyat sahəsində. Biz açıq dənizə çıxışı olmayan ölkəni nəqliyyat mərkəzinə çevirmişik. Belə faktlar çoxdur və hər biri seçkilərə müsbət təsir göstərmişdir. Parlamentə seçilmiş deputatların mütləq əksəriyyəti bu müsbət meyillərə düzgün qiymət verir. Ola bilər ki, onların qələbəsi, o cümlədən bu amildən də asılıdır.

Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Əminəm ki, Azərbaycan parlamenti bu işdə fəal olacaq. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun”.