“Bizim üçün Ankara nədirsə, Bakı da odur” – Azərbaycan Türkiyə mediasında / FOTOLAR

“Bizim üçün Ankara nədirsə, Bakı da odur. Azərbaycan Ordusu işğal olunmuş ərazilərini azad edəcək qədər güclüdür. Hətta bu məsələdə Türkiyədən yardıma ehtiyac duymayacaq qədər qüdrətli dövlətdir”, “Həlak olan 5 azərbaycanlı əsgərə görə 30 erməni leşi istəyirik”, “Azərbaycandan Ermənistana göz dağı…” 

Ermənistan təxribatı nəticəsində iki ölkə arasındakı növbəti silahlı qarşıdurma ilk gündən Türkiyə mətbuatının gündəmində yer alır. Türkiyə kütləvi informasiya vasitələrində (KİV) və sosial şəbəkələrdə erməni təxribatını qınayaraq, Türkiyə-Azərbaycan birgə hərbi təlimlərini yüksək qiymətləndirirlər. Bu da hərbi-texniki, sosial-iqtisadi əlaqələrin hər iki ölkənin marağında olmasından xəbər verir.

img

Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Türkiyə-Azərbaycan hərbi-siyasi əlaqələri, sosial-iqtisadi əməkdaşlığı daha da genişləndi. Müxtəlif sahələrdəki əlaqələr genişləndikcə, Türkiyə Azərbaycanın hərbi və siyasi sahəsində də mühüm tərəfdaşa çevrilməyə başladı. Hazırda da ən üzdə görünən bir neçə göstəriciyə əsasən, Türkiyə Azərbaycanın ən mühüm strateji müttəfiqi hesab olunur. 

img

Birincisi, iki xalqın eyni soy-kökə, dilə, dinə, mədəniyyətə bağlılığı ortaq ideya – milli mövqeyə söykənən əlaqələrin olmasından xəbər verirdi. Bu baxımdan, Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmlənməsində tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər – millət ruhuna dayanır. Bu bağlılığı təkcə Türkiyə rəsmiləri demir, türkiyəli sosial şəbəkə istifadəçiləri və media nümayəndələri də bildirirlər.

img

İkincisi, Azərbaycan ərazisində yerləşən strateji əhəmiyyət kəsb edən enerji, nəqliyyat layihələri regionun təhlükəsizliyinin təminatında Türkiyənin də payını Azərbaycan qədər artırır. Buna görə Ermənistan tərəfi son təxribatını münaqişənin getmədiyi Tovuz istiqamətində – ortaq layihələrin olduğu strateji ərazidə törətdi. Nəticədə də, Türkiyə rəsmilərinin bəyanatları və döyüşlərin başlandığı anda Türkiyənin baş naziri Binəli Yıldırımın “Azərbaycanın dərdi Türkiyənin dərdidir” deməsi, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın “Azərbaycan tək deyil” deməsi Ermənistanı narahat etməyə başladı. Ümumiyyətlə, Azərbaycan təkcə Türkiyə üçün deyil, eləcə də digər ölkələrin neft-qaz təchizatında da mühüm yer tutur. Təkcə Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsini demək kifayətdir ki, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın müstəsna rol oynadığını göstərə bilək.

img

Bundan əlavə, Azərbaycan Türkiyə ilə təkcə hərbi-texniki deyil, eləcə də, geosiyasi münasibətlərdə əsasən, NATO standartlarına uyğun əməkdaşlıq edən Cənubi Qafqaz ölkəsidir. Bu əlaqələr hər iki dövlətin hərbi və siyasi əməkdaşlığının bütün sahələrindəki maraqlarına xidmət etməklə, ordulararası sıx münasibətlərin qurulmasına səbəb olur. İllik plana uyğun olaraq, hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyulun 29-dan başlayan Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri də məhz hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir.

img

Bu mənada, Azərbaycan və Türkiyə arasında istənilən birgə fəaliyyət qarşılıqlı etibar və qardaşlığa əsaslanaraq, regionda təhlükəsizlik, sabitlik və rifaha öz töhfəsini verir. Dövlətlər arasında enerji, nəqliyyat, maddi-texniki təminat, tranzit layihələrin artmasından narahat olan erməni tərəfi də regionda daim gərginlik yaratmağa, informasiya müharibəsini ən çirkin formada davam etdirməyə çalışır. Unudurlar ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, “Bundan sonra güclənən bir Azərbaycan, bir də Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”./Mediapost/

img