ABŞ dövlət katibi Antoni Blinken G7 ölkələrindəki həmkarları ilə telekörpüdə bəyan edib ki, İran və “Hizbullah”ın İsrailə qarşı hücumu ən tez bu gün başlaya bilər. Bu məlumat məsələ ilə tanış olan üç məmura istinadən bu gün “Walla” xəbərlərinə daxil edilib.
Yenicag.az xəbər verir ki, görüşün məqsədinin ABŞ-ın ən yaxın müttəfiqlərini koordinasiya etmək və İran və “Hizbullah”ın cavab hərəkətlərini minimuma endirmək üçün son anda diplomatik təzyiq cəhdləri etmək olduğu iddia edilib.
Bazar günü də üç ABŞ və İsrail rəsmisi “Axios” əməkdaşı Barak Ravidə hücumun bu gün baş verə biləcəyini deyib. Bir İsrail rəsmisi də CBS News-a deyib ki, İranın 13 aprel hücumunun böyük əksəriyyətinin qarşısı alınıb, lakin İsrail bu dəfə “daha aqressiv” cavab gözləyir.
Mənbələrin “Walla”ya verdiyi məlumata görə, Blinken görüşdə ABŞ-ın İran və “Hizbullah”ın qisas alacağına inandığını, lakin İranın 13 aprel hücumundan fərqli olaraq, mümkün ssenarilərin daha az aydın olduğunu vurğulayıb.
Blinken, ABŞ-ın hücumların dəqiq vaxtını bilmədiyini, lakin onların növbəti 24-48 saat ərzində, yəni bazar ertəsi günündən başlaya biləcəyini vurğulayıb.
13 aprel hücumunda İsrail ABŞ, Böyük Britaniya, Fransa, Qətər, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin köməyi ilə İranın pilotsuz uçuş aparatlarının və raketlərinin qarşısını alıb. Koalisiya raketlərin 99%-ni ələ keçirib.
Nəsimi Ələsgərli