“İsveçrədə keçiriləcək sülh sammitinin şərtləri və Rusiyanın iştirakı olmadan qəbul olacaq qlobal qərarlar Moskvanı narahat etməmiş deyil. Çünki Rusiyanın iştirakı olmadan belə qərarların qəbul edilməsi de-fakto olsa da, müəyyən mənada Rusiya üzərində beynəlxalq səviyyədə basqı yaradacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Siyasi təhlilçi İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammiti çərçivəsində Rusiya qoşunlarının Xarkovətrafı ərazilərdə hücum əməliyyatlarını genişləndirməsi faktına toxunub.
N.Mirinin sözlərinə görə, Rusiya gözlənilmədən Xarkova hücum etməklə şərtləri tamamilə dəyişib, sözügedən prosesdə diktə edən tərəfin məhz özü olduğunu ortaya qoymağa çalışır.
“Ancaq bu, o qədər də Rusiyaya rahat başa gələcək məsələ deyil. Yəni Rusiya ordusunun sərhəddən Ukraynanın içərisinə – Xarkov vilayəti ərazisinə irəliləməsi və sərhədyanı kəndlərin işğal olunması hələ o demək deyil ki, məsələ Moskvanın xeyrinə nəticələnib. Artıq Ukrayna dövləti də konkret müdafiə bölgələrini ciddi şəkildə möhkəmləndirərək, əks-zərbə hücumlarını təmin etmək istəyir ki, bu yöndə artıq prezident Volodimir Zelenskinin tapşırığı da var”, – deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya ordusunun irəliləməsinə diqqət etsək, görərik ki, bu, Xarkov vilayətinin mərkəzinə doğru edilən hücum deyil:
“Sözügedən əməliyyatlar sərhədboyu təhlükəsizlik bölgəsi yaratmaq xarakteri daşıyır. Bu da onunla əlaqəlidir ki, Ukrayna ordusuna məxsus artilleriyanı daha uzağa qovmağa nail olsunlar və Ukrayna ordusu sərhədyanı yaşayış məntəqələrinə zərbələr endirə bilməsin. Həm də Rusiya bufer zona yaratmaqla Xarkov vilayətini işğalçılardan təmizləyən Ukrayna ordusunun qələbəsini əlindən almaq istəyir”.
N.Mirinin fikrincə, Xarkovla bağlı son hücum əməliyyatının qlobal səviyyədə Ukraynanı dəstəkləyən qüvvələrin siyasi qərarlarına təsir edə bilməyəcək:
“Çünki 1-2 günlük uğurlar bu məsələdə siyasi qərarlardan geri çəkilmək o qədər də asan deyil. Ayrıca, həm də konkret kəşfiyyat məlumatları var ki, Rusiyanın dərhal Xarkov şəhərini ələ keçirəcək səviyyədə potensial gücü mövcud deyil. İstər texnikalar, istər artilleriya, istərsə də canlı qüvvə baxımından Rusiya bunu həyata keçirə bilməz. Ona görə ki son 1-2 gündə Rusiyanın itkilərini nəzərə alsaq, bu, dəhşətli rəqəmləri ortaya qoyacaq”.
“Sual budur ki, Xarkov hücumları bir neçə həftə davam edərsə, hücum əməliyyatına qoşulan 50 min nəfərlik qoşundan nə qədəri həyatda qalacaq? Ona görə də bu yöndə uzağa gedən konkret nəticələr çıxarmaq doğru deyil və Qərb dünyası da bununla bağlı hər hansı bir güzəştdə getməyəcək. Məhz ABŞ-nin dövlət katibi Entoni Blinken də situasiyanı yerində müəyyənləşdirmək üçün gecə qatarla Kiyevə gəldi”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, nüfuzlu “Advance” nəşri bununla bağlı məlumat verib ki, Rusiyanın Xarkovda əks hücumu Qərbi İsveçrədə keçiriləcək sülh sammitinə yenidən baxmağa vadar edə bilər. Qəzetin analitiklərinin fikrincə, bu sammitdə Qərb öz qaydalarını diktə etmək istəsə də, döyüş meydanındakı durum Rusiyanın lehinə dəyişməkdədir.
Rafi Müslümov