ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfərini təxirə salıb.
Yenicag.az xəbər verir ki, bu barədə İsrailin nüfuzlu “Axios” nəşri məlumat yayıb.
Qəzet yazır ki, bu barədə Blinken bu həftə Qəzza zolağında atəşkəslə bağlı planlaşdırılan danışıqlardan əvvəl bildirib.
Nəşr adı açıqlanmayan iki mənbəyə istinadən bildirib ki, ABŞ-nin yüksək səviyyəli diplomatının səfəri “vəziyyətlə bağlı qeyri-müəyyənlik” səbəbindən təxirə salınıb.
“Çərşənbə axşamı HƏMAS son aylarda ilk dəfə Təl-Əvivə iki raket atıb, İsrail isə Qəzzaya ayrı-ayrı ölümcül hava zərbələri endirib. Bazar ertəsi də ABŞ rəsmiləri cümə axşamı danışıqlarının planlaşdırıldığı kimi davam edəcəyini gözlədiklərini söylədilər. Həmçinin çərşənbə axşamı günü Blinken İsrailə dəyəri 20 milyard dollardan çox olan döyüş təyyarələri və digər hərbi texnikanın mümkün satışını təsdiqləyib”, – deyə agentlik Pentaqonun məlumatından sitat gətirib.
Bundan əlavə, Pentaqon verdiyi açıqlamada Blinkenin təxminən 19 milyard dollar dəyərində “F-15” təyyarələri və avadanlıqlarının mümkün satışını təsdiqlədiyini bildirib. Qurumundan verilən məlumatda həmçinin vurğulanıb ki, Blinken təxminən 774 milyon dollar dəyərində tank patronlarının və 583 milyon dollar dəyərində ordu maşınlarının mümkün satışını təsdiqləyib.
Qəzetin mənbəsi qeyd edir ki, tanklar, demək olar ki, dərhal təhvil verilə bilər. “Boeing Co. F-15” qırıcılarının istehsalı və çatdırılması isə illər çəkəcək.
Xatırladaq ki, Vaşinqton İsrailə silah tədarükünü təsdiqləyərkən Qəzzada daha geniş Yaxın Şərq müharibəsinin qarşısını ala biləcək atəşkəs razılaşması əldə etməyə də çalışıb. Belə ki, İranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin, Beyrutda isə “Hizbullah” hərbi komandiri Fuad Şükrün öldürülməsindən sonra regionda müharibənin baş verməsi ehtimalları artmaqda davam edir.
Rafi Müslümov