“Veto hüququ həm də dövlətlərin öz maraqlarından yanaşmasını ehtiva edir. Bu da qəbuledilməzdir. Ona görə də dünyada xaos, kataklizmlər, iqtisadi represiya və digər neqativ hallar müşahidə olunur”.
Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreşin Baş Assambleyanın 77-ci sessiyasında səsləndirdiyi “Geopolitik bölünmələr Təhlükəsizlik Şurasının fəaliyyətini, beynəlxalq hüququ və əməkdaşlığı baltalayır” fikrinə münasibət bildirən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.
İlyas Hüseynov bildirib ki, BMT-də və onun Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır:
“BMT İkinci Dünya müharibəsindən sonra quruldu və San-Fransisko konfransı həm də dünyadakı yeni nizamın, təhlükəsizlik sisteminin yaradılmasını özündə ehtiva edirdi. BMT nəinki dünyada sülhü və təhlükəsizliyi qoruyur, eyni zamanda, onun alt qurumları müxtəlif sahələri əhatə edir.
BMT dövlətlərin ən üst təşkilatıdır. Ancaq biz görürük ki, BMT-nin sülhün, təhlükəsizliyin qurulması ilə bağlı məsul olan Təhlükəsizlik Şurası özünü doğrultmur. Onun qəbul etdiyi qətnamələr yalnız tövsiyyə xarakterlidir. Onun icra mexanizmi yoxdur. Bu da beynəlxalq hüququn norma və prinsiplərinin icrası ilə bağlı böyük çətinliklər yaradır. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin 30 il ərzində icrası mümkün olmamışdı. Dünyanın geosiyasi bölgələrində də analoji vəziyyət höküm sürür.
Maraqlıdır ki, müxtəlif mərkəzlərin maraqlarında olanda BMT-nin qətnamələri çox tez bir zamanda həyata keçirilir. Bu da ikili standartları formalaşdırır. Məsələ ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü İkinci Dünya müharibəsindən sonra qalib gələn bloku təmsil edir. Onlar öz maraqlarından hər hansısa bölgəyə nüfuz edə bilirlər. Yaxud maraqlarına əks müzakirələr keçiriləndə veto hüququndan istifadə edirlər. Bu gün BMT Təhlükəsizlik Şurasına çıxarılan hər hansısa məsələ ilə bağlı artıq dövlətlərin mövqeləri əvvəlcədən bəlli olur.
BMT Təhlükəsizlik Şurasında islahatların həyata keçirilməsi ilə bağlı çoxsaylı fikir görmüşük, eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan davamlı olaraq beynəlxalq münasibətlərə dair çıxışlarında “Dünya 5-dən daha böyükdür” tezisini irəli sürüb. Bu gün dünyada, təbii ki, yeni güc mərkəzləri formalaşıb.
Bu gün ekoloji problemlər, su çatışmazlığı müzakirə olunmalıykən ərazi münaqişələri və buna bənzər sahələr müzakirə edilir. Bu da qəbuledilməzdir. Hazırda ərzaq təhlükəsizliyi ən pik həddədir. Hesab edirəm ki, dövlətlər bu barədə öz təşəbbüslərini gücləndirməlidirlər. Bu gün taxıl dəhlizinin işə düşməsinə sevinirik. Ona görə də, bu gün risklər, təhdidlər, müharibələr aradan qaldırılmalıdır. İqtisadi rifah, dayanaqlı sülh ön plana çıxmalıdır. Bunun kökü həm də BMT-də islahatlardan keçir”.
Səxavət Məmməd