BMT məhkəməsindən GÖZLƏNİLƏN ƏDALƏT: “Ermənilər bu fiaskoya baxmayaraq yenə də…” – ŞƏRH

“Beynəlxalq təşkilatlar ikili standartlara deyil, obyektivliyə əsaslandıqda ədalətli qərarlar verə bilirlər”.

Bu fikirləri BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Azərbaycana qarşı “müharibə məhbuslarının dərhal geri qaytarılması”, Hərbi Qənimətlər Parkının bağlanması və Azərbaycan tərəfindən guya törədilmiş “müharibə cinayətləri”nin araşdırılmasına dair iddialarını təmin etməməsinə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, ermənilərin beynəlxalq hüquq müstəvisində növbəti cəhdlərini də boşa çıxarmaq üçün bu istiqamətdə fəallığı qətiyyən azaltmaq olmaz:

“BMT-nin Ədalət Məhkəməsinin Ermənistanın Azərbaycana qarşı əsassız iddiasını rədd etməsi, həqiqətən də, ölkəmiz adına çox ciddi hadisədir. Bir çox beynəlxalq təşkilatların Azərbaycana münasibətdə qeyri-obyektiv və qeyri-adekvat mövqe sərgilədiyini nəzərə aldıqda bu hadisənin əhəmiyyəti daha qabarıq görünür.

Bu həm də onu deməyə əsas verir ki, Azərbaycan 44 günlük müharibə yekunlaşdıqdan sonra Ermənistannın bizim əleyhimizə bu cür iddalar qaldıracağına şübhə etmədiyi üçün onların mövqeyinin əsassızlığını isbatlayacaq faktları zamanında hazırlayaraq məhkəməyə təqdim edib.

Hər halda, digər beynəlxalq təşkilatlarla müqayisədə tamamilə fərqli statusa malik olan BMT məhkəməsinin ermənilərin boş iddialarını heçə çıxaran təkzibolunmaz faktları inkar etməsi mümkün deyildi. Ona görə də, ermənilərin Azərbaycana qarşı məlum iddialarının rədd edilməsi təbiidir.

Bu həm də o anlama gəlir ki, beynəlxalq təşkilatlar ikili standartlara deyil, obyektivliyə əsaslandıqda ədalətli qərarlar verə bilirlər. Fikrimcə, BMT məhkəməsindəki fiaskoya baxmayaraq, Ermənistan analoji iddialarını davam etdirəcək. Onların növbəti cəhdlərini də boşa çıxarmaq üçün bu istiqamətdə fəallığı qətiyyən azaltmaq olmaz”.

A.Zeynalov