BMT-nin baş katibi dünyaya səsləndi: “Əgər 2022-ci ili hər kəs üçün bərpa ili edə bilsək…”

BMT-nin baş katibi Antonio Quterreşin Yeni İl münasibətilə müraciəti yayımlanıb.

Yenicag.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Yeni İl müraciətində bəşəriyyətin üzləşdiyi sınaqları əxlaq və real həyat sınaqları adlandırıb:

“Dünya 2022-ci ili gələcəyə olan ümidlərimizin sınağa çəkildiyi bir dönəmdə qarşılayır. Yoxsulluq artır və bərabərsizlik daha da dərinləşir. COVID-19 əleyhinə peyvəndlər qeyri-bərabər paylanır.

İqlimlə bağlı öhdəliklər yerinə yetirilmir. Münaqişələr, parçalanma və yanlış məlumatların yayılması hələ də davam edir. Bunlar təkcə siyasətlə bağlı sınaqlar deyil. Bunlar əxlaq və real həyat sınaqlarıdır.

Və bunlar bəşəriyyətin aşa biləcəyi sınaqlardır – Əgər 2022-ci ili hər kəs üçün bərpa ili edə bilsək:

Hər yerdə hər kəsi peyvənd etmək üçün ciddi bir planla pandemiyadan bərpa olunmaqla.

Varlı ölkələrin inkişaf etməkdə olan ölkələrə maliyyə, sərmayə və borcların azaldılması ilə bağlı yardımı ilə iqtisadiyyatımızı bərpa etməklə.

Elmə, faktlara və məntiqə əsaslanan yeni yanaşma ilə inamsızlığa və bölücülüyə son qoymaqla.

Dialoq, güzəşt və barış ruhunun yenilənməsi ilə münaqişələrin fəsadlarını aradan qaldırmaqla.

Habelə iqlim böhranının miqyası və aktuallığına uyğun öhdəliklər götürməklə planetimizi bərpa etməklə.

Böyük çətinliklər həm də böyük fürsətlər zamanıdır.

Həmrəy olub bir araya gəlmək üçün. Hər kəsə faydalı olacaq həll yolları naminə birləşmək üçün. Bəşəriyyətin əldə edə biləcəyi nailiyyətlərə ümid edərək, birlikdə irəliyə getmək üçün.

Gəlin, bərpa prosesini 2022-ci ilin əsas məqsədi elan edək. İnsanlarımız, planetimiz və firavanlığımız üçün. Hamınıza xoşbəxt və dinc Yeni il arzulayıram”.