Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) patrulu ölkənin cənubunda atəşə tutulub.
Yenicag.az-ın xəbərinə görə, bu barədə onların “Telegram” kanalındakı məlumatda bildirilir.
“Dünən günorta fransız və fin sülhməramlılarından ibarət UNIFIL Bedias kəndində xidmətlərini yerinə yetirərkən azı bir silahlının olduğu qrup “mavi dəbilqəlilər”in sərbəst hərəkət etməsinə mane olmağa çalışıb. Patrul maneəni keçərək planlaşdırılmış marşrut üzrə hərəkəti davam etdirməyə nail olub. Təxminən bir saat sonra patrul Maarake kəndini keçəndə ona atəş açılıb. Ehtimal edilir ki, qanunsuz qruplaşmaların üzvləri tərəfindən 40-a yaxın atəş açılıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, bəzi patrul avtomaşınlarında güllə dəlikləri aşkar edilsə də, sülhməramlılar xəsarət almayıb. Onlar dərhal hadisə barədə Livan Ordusuna məlumat veriblər./Report/