BMT-nin “özünütəsdiq” CƏHDİ: “Bu qurumun belə bir məsələni müzakirə etməyə mənəvi haqqı…” – RƏY

“Böyük dövlətlərin daimi üzvlüyünü mənimsədiyi bir qurum həmin qətnamələri vecinə almayan Ermənistana heç bir təpki göstərmədi”.

Bu fikirləri Laçın yolundakı vəziyyətin müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasında avqustun 16-na iclas təyin olunmasını dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, sözügedən toplantıda qəbul ediləcək qərarın məzmunundan asılı olmayaraq, BMT-nin həmin məsələni müzakirəyə çıxarmağa mənəvi haqqı yoxdur:

“Laçın yolunda yaranmış vəziyyətin BMT Təhlükəsizlik Şurasının gündəminə gətirilməsi absurd addımdır. Hər halda, bu, nizamlama prosesini və Azərbaycanla sülh müqaviləsinin imzalanmasını uzatmağa çalışan Ermənistanın və onu dəstəkləyən ölkələrin növbəti avantürasıdır.

Ümumiyyətlə, bu məsələnin BMT-nin müzakirəsinə çıxarılmasının heç bir əsası yoxdur. Çünki Azərbaycan öz ərazisində məqbul saydığı istənilən işi reallaşdırmaq hüququna malikdir. Ermənilər bütün dünyada nə qədər şüvən salsalar da, Laçın yolunun bağlı olması və Qarabağ erməniləri üçün guya “humanitar fəlakət” təhlükəsinin yaranmasına dair iddialar tamamilə əsassızdır.

İrəvanın təxribat xarakterli bu gedişinin məqsədləri aydındır. Burada daha çox maraq doğuran məqam BMT Təhlükəsizlik Şurasının daimi və keçici üzvlərinin İrəvanın məlum təşəbbüsünə belə operativ reaksiya vermələridir. Ona görə də burada Təhlükəsizlik Şurasında 1993-cü ildə qəbul olunan və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini boşaltmasını nəzərdə tutan dörd qətnaməsinin az qala otuz il ərzində kağız üzərində qaldığını xatırlatmaq lazım gəlir.

Təsəvvür edin, böyük dövlətlərin daimi üzvlüyünü mənimsədiyi bir qurum həmin qətnamələri vecinə almayan Ermənistana heç bir təpki göstərmədi. Əksinə, onun işğalçılıq siyasətini stimullaşdırmaqla məşğul oldular. İndi isə “biz də varıq” deyərək, ermənilərin “blokada” blefinin ardınca düşüblər. Təhlükəsizlik Şurasının iclasında hansı qərarın qəbul edilməsindən asılı olmayaraq, bu qurumun belə bir məsələni müzakirəyə çıxarmağa mənəvi haqqı yoxdur”.

A.Zeynalov