Şimali Koreyanın ərzaq və tibbi preparat çatışmazlığından əziyyət çəkən insanlara dəstək vermək üçün 120 milyon dollar təcili humanitar yardım ayrılmalıdır.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu çağırış BMT-nin Pxenyandakı əlaqələndiricisinin rəsmi bəyanatında bildirilib.
Hazırda KXDR-in 25 milyon əhalisi var. Əhalinin təxminən 11 milyonu ərzaq, içməli su çatışmazlığından əziyyət çəkir. Xroniki aclıq səbəbindən hər 5 uşaqdan biri fiziki problemlərlə üzləşir. Bu, səhiyyə sahəsinin məhdud imkanları və təhlükəsiz içməli suyun çatışmazlığı, həmçinin sanitar-gigiyenik xidmətlərin pis vəziyyətdə olması ilə birlikdə uşaqların xəstəlik səbəbindən tələfolma risklərini artırır.
Beynəlxalq təşkilatların məlumatına görə, 2018-ci ildə KXDR-də istehsal olunan qida məhsullarının həcmi son 10 ildə ən aşağı səviyyəyə düşüb ki, bu da ərzaq məhsullarının ciddi qıtlığına səbəb olub.
KXDR 2017-ci ilin dekabr ayından BMT Təhlükəsizlik Şurasının sərt sanksiyalarına məruz qalıb. Sanksiyalar respublikanın xarici ölkələrlə ticarətini xeyli məhdudlaşdırır və ölkəyə gətirilən qida məhsullarının kəskin azalmasına səbəb olur./AZƏRTAC/