BMT: “Qlobal didərginlik rekord həddə çatdı”

Evlərini tərk etməyə məcbur olmuş insanların sayı son on il ərzində hər il artıb və rekordların dayanmadan yenilənməsi başlayandan bəri ən yüksək səviyyədədir, bu tendensiyanı yalnız sülhyaratma istiqamətində yeni, uzlaşdırılmış səylər geriyə doğru döndərə bilər.

Yenicag.az xəbər verir ki, bu, BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK-ın yaydığı məlumatda yer alıb.

BMT QAK-ın Qlobal tendensiyalara dair illik hesabatına əsasən, 2021-ci ilin sonunadək müharibə, zorakılıq, təqib və insan hüquqlarının pozulması nəticəsində didərgin düşənlərin sayı 89,3 milyon nəfər təşkil edib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 8 faiz çox, 10 il əvvəlki rəqəmdən isə iki dəfə çoxdur. O vaxtdan bəri Rusiyanın Ukraynaya təcavüzü (bu, İkinci dünya müharibəsindən sonra ən sürətli və ən geniş didərginlik böhranlarından birinə səbəb olub) və Afrikadan tutmuş Əfqanıstana və digər ölkələrə qədər baş vermiş digər fövqəladə hallar bu rəqəmi 100 milyonluq dramatik həddə çatdırıb.

“Son onillikdə bu rəqəmlər hər il artıb”, – deyə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib. “Ya beynəlxalq ictimaiyyət bu insan faciəsini aradan qaldırmaq, münaqişələri həll etmək və uzunmüddətli həll yollarını tapmaq üçün tədbirlər görməkdən ötrü bir araya gələcək, ya da bu dəhşətli tendensiya davam edəcək”.

Ötən il şiddətlənən münaqişələrin və alovlanan yeni münaqişələrin sayı ilə əlamətdar olub; Dünya Bankının məlumatına görə, ümumi əhalisi 850 milyon olan 23 ölkə şiddətlilik dərəcəsi orta və ya yüksək olan münaqişələrlə üzləşib. Bu arada ərzaq qıtlığı, inflyasiya və iqlim böhranı insanların çətinliklərini daha da artırır, humanitar reaksiyaları çətinləşdirir, eyni zamanda bir çox hallarda maliyyələşdirmə perspektivləri qənaətbəxş olmur.

2021-ci ildə qaçqınların sayı 27,1 milyon nəfərə yüksəlib. Digər ölkələrlə yanaşı, Uqanda, Çad və Sudandan gələnlərin sayı artıb. Qaçqınların çoxunu yenə də resursları az olan qonşu ölkələr qəbul ediblər. Sığınacaq axtaranların sayı 11 faiz artaraq 4,6 milyon nəfərə çatıb.

Ötən il həmçinin münaqişələr nəticəsində ölkələri daxilində didərgin düşmüş insanların sayı 53,2 milyona yüksələrək ardıcıl 15-ci illik artım müşahidə edilib. Artımın səbəbi bəzi yerlərdə, məsələn, Myanmada artan zorakılıq və ya münaqişələr olub. Efiopiyanın Tıqray və digər bölgələrindəki münaqişələr milyonlarla insanın ölkə daxilində yerdəyişməsinə səbəb olub. Saheldəki üsyanlar xüsusən Burkina-Faso və Çadda yeni ölkədaxili yerdəyişmələrə səbəb olub.

Didərginliyin sürəti və həcmi köçkünlər üçün qayıdış, başqa yerdə məskunlaşma və ya yerli əhaliyə inteqrasiya kimi həll yollarının əlçatanlığını hələ də üstələyir. Bununla belə, Qlobal tendensiyalara dair hesabatda ümid işartıları da var. Qaçqınların və məcburi köçkünlərin qayıdışlarının sayı 2021-ci ildə artaraq COVID-19-dan əvvəlki səviyyəyə qayıdıb, könüllü repatriasiya halları isə 71 faiz artıb, hərçənd ki, rəqəmlər o qədər də yüksək deyil.

“Baxmayaraq ki dəhşətli yeni qaçqınlıq situasiyalarının şahidi oluruq və mövcud situasiyalar yenidən alovlanır və ya həll olunmamış qalır, ölkələrin və icmaların didərginlər üçün həll yollarını tapmaqdan ötrü birlikdə çalışdığına dair də nümunələr var”, – deyə Qrandi əlavə edib. “Bu, ayrı-ayrı yerlərdə baş verir (Fil Dişi Sahilindən olanların repatriasiyası üçün regional əməkdaşlıq buna misaldır), lakin bu mühüm qərarların digər yerlərdə də təkrarlanması və ya genişləndirilməsi lazımdır”.

2021-ci ildə vətəndaşlığı olmayan şəxslərin təxmini sayı bir qədər artsa da, təxminən 81.200 nəfər vətəndaşlıq əldə edib və ya vətəndaşlığı təsdiqlənib ki, bu da 2014-cü ildə BMT QAK-ın “IBelong” kampaniyasının başlanmasından bəri vətəndaşsızlıq hallarının azaldılmasında ən böyük göstəricidir.