“BMT Baş Assambleyasının eyni gündə Rusiya-Ukrayna müharibəsi ilə bağlı iki fərqli qətnamə qəbul etməsi proseslərin inkişaf dinamikası ilə bağlı konkret proqnoz səsləndirməyə imkan vermir”.
Bunu Yenicag.az-la söhbətində Ədalət, Hüquq və Demokratiya Partiyasının (ƏHDP) sədr müavini, Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Millət vəkili Ukrayna danışıqları prosesində cərəyan edən hadisələrə, o cümlədən proseslərdə Türkiyə və Avropa İttifaqının göstərdiyi yanaşmalara münasibət bildirib.
E. Mirzəbəyli xatırladıb ki, qətnamələrdən birində – Ukrayna və Avropa İttifaqının BMT Baş Assambleyasına təqdim olunan sənəddə “Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən öz qoşunlarını tez bir zamanda çıxarması və hərbi əməliyyatları dayandırması” tələb olunduğu halda, ABŞ-nin təqdimatı ilə qəbul edilən qətnamədə Rusiya qoşunlarının Ukrayna ərazilərindən çıxarılmasından, Ukraynanın ərazi bütövlüyünün bərpa olunmasından söz açılmır, hərbi müdaxilə pislənilmir, Rusiya-Ukrayna müharibəsi “münaqişə” adlandırılır və sadəcə hərbi əməliyyatların dayandırılması zəruri hesab edilir.
Onun sözlərinə görə, ən önəmli məqamlardan biri hərbi əməliyyatların başladığı vaxtdan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurası tərəfindən Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamənin qəbul edilməsidir:
“Sülhə aparan yol” (The Path to Peace – red.) adlanan bu qətnamə də ABŞ tərəfindən hazırlanıb və burada da Rusiya “təcavüzkar” adlandırılmır. Sadəcə müharibənin tez bir zamanda nəticələnməsinə çağırış edilir. Diqqətçəkən məqamlardan biri də Rusiyaya münasibətdə ABŞ-nin yeni administrasiyasından tamamilə fərqli mövqe tutan BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən Fransa və Böyük Britaniyanın sənədin qəbuluna imkan vermələri, veto hüquqlarından istifadə etməmələridir. Zənnimcə, BMT Təhlükəsizlik Şurasının son qətnaməsi artıq Fransanın timsalında Avropa İttifaqının və Böyük Britaniyanın Ağ Evin hazırkı mövqeyi ilə barışması və faktiki olaraq, Ukraynanın de-fakto kapitulyasiyasının qəbul edilməsi kimi dəyərləndirilə bilər. “Sülhə aparan yol” qətnaməsinin həqiqətən də tərəfləri sülhə aparıb-aparmayacağını, hələlik söyləmək çətin olsa da, Ukrayna məsələsi ilə bağlı yekun yanaşmanın əldə edildiyini iddia etmək olar”.
ƏHDP funksionerinin qənaətinə görə, bu o deməkdir ki, Avropa İttifaqı onu BMT Təhlükəsizlik Şurasında təmsil edən Fransanın timsalında Rusiya-Ukrayna müharibəsinin, faktiki olaraq, Moskvanın şərtləri çərçivəsində dayandırılması reallığı ilə barışmaq məcburiyyətində qalıblar.
“Türkiyəyə gəldikdə isə, Ukrayna istisna olmaqla, hələlik qardaş ölkənin bu prosesdə hər hansı bir rol ala biləcəyi barədə danışılmır. Ukrayna prezidentinin bəyanatlarında isə diqqət daha çox Türkiyənin hərbi potensialına yönləndirilir və bu ölkənin NATO-da ikinci ən böyük orduya sahib olduğu vurğulanır. Amma bəlli olduğu kimi, Zelenski Ukrayna parlamentinin etimadını qazansa da, Rusiya ilə danışıqlar prosesində onun irəli sürdüyü şərt və tələblər hələlik müzakirə olunmur. Ola bilsin ki, hansısa mərhələdə Türkiyə də prosesə qoşulsun. Təbii ki, burada Rusiyanın mövqeyi, çox güman ki, həlledici olacaq. Əgər Türkiyə-Rusiya münasibətlərinin mövcud səviyyəsi nəzərə alınarsa, o zaman qardaş ölkənin, danışıqların hansısa mərhələsində prosesə qoşulacağı və yaxud gələcəkdə Ukraynanın təhlükəsizliyi ilə bağlı aparılacaq danışıqlarda iştirak edəcəyi gözləniləndir”, – deyə millət vəkili fikirlərini tamamlayıb.
Rafi Müslümov